Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Polkovnik İsrafilbəyov: «Nazir general Səlimovun qulağına nəsə pıçıldadı…»


Qafqaz İslam Ordusu Şamaxıda - 1918

Qafqaz İslam Ordusu Şamaxıda - 1918

-

AzadlıqRadiosunun virtual-xəyali müsahibi Cümhuriyyət Ordusunun zabiti – polkovnik İsrafil bəy İsrafilbəyovdur. O, 5-ci Bakı piyada alayının komandiri olub. 1920-ci ildə Azərbaycandan mühacirət edən İsrafil bəy bir müddət İran və Misirdə, Hindistan və Türkiyədə yaşayıb. 1923-cü ildə müqavilə əsasında Polşa Silahlı Qüvvələrində xidmətə başlayıb. İkinci Dünya Müharibəsinin iştirakçısıdır. Azərbaycan Legionu tərkibində Sovet İttifaqına qarşı vuruşub. Sovet hərbi tribunalının hökmü ilə 1945-ci ildə güllələnib.

Virtual müsahibə gənc nəslin cümhuriyyət Azərbaycanının xadimlərini – istiqlal və demokratiya mücahidlərini daha dərindən tanımasına yardım məqsədi daşıyır.

AzadlıqRadiosu (AR): Cənab polkovnik, Azərbaycanın sovetləşməsinin canlı şahidi kimi, öncə bu sualı cavablamağınızı istərdik: Cümhuriyyət silahlı qüvvələri rus bolşeviklərinin 11-ci ordusunun önünü niyə kəsə bilmədi? Axı sonradan baş verən Gəncə Qiyamı qırmızıların hərbi gücünün döyüş peşəkarlığına deyil,yalnız say və sursat çoxluğuna əsaslandığını göstərdi…

Polkovnikİsrafilbəyov (P): Ölkə, bölgə və dünyadakı siyasi şəraiti qiymətləndirmək bir hərbçinin işi olmadığından mən o dövrün silahlı güclər nisbətinə dayanacağam. Tam məsuliyyətlə deyirəm: qurduğumuz ordu vaxtında Dağıstan sərhədində cəmləşdirilsəydi, döyüş intizamında ciddiproblemlər yaşayan və pis təşkil olunan 11-ci ordu hissələrinin Azərbaycana ayaq basması mümkün olmazdı…

AR: Belə ötkəm və arxayın cavab üçün hansı danılmaz arqumentləriniz var?

P: Bolşevik istilasından qabaq Azərbaycanın çox gənc, amma Avropa qaydasında təşkil edilmiş 30 minlik ordusu vardı. Bu orduya 8 piyada alayı, 3 əlahiddə piyada batalyonu, 3 atlı alayı, 3 topçu briqadası, atlı dağ divizionu, qısalüləli top divizionu, 2 zirehli qatar, 6 zirehli avtomobil, 2 sürətli sahil-keşikçi gəmisi («Qars» və «Ərdəhan») və 8 hidroplan daxil idi. Üstəlik, birgə müdafiəyə dair dost Gürcüstanla hərbi sazişi də işə salsaydıq, qırmızılar bircə addım da irəliləyə bilməzdilər!..

AR: Elə isə,niyə tam əks nəticə alındı?

P: Azərbaycan Ordusunun böyük zəfərlə başa çatan Lənkəran yürüşündən sonra bolşevik casusları Zəngəzurun, eləcə də Qarabağın erməni sakinləri arasında güclü təbliğata başlamışdılar. Onlar erməniləri Azərbaycan hökumətinə tabe olmamağa və bu ərazilərin cümhuriyyətdən qoparılmasına çalışırdılar. Milli zəmində qarşıdurmanı önləmək və bölücülüyün qarşısını almaq üçün hökumət 1919-cu ilin oktyabrında general D. Şıxlinskinin komandanlığı ilə Qarabağa qoşun göndərmək qərarına gəldi – 1-ciCavanşir piyada alayı, 2-ci Zaqatala piyada alayı, 2-ci Qarabağ atlı alayı və bir topçu bölüyü Qarabağa göndərildi. Silahlı müqavimətin say və mütəşəkkillik dərəcəsi, eləcə də miqyası gözə alınaraq, daha sonra 5-ci Bakı piyada alayı və 3-cü Gəncə piyada alayının bir batalyonu da döyüşlərə qatıldı…

AR: Siz 1919-cu ilin sonlarından danışırsınız, amma sualımız 1920-ci ilin ilk aylarını nəzərdə tutur…

P: Biz Azərbaycan qoşunlarının nədən Qarabağ cəbhəsində cəmləşdirilməsini əsaslandırmadan birbaşa 1920-ci ilə adlaya bilmərik…

AR: O halda, lütfən, öncə deyin görək, 1919-cu ilin sonunda separatçıların silahlı qüvvələri niyə tam zərərsizləşdirilmədi?

P: Çünki Ermənistan hökuməti Qarabağdakı qüvvələrin mühasirəyə düşəcəyini görüb ingilislərin Gürcüstandakı nümayəndəsi mister Shuttleworth-a üz tutdu. Ona vasitəçi olması üçün yalvardı. Shuttleworth da bizim hökumətlə danışdı və Azərbaycan Ordusunun hücumu dayandırmasına nail oldu…

AR: …Və ordu Qarabağda qaldı?

P: Yox, hərbi hissələr Novruz Bayramına hazırlaşmaq üçün daimi dislokasiya yerlərinə geri döndü. Axı bu bayramda hərbi parad keçiriləcəkdi. Keçirildi də - Bakıda – indi sizlərin Azərneft Meydanı kimi tanıdığınız yerdə, - ovaxtkı «Hərbi Nazirlik Meydanı»nda parad düzənləndi…

AR: Hansı hissələr qatılmışdı bu parada?

P: Yadımda qalanları söyləyim: Hərbi məktəb müdavimləri, 5-ci Bakı və 6-cı Göyçay piyada alayları, 4-cü Quba piyada alayının bir batalyonu, 1-ci atlı tatar alayı, 2-ci topçu briqadası, atlı dağ topçu bölüyü, qısalüləli toplar bölüyü, 6 zirehli avtomobil, «Qars» və «Ərdəhan» sürətli sahil-keşikçi gəmiləri, istehkamçılar məktəbi və polisin ehtiyat qüvvələri…

Küçələr, meydana baxan pəncərələr, binaların damı insanla dolmuşdu. Əsgərlərin geyim səliqəsi, üzündəki gənclik işığı hətta əcnəbiləri heyrətə salmışdı. Əksər azərbaycanlıların gözü yaşarmışdı...

AR: Bəs nə baş verdi ki, ikicə aydan bir az sonra bütün bunlar şirin xəyala bənzədi?

P: Düzü, heç vaxt unutmayacağım bayram ovqatına elə Novruz gecəsində xal düşdü. İndiki kimi yadımdadır. Bir az başağrısı da olsa, lütfən, sözümü kəsməyin. Demək belə, 1920-ci il martın 20-də axşam komandası mənim başçılığımdakı 5-ci Bakı piyada alayının zabitləri ziyafət təşkil etmişdilər. Hərbi nazir, ümumordu və baş qərargahların rəisləri, 2-ci diviziyanın rəisi, parada qatılmış bütün hərbi hissələrin komandirləri də bu ziyafətə çağırılmışdılar.

Hərbi nazir məclisə gecikmiş (saat 22 civarında gəlmişdi), nazirlər kabinetinin vacib toplantısı olduğundan bir neçə dəqiqəliyə gəldiyini bildirmiş və sonra da general Səlimovun qulağına nəsə pıçıldayaraq, vidalaşıb məclisi tərk etmişdi...

(ardı var)

Günün bütün mövzuları

XS
SM
MD
LG