Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:04

Oğurlanıb döyülən ictimai fəal başına gələnləri danışır


"Məni oğurlayıb bir neçə saat ərzində davamlı döydülər"
Gözlə

No media source currently available

0:00 0:04:49 0:00

"Məni oğurlayıb bir neçə saat ərzində davamlı döydülər"

-

"Ən çətini evə qayıtmaq idi. Çünki heç bir taksi saxlamırdı. Üzüm tanınmaz hala salınmışdı, qan içində idi... Marşrut taksiləri də saxlamırdı".

“Çiçəklənən Ermənistan” Partiyasının Siyasi Şurasının üzvü, ötən şənbə Yerevanda oğurlanan və vəhşicəsinə döyülən Artak Khachatryan hazırda xəstəxanadadır.

O, Ermənistanda biznesə qoyulan yeni vergilərə qarşı keçirilən aksiyalarda fəal olub.

Khachatryan başına gələnləri Azadlıq Radiosunun Ermənistan xidmətinin müxbirinə danışıb.

Khachatryan: Məni oğurlayanlar maska taxmışdılar. Qəfildən üstümə atılıb maşına basdılar. Maska geyindirdilər. Maşında olduğumuz vaxt mənim də, onların da üzü maskalı idi.

- Onlar sizə nəsə deyirdilər?

- Elə bir şey demədilər. Bir-biriləri ilə əl hərəkətləri ilə danışırdılar.

Döyəndən sonra məni çöllüyə atdılar. Harda olduğumu bilmirdim. Yoldan ötənlərə yaxınlaşıb soruşanda məlum oldu ki, hardasa 8-ci massivin kənarlarındayam.

Ən çətini evə qayıtmaq idi. Çünki heç bir taksi saxlamırdı. Üzüm tanınmaz hala salınmışdı, qan içində idi... Marşrut taksiləri də saxlamırdı. Piyada xeyli yol qət etməli oldum. Sonra yarıanlaqlı vəziyyətdə bir marşrut taksisini saxlatdırdım.

Artak Khachatrian Yerevanda kiçik sahibkarların yeni vergilərə qarşı aksiyasında çıxış edir, 29 yanvar
Artak Khachatrian Yerevanda kiçik sahibkarların yeni vergilərə qarşı aksiyasında çıxış edir, 29 yanvar

- Kimdən şübhələnirsiniz? Bunu kim edə bilərdi?

- Qara sedan idi. İndi konkret bir şey deyə bilmərəm. Özümün bəzi şübhələrim var, bu barədə sonra danışacam.

- Bu sizin şəxsi münasibətlərinizlə bağlı ola bilərmi?

- Mənim bu cür rezonansa gətirib çıxaracaq şəxsi münasibətlərim yoxdur. Bu daha çox mənim fəaliyyətimlə bağlı ola bilər.

- Bunacan sizi hədələyən, sizə zəng edən olubmu?

- Bunacan şübhələnəsi bir şey olmayıb. Hansısa hədə-filan da olmayıb. Amma fakt budur ki, həmin adamlar mənim hərəkət marşrutumu bilirdilər.

Sizi oğurlayanlara verdiyiniz suallar cavabsız qaldımı?

- Bəli, cavabsız qaldı. Məni təxminən 15 dəqiqə maşınla harasa apardılar. Sonra bir neçə saat ərzində davamlı döydülər.

Sizinlə bu cür davrananlara nə demək istərdiniz?

Khachatryan: Demək istəyirəm ki, bu üsullarla heç kim heç nəyə nail ola bilməz. Düşünmürəm ki, bu, məsələnin həlli yoludur.

- Sağalandan sonra ictimai fəaliyyətinizi davam etdirəcəksinizmi?

- Bəli. Birmənalı olaraq. Özü də daha aktiv şəkildə.

Bu arada Yerevanda bir qrup biznesmen etiraz aksiyasına çıxaraq Artak Khachatryanın döyülməsinin hərətərəfli araşdırılmasını tələb ediblər.

Aksiyaçılar hökumət binasının qarşısından İstintaq Komitəsinin qərargahına yürüş keçiriblər.

“Çiçəklənən Ermənistan”ın rəhbərliyi isə bildirib ki, cinayəti törədənlər tezliklə tapılıb cəzalandırılmasa, bunun məsuliyyəti hakim rejimin üzərinə düşəcək.

XS
SM
MD
LG