Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:35

«Əliyevin sərəncamı kütləvi işsizlik yaradacaq»


Vüqar Əliyev
Vüqar Əliyev

-

Fevralın 7-də media prezidentin Almaniya səfərinə, onun son sərəncamlarına, Lamiyə Quliyeva məsələsinə daha çox yer ayırıblar.

VÜQAR İNDİYƏDƏK BİLİNMƏYƏN MƏSƏLƏLƏRİ AÇIQLAYACAQ

Qafqazinfo yazır: «Vüqar Əliyevin əfv ərizəsi hazırdır».

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanın öldürülməsində günahlandırılıb ömürlük həbs cəzası alan Vüqar Əliyevin vəkili Adəm Məmmədov bildirib ki, Penitensiar Xidmət görüş üçün müraciətə razılıq verib:

«Fevralın 9-da gedib Vüqarla görüşəcəyəm. Əfv ərizəsi də hazırdır. Vüqarla görüşəndə imzalayacaq. Ərizədə hüquqi formada qanunsuzluqlar izah edilib. Hökmdə göstərilir ki, Vüqarın atası Ruslanın öldürülməsindən bir neçə ay əvvəl Aslan Aslanovu ölümlə hədələyib. Əgər olubsa, niyə Aslan Aslanov o müddət ərzində hüquq-mühafizə orqanlarına müraciət etməyib?!».

Vəkil qeyd edib ki, Vüqar indiyə kimi bilinməyən məsələləri açıqlayacaq:

«Ehtimal var ki, Vüqar Lamiyənin uşağının atasının kimliyini bilir».

BÜDCƏNİ CİDDİ «ZƏLZƏLƏ» GÖZLƏYİR

«Azadlıq» qəzetinin baş məqaləsi belə adlanır: «Əliyevin sərəncamı kütləvi işsizlik yaradacaq».

Qəzet yazır: «Neftin qiymətdən düşməsinin yeganə müsbət cəhəti bu oldu ki, hökumət əhəmiyyətsiz layihələrə milyonlar xərcləndiyini, ölkədə israfçılığın kəllə-çarxa çıxdığını, valyuta ehtiyatlarımızın artmayacağını etiraf etdi. Vəziyyət o həddə çatıb ki, ölkədə kök salmış qurumlar da ləğv olunur. Bir neçə gün öncə prezident İlham Əliyev «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu»nda dəyişiklik edilməsi haqqında sərəncam verdi. Sərəncama əsasən, Bakı şəhəri Vergilər Departamenti ləğv edildi. Ötən gün prezident fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirildi.

Masallıda «Qul bazarı»
Masallıda «Qul bazarı»

Əvvəla qeyd edək ki, uzun illər ərzində müxtəlif beynəlxalq təşkilatlar, yerli ekspertlər lazımsız strukturların ləğv edilməsi haqqında tövsiyə və təkliflərini hökumətin diqqətinə çatdırıb. Bugün ölkədə kifayət qədər bir-birini təkrarlayan, eyni funksiyanı yerinə yetirən strukturlar fəaliyyət göstərir. Təbii ki, bu strukturlar islahat, inkişaf məqsədi ilə deyil, dövlət büdcəsindən daha çox vəsait mənimsəmək üçün yaradılıb. Bu mənasız layihələrə xərclənən vəsaitləri real iş yerlərinin açılmasına, bölgələrdə vəziyyətin yaxşılaşdırılmasına, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına sərf etmək olardı.

İndiki halda bu strukturların ləğv olunması da hansısa islahatın həyata keçirilməsi deyil. Sadəcə olaraq neftin qiymətdən düşməsi, iqtisadiyyatı neftdən asılı olan dövlət üçün böyük zərbədir. Yəni, büdcəni ciddi «zəlzələ» gözləyir və buna görə də çıxış yolu kimi bəzi qurumlar ləğv olunur.

Amma məsələnin daha mühüm bir tərəfi var. İlham Əliyev bu sərəncamlarla həm də kütləvi işsizliyə start verir. Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdində müxtəlif strukturlar var, bu komitənin rayonlarda şöbələri fəaliyyət göstərir və s. Deməli, bu ləğv sərəncamı təkcə bir qurumda minlərlə insanın işsiz qalması deməkdir...».

QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ ÜÇÜN «BAŞ MƏŞQ»...

«Yeni Müsavat» «Prezidentin Almaniya səfərinin pərdəarxası»nı araşdırır.

Qəzet Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağın da gələcək taleyinə aydınlıq gətirə biləcək müzakirələrin gedəcəyini, çıxışların olacağını istisna etmir:

«Bir çox beynəlxalq təhlilçilərə görə, bu gün Moskvanın Azərbaycana, Qarabağ məsələsinə münasibəti bilavasitə Ukraynada, daha doğrusu, onun cənub-şərqində gedən proseslərdə həll olunur...

İlham Əliyev Münhendə - 6 fevral 2015
İlham Əliyev Münhendə - 6 fevral 2015

Bu və başqa səbəblərdən İlham Əliyevin bir neçə illik fasilədən sonra (axırıncı dəfə o, 2012-ci ildə keçirilmiş konfransına qatılıb və çıxış edib) ali tədbirdə iştirakı heç şübhəsiz, Azərbaycan ətrafında, bir nömrəli məsələmiz olan Qarabağ məsələsi ətrafında qeyri-müəyyən, həm də təhlükəli durumun yaranması ilə birbaşa bağlıdır.

...Bu xüsusda təzə qlobal ab-havanı vaxtında duymaq, ətrafda gedən proseslərin nəbzini düzgün tutmaq üçün Azərbaycan dövlət başçısının belə bir tədbirdə iştirakı və çıxışını, əlbəttə ki, milli maraqlarımız, o cümlədən Qarabağ məsələsinin ədalətli həll perspektivi diktə edir. Hər halda, Ukraynadakı dramatik hadisələr postsovet məkanındakı münaqişələrin hamısına yeni xarakter verib. Bu yenilik İlham Əliyevin Almaniyaya yanvar səfəri zamanı da özünü göstərdi. Belə ki, Merkel Qarabağ probleminin indiyədək həllini tapmamasına görə məsuliyyəti münaqişə tərəflərindən birinin müttəfiqi kimi Rusiyanın üzərinə qoydu. Bəzi təhlilçilərə görə, bu açıqlama postsovet məkanındakı münaqişələrə Qərbin yanaşmasında paradiqmanın dəyişməkdə olmasının müjdəçisidir. Belədirsə, 51-ci konfrans Dağlıq Qarabağ probleminin həlli üçün «baş məşq» kimi də tarixə düşə bilər».

«TERRORU PİSLƏYƏNLƏR ÖZLƏRİ TERRORA HAQQ QAZANDIRIRLAR»

Deputat Rafael Cəbrayılov «Azərbaycan» qəzetində «Terroru pisləyənlərin «mənəvi terror»» başlıqlı məqalə ilə çıxış edib.

O yazır: «Müasir dünya demokratiya pərdəsi altında «gizlənmiş» bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin zaman-zaman şahidi olub... Özünü «demokratiyanın beşiyi» sayan bəzi dövlətlər hətta insan hüquqlarına münasibətdə özlərinin geosiyasi maraqlarından çıxış edir, beynəlxalq gərginliyi süni şəkildə artırırlar...

Bu ilin yanvar ayının 7-də Fransanın «Şarli Ebdo» jurnalının redaksiyasının əməkdaşlarına qarşı törədilmiş terror aktı zəminində cərəyan edən hadisələr rəsmi Parisin söz və məlumat azadlıqları ilə manipulyasiya etdiyini bir daha təsdiqlədi. Uzun illər ərzində islam dininə etiqad edən insanları qıcıqlandırmaq yolunu seçən, Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasını dəfələrlə dərc edən sözügedən jurnalın redaksiyasına silahlı hücumun təşkili və 10-dan çox əməkdaşının qətlə yetirilməsi Avropada islam dininə və ümumən müsəlmanlara qarşı yeni hücumlara başlanılması üçün cılız bəhanəyə çevrilib».

Rafael Cəbrayılov
Rafael Cəbrayılov

Məqalənin sonunda deputat Avropaya müraciət edir:

«İnsanların söz və mətbuat azadlıqları kimi, vicdan və etiqad azadlıqları da qorunmalı, mətbuatın milli, dini, irqi qarşıdurma yaratmaq cəhdləri qanun çərçivəsində məhdudlaşdırılmalıdır. Bu, bəşəriyyətin sülh və əmin-amanlıq içində yaşamasının ən ümdə şərtidir. Milyonlarla insanın dini inancının məsxərəyə qoyulması, müqəddəs saydığı peyğəmbərlərin təhqir olunması demokratiya deyil, «mənəvi terror» kimi dəyərləndirilməlidir. Terroru pisləyənlər isə əvvəlcə özləri terrora haqq qazandırmaq kimi riyakar siyasətdən əl çəkməlidirlər».

MƏŞHUR KİNOTEATRLA BAĞLI 28 MİLYONLUQ MÜƏMMA

«Bizim yol» qəzeti yazır ki, «N.Nərimanov» kinoteatrının ərazisi «Baku Electronics» şirkətinə satılıb:

«Qiymət də nə az, nə çox, 28 milyon manatdır. Kinoteatrın binası bir neçə il bundan əvvəl hasara alınıb, sökülüb, yerində tikinti işləri aparılır. Vaxtilə kinoteatrlar da başqa kiçik müəssisələr kimi Prezident sərəncamı ilə özəlləşdirməyə açılsa da, açıq hərraca çıxarılmayıb. Hər halda söhbət etdiyim səhmdarlar kinoteatrların özəlləşdirilməsi prosesini xatırlamırlar. Onların qənaətincə, çoxsaylı kinoteatrlar və incəsənət obyektləri eyni vaxtda özəlləşib. Amma kollektiv özəlləşmə olub, qapalı hərracda alınıb...».

Qəzetə danışan səhmdarlar dövlət əmlakının qəpik-quruşa özəlləşdirilib satıldığından, növbəti dəfəsə daha baha qiymətə satılmasından şikayət ediblər.

«Bizim Yol» qəzetinin sorğusuna cavab verən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib ki, kinoteatr 2007-ci ildə kiçik müəssisə kimi əmək kollektivi tərəfindən özəlləşdirilib:

«Qiyməti demək üçün isə arxivi qaldırmaq lazımdır. Amma bilirəm ki, dövlətin müəyyən əmsallarla hesabladığı qiymətdir».

Dövlət əmlakının ucuz qiymətə satılmasına gəlincə, cənab Xəlilov «indi kinoteatr özəl bir əmlakdır, onun satılması haqqında biz bir söz deyə bilmərik, iqtisadiyyatın da qanunları var, təkrar bazardır» - dedi.

«Baku Electronics» MMC-nin reklam və PR şöbəsinin müdiri Şirəli Ələkbərov isə bildirir ki, təmsil etdiyi «Baku Electronics» şirkəti ilə həmin ərazinin bir bağlantısı yoxdur:

«Bunlar, sadəcə, şayiədir. Biz nə elə bir satınalma etmişik, nə də orada inşaat işləri aparırıq. Bunu kimin etdiyini də bilmirik». ​

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG