Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:40

Merkel və Hollande Kremli bəyanat vermədən tərk ediblər


Merkel, Putin və Hollande - Moskva, 6 fevral 2015

Merkel, Putin və Hollande - Moskva, 6 fevral 2015

Rusiya jurnalistləri qeyd edirlər ki, Merkel, Hollande və Putin arasında ənənəvi əltutma, qucaqlaşma və təbəssüm olmayıb.

-

Almaniya və Fransa liderləri Rusiya prezidenti Vladimir Putinlə Ukrayanakı münaqişə barədə 5 saatdan artıq davam edən söhbətdən sonra mətbuat üçün heç bir bəyanat vermədən Moskvanı tərk ediblər.

Putinin mətbuat katibi bildirib ki, tərəflər Ukrayna münaqişəsinə dair “mümkün birgə sənədin” hazırlanması barədə razılığa gəliblər.

Sözçü deyib ki, hazırda Ukrayna və Rusiya prezidentlərinin təkliflərini birləşdirəcək vahid razılaşma sənədi üzərində iş gedir.

“Mümkün sənəd”

O bildirib ki, liderlər bazar günü telefonla “mümkün sənəd”in son variantını müzakirə edəcəklər. Bu telefon söhbətində Ukrayna prezidenti Petro Poroshenko da iştirak edəcək.

Rusiya jurnalistləri qeyd edirlər ki, Merkel, Hollande və Putin arasında ənənəvi əltutma, qucaqlaşma və təbəssüm olmayıb.

Almaniya və Fransa liderləri görüşdən sonra mətbuat üçün heç bir açıqlama verməyiblər.

Yalnız onların nümayəndə heyətlərinin “adlarının çəkilməsini istəməyən üzvləri” danışıqları “məzmunlu və konsrtruktiv” kimi qiymətləndiriblər.

Son qətiyyətli cəhd

Ötən cümə axşamı Angela Merkel və Fransa prezidenti Francois Hollande Kiyevdə prezident Poroshenko ilə beş saatlıq danışqılarda olmuşdular.

Hələ cümə günü keçiriləcək Kreml görüşündən əvvəl bir sıra siyasi şərhçilər bu görüşün Avropanın Rusiya prezidenti Vladimir Putini Ukrayna məsələsində yola gətirmək üçün yaxın gələcəkdə son cəhd ola biləcəyini proqnozlaşdırmışdılar.

Məsələn, Münhen Təhlükəsizlik Konfransının sədri Wolfgang Ischinger bu səfəri Moskvadan Minsk razılaşmasının icrasını tələb etmək üçün “son qətiyyətli cəhd” adlandırmışdı.

Belə görünür ki, “bu son qətiyyətli cəhd” istənilən nəticəni verməyib.

Evakuasiya seçimi

Moskva görüşündən sonra separatçıların zəbt etdikləri əraziləri boşaldıb-boşaltmayacaqları barədə açıqlama verilməyib.

Ukraynanın şərqindəki strateji Debaltsevo şəhəri uğrunda qızğın döyüşlərə dünən bir neçə saatlıq ara verilib və dinc əhalinin evakuasiyası başlanıb.

Reuters agentliyi xəbər verir ki, əhaliyə ya qiyamçıların əlində olan Donetsk regionuna, ya da Ukrayna hökumət qoşunlarının nəzarətində qalan ərazilərə köçürülmələri üçün seçim verilib.

Hər iki tərəf sakinlərin döyüş bölgəsindən çıxarılması üçün avtobuslar göndərib.

Alət qutusundakı alətlər

Bu həftə ərzində Vaşinqton Ukraynaya döyüş silahları verə biləcəyi barədə açıq işarələr vurub.

NATO-nun amerikalı generalı Philip Breedlove Münhendə keçirilən konfransda deyib kİ, o, Ukraynaya silahların verilməsi tərəfdarıdır.

General bildirib ki, “alət qutusundakı bütün alətlərdən istifadə edilməlidir”.

Lakin Qərb ölkələrinin siyasiləri arasında Ukraynaya döyüş silahlarının verilıməsi barədə vahid rəy yoxdur.

Məsələn, Almaniyanın müdafiə naziri Ursula von der Leyen eyni konfransda deyib: “Biz əminikmi ki, döyüş silahları verməklə Ukrayna xalqının vəziyyətini yaxşılaşdıracağıq? Biz doğurdanmı inanırıq ki, Ukrayna Rusiyanın hərb maşınına qalib gələ bilər”.

Putinin təmənnalar kompleksi

Lakin belə görünür ki, Rusiyanın özündəki təhliçilər perspektivləri daha realist qiymətləndirməyə çalışırlar.

Məsələn, rusiyalı politoloq Stanislav Belkovski BBC-nin Rus xidmətinə deyib ki, “Avropa Ukraynada sülh naminə müəyyən güzəştlərə getməyə hazırdır, lakin Avropa Vladimir Putinin bütün təmənnalar kompleksini razı salmağa çətin ki, hazır olsun”.

Politoloqun fikrincə, məhz buna görə də hətta bu görüşdə müəyyən razılaşmalar əldə edilibsə də, bu razılaşmalar iştirakçılar tərəfindən müxtəlif cür şərh olunacaq.

Ukraynalı politoloq: Avropa bərk qorxub

“Münaqişənin bundan sonrakı eskalasiyasının nəhəng riski, onun başqa fazaya keçmə təhlükəsi göz qarşısındadır, - deyib Ukrayna politoloqu Vladimir Fesenko, - Bu, Avropanı bərk qorxudub. Belə bir risk var ki, Rusiya özünün Debaltsevonun işğalı, Ukrayna qoşunlarının Donetsk və Luqanskdan geri oturdulması kimi strateji vəzifələrini yerinə yetirməyincə, hərbi əməliyyatlar davam edəcək və Rusiya heç bir kompromisə getməyəcək.

Bu arada döyüş səngərində olan və özünü yalnız “tələbə” kimi təqdim edən Ukrayna əsgəri Reuters agentliyinin müxbirinə deyib ki, onlar Debaltsevonu müdafiə etmək əzmindədirlər:

“Biz bu döyüşdə qalib gələcəyik. Bizə Amerika silahları gərək deyil. Bizə öz döyüş ruhumuzu qoruyub saxlamaq lazımdır. Saxlaya bisək, Donetskdəki Rusiya nökərlərinə də, Putinin özünə də qalib gələcəyik”.

Şərhləri göstər

XS
SM
MD
LG