Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:56

-

Hamilə qadınların çoxu övladını dünyaya gətirməyə belə hazırlaşır – körpəsinə çarpayı, əlavə döşlüklər, çoxlu bez alır, xəstəxanaya tədarük görür. Ancaq çinli hamilə qadınlar üçün bu siyahıya ABŞ-a təyyarə bileti almaq da daxildir. Bunu CNN.com yazır.

PUL YIĞ, AMERİKADA DOĞ

27 yaşlı Felicia He bir neçə min dollar xərcləyib və Kaliforniyada doğmaq məqsədilə təyyarəyə minib.

«Üç ayım bitən kimi səfərə hazırlaşmağa başladım. ABŞ-da ana olmuş rəfiqələrimdən həkim soraqladım, bir neçə ay qalmağa yer tapdım və təyyarə biletimi aldım».

ABŞ torpağında doğulan uşaqlara Amerika vətəndaşlığı verilir. Çinli qadınları yoldan çıxaran da bu qaydadır. 2012-ci ildə 10 minədək çinli övladını ABŞ-da dünyaya gətirib. 2008-ci ildə bu rəqəm 4 min 200 idi. Xəbəri Çinin dövlət mediası yayıb.

Amerikalı körpənin xarici pasportu ailələrdən çoxuna imkan verir ki, ölkədə artan çirklənmə, ərzaq təhlükəsizlik problemlərindən usanan kimi Çindən çıxa bilsinlər. Üstəlik, prezident Xi Jinping-in antikorrupsiya kampaniyası varlı çinliləri lap boğaza yığıb.

YAXŞI TƏHSİL

«Ölkədə iqtisadi və siyasi qeyri-müəyyənlik yaranırsa, uşaqların getməyə yeri olacaq», - Kaliforniya Universitetinin professoru Leti Volpp deyir. «Uşaqlar 21 yaşına çatanda, valideynlərinin sponsoruna da çevrilirlər».

Çindən çıxmağı özəlliklə varlılar istəyir. Bankda 10 milyon yuandan (1.6 milyon dollar) çox pulu olanların 2/3-si mühacirət edib, yaxud da bunu planlaşdırır.

Ötən il övladını dünyaya gətirmiş He-nin körpəsi üçün isə ABŞ pasportu daha yaxşı təhsil imkanları deməkdir. Xarici status Pekində beynəlxalq məktəblərə eksklüziv qapıları açır. He əri ilə Pekində yaşayır. Övladı istəsə, orta məktəbi və ya kolleci xaricdə də oxuya biləcək.

Nyu-Yorkda çinlilər məhəlləsi

Nyu-Yorkda çinlilər məhəlləsi

Miao kimi çinlilər isə Çinin bir uşaq siyasətinə tabe olmaq istəmirlər. Qaydalar bir az yumşalsa da, heç də hamıya çox uşağa sahib olmaq icazəsi verilmir.

AGENTLİK VƏ «ANALIQ OTELLƏRİ»

Miao deyir ki, ikinci uşağını ABŞ-da doğmaq üçün 30 min dollaradək xərcə düşüb. He kimi o da qızını elə ibtidai sinifdən Birləşmiş Ştatlara oxumağa göndərməyi planlaşdırır.

Bir agentlik Miao-ya Los Ancelesdə hamilə çinlilərin qaldığı məhəllədə qısamüddətli kirayə ev tapıb. Belə agentliklərin vebsaytları da var, təklif etdikləri doğuş paketlərinə «analıq otelləri» daxildir. Bu otellərdə yaxşı nömrələr, yemək, sürücü, həkim təyinatı və digər xidmətlər var. Yeni doğulan körpənin pasportunun alınması və viza üçün müraciət qaydaları da izah olunur.

Çinli qadınlardan çoxu «Lower 48» ştatlarında ana olur, ancaq Şimali Marian Adaları da məşhurdur. Bu adalar Çinə yaxındır və çinli turistlər üçün vizasız proqram mövcuddur.

KONQRESMEN DİLƏ GƏLİB

Doğuş turizmi o qədər irəliləyib ki, Respublikaçı Konqresmen Gregorio Sablan hökuməti hamilə qadınların axınını məhdudlaşdırmaq üçün nəzarət tədbirləri görməyə çağırıb.

Miao və He Amerikaya mühacirət planlaşdırırlar. Burada yaşayış daha ucuz başa gəlir. Pekinlə müqayisədə ev almaq da ucuzdur.

Bircə əmması odur ki, ABŞ pasportu uşağın sonucda Amerika vergi qanunvericiliyinə tabe olması deməkdir.

«Hələ o qədər uzağı düşünməmişəm. İstənilən halda övladımın 18 yaşını gözləməliyik, elə deyil?» - He deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG