Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:40

Rəsul Cəfərovun məhkəməsində zərər çəkməyən «zərərçəkənlər»


Rəsul Cəfərov AŞPA-da

Rəsul Cəfərov AŞPA-da

-

«Mənə qarşı irəli sürülən ittihamlar üzrə özümü təqsirli bilmirəm. İttihamlar qanunsuz və əsassızdır».

Bunu hüquq müdafiəçisi Rəsul Cəfərov növbəti məhkəmə prosesində deyib. Proses fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Rəsul Cəfərov özünü təqsirli bilmədiyinə və bəzi ittihamların ümumiyyətlə, ona aydın olmadığına görə prosesin hazırkı mərhələsində ifadə verməkdən imtina edib.

Proses zərərçəkənlərin ifadəsi ilə davam edib. Anar Cəbiyev (Nağılbaz), Seymur Verdizadə bildiriblər ki, onlar zərərçəkən deyillər. Digər zərərçəkən Əhməd Heybətov istintaq zamanı ifadə verərkən müstəntiqin psixoloji təzyiqinə məruz qalmasından danışıb.

«QRANT VƏSAİTLƏRİ TƏYİNATI ÜZRƏ XƏRCLƏNİB»​

Prosesdə Rəsul Cəfərovun istintaq zamanı həm şahid, həm də təqsirləndirilən şəxs kimi verdiyi ifadələr elan olunub. Həmin ifadələrdə Rəsul Cəfərov bildirib ki, sədri olduğu İnsan Haqları Klubu Ədliyyə Nazirliyinə müraciət etsə də, onun qeydiyyata alınmasından imtina olunub. Sonradan bununla bağlı məhkəməyə də müraciət edilib, amma müsbət həllini tapmayıb. Bu səbəbdən Rəsul Cəfərov qrant müqavilələrindən və digər ödəmələrdən hüquqi deyil, fiziki şəxs kimi vergi ödədiyini bildirib. Rəsul Cəfərov ona qarşı vergidən yayınma, qanunsuz fəaliyyət, vəsaitləri mənimsəmə kimi ittihamları əsassız sayıb. Bildirib ki, həbsi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.

İstintaq materiallarında Rəsul Cəfərovun 195 min manat məbləğində qrant müqavilələri imzaladığı əksini tapıb. Dövlət ittihamçısının suallarını cavablandırarkən Rəsul Cəfərov bu məbləğin bir qədər artırıldığını və heç də hamısının qrant vəsaiti olmadığını, həm də ianə və səfər, digər xərclər kimi bank hesabına köçürüldüyünü qeyd edib. O, söyləyib ki, bununla bağlı sənədlərin bir qismini istintaq orqanına, bir qismini də məhkəməyə təqdim edib.
Rəsul Cəfərov bütün vəsaitlərin təyinatı üzrə xərcləndiyini və görülən işlərin mətbuatda işıqlandırıldığını vurğulayıb.

«ZƏRƏRÇƏKƏN DEYİLƏM»​

Repçi Anar Nağılbaz

Repçi Anar Nağılbaz

Daha sonra prosesdə zərərçəkən Anar Cəbiyev (Anar Nağılbaz) ifadə verib. Bildirib ki, Rəsul Cəfərovla bir layihə çərçivəsində iş görüb:

«Seçiciləri seçkiyə çağıran, ruhlandıran bir klip hazırlamışam və buna görə haqqımı almışam. Birinci dəfə istintaqa şahid kimi çağırılmışam. O zaman məndən nə qədər məbləğ aldığımı soruşdular. Mənim dəqiq yadımda deyildi. Dedilər ki, bu, formal xarakter daşıyır, Rəsulun işində heç bir rol oynamır. Mən də bir məbləğ dedim, sonradan evdəki kitabçama baxıb məbləğin bir qədər fərqli olduğunu gördüm».

Ziddiyyət təşkil etdiyinə görə prosesdə Anar Cəbiyevin istintaqa verdiyi ifadə də elan olunub. Bəlli olub ki, Anar Cəbiyev istintaqda 1720 manat aldığını deyib, əslində isə 1200 manat əmək haqqı alıb. Anar Cəbiyev bununla bağlı sonradan istintaq idarəsinə məktub yazdığını bildirib, bu işdə özünü zərərçəkən saymayıb.

ZƏRƏRÇƏKƏN MÜSTƏNTİQİN PSİXOLOJİ TƏZYİQİNDƏN DANIŞDI

Arxiv fotosu

Arxiv fotosu

Daha sonra digər zərərçəkən Seymur Verdizadə ifadə verib. Bildirib ki, Rəsul Cəfərovu şəxsən tanımayıb, layihələrdən birinə ümumi tanışları Ülvi Həsənlinin təklifi ilə qoşulub. Gördüyü işə görə 150 manat vəsait alıb, amma 200 manat aldığına dair mədaxil qəbzinə imza atıb. Sonradan Ülvi Həsənli ona qalan 50 manatı da təklif edib, amma o, könüllü olaraq bundan imtina edib. Seymur Verdizadə də özünü zərərçəkən hesab etmədiyini deyib.

Digər zərərçəkən Əhməd Heybətov istintaq zamanı ifadə verərkən müstəntiqin psixoloji təzyiqinə məruz qalmasından danışıb. İstintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasındakı ziddiyyəti də bununla izah edib. Əhməd Heybətov da özünü zərərçəkən saymayıb.

Məhkəmə prosesi fevralın 24-də davam edəcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG