Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:00

Səttar Bəhlulzadənin naməlum əsərləri


Ziyadxan Əliyevlə söhbət, 19 oktyabr 2006
Ziyadxan Əliyevlə söhbət, 19 oktyabr 2006
Sual: Nədən kitaba «Naməlum Səttar» adını seçdiniz? Yəni Səttar Bəhlulzadə yetərincə tanınıb-bilinmirmi?

Cavab: Kitabın adını mən seçməmişəm. Səttar Bəhlulzadə yaradıcılığının vurğunu, onun əsərlərindən ibarət kolleksiya sahiblərindən biri-həkim Qabil Əliyev həmin adı verib və «naməlum» deyərkən, rəssamın gənclik illərində çəkdiyi qrafika işlərini nəzərdə tutub. Həmin əsərlər, doğrudan da, geniş ictimaiyyətə ilk dəfə açıqlanır. Mənsə yalnız kitabın mətnini yazmışam.


Sual: Ünlü ispan rəssamı Dieqo de Silva Velaskesin Londonda sərgisinə biletlər öncədən satılıb qurtarıb. Biletlərin qiyməti 12 funt sterlinq, yəni azı 20 yeni manat olub. Səttar Bəhlulzadənin sərgisi bənzər maraq oyada bilərmi?


Cavab: Bizdən ötrü üz qarasıdır ki, Səttar Bəhlulzadəni yetərincə tanıda bilməmişik. Bunun üçün sərgilər təşkil etmək, filmlər çəkmək, kitablar, bukletlər buraxmaq vacibdir. 2 film çəkilib, o sıradan Anarın ssenarisi əsasında çəkilən sənədli filmi misal göstərə bilərəm, ancaq, avropalılar bundan xəbərsizdir. Özümüz öz sənətçimizi dərindən tanısaq, daha sonralar avropalıların, ümumən beynəlxalq ictimaiyyətin tanımasından söz aça bilərik. Qərbdə əsl sənəti dəyərləndirməyi bacarırlar. İnanıram ki, Səttar Bəhlulzadə də günün birində sənət tarixində öz layiqli yerini tutacaq.



«Səttarın əsərləri də, xarakteri də Azərbaycan təbiəti kimi lirik, yumşaq və şairanədir»
Sual:«Naməlum Səttar»ın hansı özəlliyi bildiyimiz Səttardan fərqlənir?

Cavab: Vaxtilə amerikalı rəssam Anton Refrejyen demişdi ki, Səttarın əsərləri də, xarakteri də Azərbaycan təbiəti kimi lirik, yumşaq və şairanədir. Bu baxımdan naməlumluq yoxdur. Ancaq, rəssamın indiyədək bilinməyən əsərləri çoxdur. «Naməlum Səttar» kitabında xeyli bilinməyən rəsmin reproduksiyaları verilib. Bildiyiniz kimi, Səttar Bəhlulzadə çox əliaçıq adam olub, rast gəldiyi adama öz rəsmlərini bağışlayıb. 1974-cü ildə-onun ölümündən sonra Rəssamlar İttifaqı adından elan edildi ki, kimdə onun əsərləri varsa, ölçüsünü, adını yazıb bildirsin. Di gəl, həmin dövrdə şayiə buraxdılar ki, hökumət Səttarın əsərlərini yığmaq istəyir. Ona görə sözügedən elan heç bir uğur gətirmədi. İndi çox yaxşı ki, həkim Qabil Əliyev şəxsi kolleksiyasını «Naməlum Səttar» kitabı vasitəsilə ictimaiyyətə açıqlamaq qərarına gəlib.


Sual: Ziyadxan bəy, kitabın materiallarını necə topladınız? Bəhlulzadə sənətinin heyranları sizə yardımçı oldumu?


Cavab: Kitab bütünlüklə doktor Qabil Əliyevin təşəbbüsüdür və onun şəxsi vəsaiti ilə çapdan çıxıb. Ümid edirik ki, bəlkə başqa kolleksiyaçılar da Qabil bəydən örnək götürərək Səttarın onlarda olan əsərlərini ictimaiyyətə açıqlamaq qərarına gələcəklər.


Sual: Kimə ünvanlanıb «Naməlum Səttar»? İngilis və rus dillərindəki mətni əsas götürsək, bəlkə avropalılara?


Cavab: Kitab buraxılmazdan öncə çox götür-qoy etdik ki, onu hansı dillərdə buraxaq. Qərar göz önündədir. Bakıya xaricilərin böyük axını var. Rəsmlər, çox güman, onların diqqətini çəkəcək və beləcə, Səttar Bəhlulzadə haqqında, az da olsa, məlumat toplaya biləcəklər. Avropalıların onu tanıması üçün hələ çox iş görməliyik.


Sual: Kimlərə göndərildi? Tələbat varmı həmin kitaba? Arzulayanlar haradan tapa bilər?


Cavab: Hələ tanıtma mərasimi olmayıb. Qabil Əliyev tezliklə bu mərasimi gerçəkləşdirəcək. Əsas kitabxanalara «Naməlum Səttar»dan pay düşəcək. Təqdimat mərasiminə, yəqin ki, səfirliklərin nümayəndələri də çağırılacaq. Kitaba tələbat var. Mətbuatda xəbər çıxan kimi, zəng edib maraqlanırlar. Ancaq «Naməlum Səttar» satışa çıxarılmayacaq, Azərbaycanın və imkan olsa, xarici ölkələrin kitabxanalarına göndəriləcək.


Sual: Nəhayət son sual: «Naməlum Səttar» haçan Məlum Səttara çevriləcək?


Cavab: Kimin evində Səttarın əsərlərinin orijinalı varsa, məlumat versə, əsərləri toplanıb araşdırılsa, yeni kitablar buraxılsa, filmlər çəkilsə, sərgilər təşkil edilsə, «Məlum Səttar» bilinməyən, məchul qalan Səttarı üstələyəcək.


XS
SM
MD
LG