Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:23

Banklar nəhəngi HSBC diktator və silah alverçilərinin pullarını gizlədirmiş


HSBC-nin Cenevrə filialı.

HSBC-nin Cenevrə filialı.

Müştərilərin arasında Azərbaycandan olanlar da var.

Xəbər verilir kİ, 45 ölkədən olan jurnalistlər komandası HSBC-də kriminallara, qaçaqmalçılara, vergidən yayınanlara və məşhurlara aid çox sayda məxfi bank hesabını aşkar edib.

Mətbuata sızmış sənədlər əsasən HSBC-nin İsveçrədəki özəl filialının daxili işinə aiddir və ümumilikdə 100 milyard dolların sirləri üzərindən pərdəni qaldırır.

Bu hadisə həm də də supeməxfi İsveçrə bank sisteminin xəlvətlərinə işıq salıb.

Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumunun (International Consortium of İnvestigative Journalists - İCİJ) Fransanın “Le Monde” qəzeti vasitəsilə ələ keçirdiyi sənədlərdən şübhəli müştərilərin arasında monarx ailələrinin üzvləri, siyasətçilər, Hollivud aktyorları, məşhur futbolçu və tennisçilər, şirkət başçıları, siyasətçilər və neftxuda ailələrin olduğu bəlli olur.

Jurnalist təhqiqatında bildirilir ki, bu faktlat həm də qlobal bank nəhənglərindən birinin simasında potensial baxımdan qanunsuz və qeyri-etik davranışın geniş yayıldığını göstərib.

Məsələn burada açılmış bank hesablarına müharibə zonalarında fəaliyyət göstərən almaz dəllallarının pulları axırmış.

“Naliçka” üçün Cenevrəyə

Sənədlərdən bu da bəlli olub kİ, bəzən müştərilər hesablardan külli miqdarda nəqd pul çıxarmaq üçün Cenevrəyə gəlirmişlər.

Londonda mənzillənən və dünya boyunca 74 ölkədə ofisləri olan HSBC əvvəlcə jurnalistlərin topladıqları məlumatların məhv edilməsinə çalışıb.

Buna nail ola bilmədikdən sonra bank, necə deyərlər, daha nəzakətli tonla yazılmış məktubunda qeyd edir ki, hazırda adı çəkilən qüsurlarla bağlı geniş islahat işi aparır və vergi ödəmələri də daxil narahatlıqları aradan qaldırmağa çalışır.

Məktubda deyilir ki, məhz bütün bu narahatlıqlar nəzərə alınaraq HSBC-nin özəl filialı 2007-ci ildən bəri müştərilərinin sayını 70 faiz azaldıb.

7, 6 trilyon dollarlıq “vergi cənnətləri”

Jurnalistlər komandası yazır ki, ofşor bank sənayesinin pulları və sirləri gizlətməsi nəticəsində dünya boyunca cəmiyyətlər təsirlənir.

Alimlərin təxmini hesablamalarına görə 7, 6 trilyon dollar vəsait ofşor zonalardakı “vergi cənnətlərində” saxlanılır və bu, dövlət xəzinələrinə ildə 200 milyard dollar ziyan vurur.

Fransa iqtisadçısı, “21-ci əsrdə Kapital” kitabının müəllifiThomas Pickety İCİJ-ə müsahibəsində deyib kİ, ofşor bank biznesi ilk növbədə demokratik təsisatlara ağır zərbə vurur.

Alimin fikrincə maliyyə sisteminin qeyri-şəffaflığı artmaqda olan qlobal bərabərsizliyin əsas səbəbidir.

Adamnların böyük əksəriyyəti inkişaf prosesi üçün vacib olan vergilərini ödədiyi halda, ən zəngin və ən gəlirli qruplar çox aşağı faizlərlə vergi ödəyir.

Dünya müştərilərini birləşdirən filial

Təhqiqat hesabatında bildirilir ki, İCİJ-in əlinə keçmiş məxfi sənədlər 2007-ci ilədək sözü gedən filialda hesabları olmuş 100 min nəfərə aiddir. Bu müştərilər 200-dən artıq ölkənin nümayəndələridir.

Bu sənədlər Fransa hökumətinin əldə etdiyi və 2010-cu ildə aidiyyəti üzrə başqa ölkələrin hökumətləri ilə paylaşdığı sənədlərin müəyyən mənada versiyasıdır.

Hesabata əlabə edilmiş cədvəldə ABŞ, İspaniya, İtaliya, Britaniya kimi ölkələrlə yanaşı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Qazaxıstanın da adları var.

Hesabat müəllifləri yazırlar ki, bir çox ölkələrdə ofşor bank hesabı açmaq və saxlamaq tamamilə qanunidir və belə hesaba malik olmaq özlüyündə avtomatik olaraq birbaşa hesab sahibinin qanunsuz əməllərindən xəbər vermir.

Məxfi sənədlərdə adları çıxan bəzi müştərilərin bu və ya digər şəkildə HSBC-nin özəl filialı ilə əlaqəli olduqları qeyd olunur.

Tina Turner-in Azərbaycandan fərqi nədir?

Bunların arasında, məsələn, Tina Turner-in, Hollivud aktyoruJohn Malkovich-in adları var, lakin bu şəxslər jurnalistlərə yazdıqları məktublarda adlarının bu şəkildə üzə çıxmasının izahatını verməyə çalışıblar.

Təhqiqat müəllifləri qeyd edirlər ki, əsas narahatlığı yaradan banklar arasında həyata keçirilmiş köçürmələrdir. Məsələn HSBC-nin ABŞ filialı Səudiyyə Ərəbistanındakı və Banqladeşdəki hesablara pul köçürüb. Bu pulların əl-Qaedanın maliyyələşdirilməsi üçün nəzərdə tutulduğuna dair şübhələr mövcuddur.

Araşdırılan ölkələrdə onlara aid banklarla bağlı materiallar bir çox hallarda İCİJ komandasına təqdim edilib. Lakin hesabata əlavə edilmiş cədvəldə adları çəkilən bir sıra ölkələrin, o cümlədən Azərbaycan da daxil keçmiş sovet respublikalarının belə bir izahat məktubları yazdıqları barədə məlumatlar yoxdur.

“Pul çantaları”

İCİJ müxbirləri Britaniya, Rusiya, Ukrayna, Gürcüstan, Tunis və bir sıra başqa ölkələrdən olan hesab sahiblərinin adlarını müəyyənləşdiriblər.

Qeyd olunur ki, bunlardan bəziləri hökumətlərlə bağlı olan fərdlərdir. Hesabat müəllifləri belə şəxsləri “pul çantası” adlandırırlar.

Məsələn, bu adlardan biri də Rusiya prezidenti Vladimir Putinin yaxın adamlarından sayılan Gennady Timchenkodur.

O hazırda Rusiyaya qarşı Qərb sanksiyalarının siyahısına daxildir.

Bu da bildirlir ki, bu şəxslərdən bəzilərinə qarşı öz ölkələrində oğurluq, mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb. Məsələn, İngiltərənin “Portsmut” futbol klubunun keçmiş sahibi Vladimir Antonov 500 milyon avroluq bank fırıldağı ilə əlaqədar Litvada axtarışdadır.

Sənədlərdə, məsələn Çinin keçmiş baş naziri Li Peng-in qızı Li Xiaolin-nin də adı var.

Ər tərifləyib, arvad tənqid edib

Hesabatda Clinton Fondundan da məlumatlar var. Burada qeyd olunur ki, Kanada biznesmeni Frank Giustra keçmiş ABŞ prezidentinin xeyriyyə fonduna ianə ödəyib. Lakin bu ianədən əvvəl Bill Clinton Giustranı Qazaxıstana səfərində müşaiyət edib.

Bu səfər zamanı Bill Clinton Nursultan Nazarbayevi dəstəkləyən ictimai bəyanatlar verib, halbuki eyni vaxtda onun xanımı Hilary Clinton senator kimi Qazaxıstanda insan haqlarının vəziyyətini tənqid edirdi.

“The Time” jurnalı yazır ki, Bill Clinton-un müşaiyətindən sonra Qazaxıstan Giustranın şirkətinə uran mədənləri ilə bağlı üç dövlət layihəsindən pay verib.

Hesabatda qeyd olunur ki, Fransa hökumətinin paylaşdığı məxfi sənədlərlə bağlı bəzi ölkələrdə təhqiqatalar başlanıbsa da, bir çox ölkələrin belə bir təhqiqata başladıqları barədə məlumatlar yoxdur.

Azərbaycana aid məlumatlar

İCİJ-in mətbuat üçün hazırlanmış hesabatında Azərbaycanın adına sənədə əlavə olunmuş cədvəldə rast gəlirik.

Bu cədvələ əsasən, sənədlərdə HSBC-nin sözügedən filialında Azərbaycandan 14 müştəri olduğu və onların ümumilkdə 17 hesaba malik olduqları başa düşülür. Bankdakı pulun ümumi məbləği 3 milyon 792 min 977 dollar olaraq göstərilir.

Cədvəldən bəlli olur ki, hesablardan yalnız 8-də pul olub və onlardan yalnız 6-sı şəxsi müştərilərə aid imiş.

Bu hesablardan üçünün sahibi olaraq adları çəkilməyən ofşor şirkətlər göstərilir.

Hesabatda Azərbaycana aid məlumatların rəsmi Bakı tərəfindən araşdırıldığını göstərən heç bir məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG