Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Siyavuş Novruzov: «Bu dialoq mütəmadi xarakter alacaq»


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov fevral 12-də Prezident Administrasiyası rəsmisinin müxalifət partiyaları ilə görüşünü tədqirəlayiq hesab edir.

O, Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda qeydiyyatdan keçən bütün siyasi partiyalar bu dialoqa dəvətlidir:

«Dialoq Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, həmçinin Yeni Azərbaycan Partiyası Dialoq və siyasi partiyalarla əlaqələr üzrə komissiyasının sədri, İdarə Heyətinin üzvü Əli Həsənov tərəfindən aparılacaq».

Deputat bütün siyasi partiyalarla birlikdə fikir mübadiləsi aparılacağını söyləyib:

«İlk olaraq parlamentdə təmsil olunan siyasi partiyalarla görüş keçirildi, müxtəlif məsələlər müzakirə edildi. Sonra qeydiyyatdan keçən bir qrup siyasi partiya ilə görüş keçirildi. Bu mərhələdə isə bütün qeydiyyatdan keçmiş siyasi partiyalar görüşə dəvətlidirlər. Müəyyən fikir mübadiləsi aparılacaq, irəli sürülən təkliflər təhlil ediləcək. Bunlardan hansı məqbul hesab olunacaqsa, bugünkü reallığa cavab verəcəksə, onların tətbiqi ilə bağlı müxtəlif addımların atlıması haqqında müzakirələr aparılıacaq».

S.Novruzov əlavə edib ki, hökumət siyasi partiyalarla dialoq istiqamətində lazım olan addımları atır:

«Vaxtilə ATƏT və yaxud Avropa Şurasının hər hansı qurumu belə görüşlər təşkil edirdi. Lakin indi bunların heç birinə ehtiyac yoxdur. Çünki siyasi partiyalar Azərbaycanda fəaliyyət göstərir və bu məsələdə heç bir xarici təşkilatın iştirakı olmadan Azərbaycanda olan siyasi partiyalar yığışıb siyasi partiyalar və ictimai-siyasi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparırlar».

Deputat hesab edir ki, hər hansı bir partiyada qərəz yoxdursa, hər hansı bir partiya bu məsələyə öz şəxsi prizmasından baxmırsa, ümumdövlət, ümumxalq maraqlarından baxırsa, deməli, bu partiyaların hamısı orada iştirak edəcək və beləliklə, bu dialoq mütəmadi xarakter alacaq.

Fevralın 12-də Prezident Administrasiyasında şöbə müdiri Əli Həsənov partiyalarla görüşməlidir. Bununla bağlı artıq dəvətnamələr də göndərilib. ​

XS
SM
MD
LG