Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:06

ABŞ yeni strategiyasında Rusiyanı «beynəlxalq sabitliyə təhlükə» adlandırdı


Barak Obama

Barak Obama

-

ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası açıqlanıb və orada Rusiya “beynəlxalq sabitliyə təhlükə” adlandırılır.

5 il əvvəlki strategiyada isə ABŞ Rusiyanı əməkdaşlıq ediləsi ölkə kimi görürdü.

5 ildə belə dəyişikliyi heç kəs gözləmirdi.

Ağ evin açıqladığı 29 səhifəlik yeni strategiyada Rusiya həm də region ölkələri üçün təhlükə kimi görülür. Bu da Rusiyanın Ukraynanın Krım bölgəsini ilhaq etməsi və şərqi Ukraynadakı separatçıları dəstəkləməsinin nəticəsidir.

“Rusiyanın Ukraynaya təcavüzü aydın göstərir ki, Avropada təhlükəsizlik, eləcə də təcavüzə qarşı beynəlxalq norma və qaydalar heç də əbədi olaraq bərqərar olunmayıb” – deyə sənəddə bildirilir.

Bundan əvvəlki strategiyada Rusiya ilə əməkdaşlığa meyllənən Barak Obama administrasiyası prezident seçilən Dmitry Medvedevdən xoşməramlı addımlar gözləyirdi.

Ukraynanın şərqindəki Vuhlehirsk şəhəri.

Ukraynanın şərqindəki Vuhlehirsk şəhəri.

Həmin strategiyada Rusiya 21-ci əsrin güc mərkəzlərindən biri, yenidən beynəlxalq arenaya söz sahibi kimi qayıdan qüvvə adlandırılırdı. Deyilirdi ki, ABŞ Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən nüvə silahının yayılmaması, ticarət və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq etməyə hazırdır.

Yeni strategiyada isə Rusiya ilə əməkdaşlığın şərtləri elan edilir. Deyilir ki, ABŞ Rusiya ilə daha geniş əməkdaşlığa açıqdır. Bir şərtlə ki, Rusiya siyasətini dəyişsin, qonşu ölkələrin demokratik inkişafı və suverenliyinə təhlükə yaratmasın. Əgər bu baş verməsə, ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirəcək. Əgər lazım gələrsə, ABŞ öz müttəfiqlərinə Rusiyaya müqavimət göstərməkdə köməklik edəcək.

Sənəddə o da deyilir ki, ABŞ NATO nizamnaməsinin 5-ci maddəsinə sadiqdir, yəni alyansın hansısa ölkəsi hücuma məruz qalarsa, bu bütün NATO üzvlərinə təcavüz kimi anlaşılacaq.

Yeni strategiyada Avropa Birliyi və Ukraynanın Rusiya qazından aşırı asılılığından narahatlıq da ifadə olunur.

Rusiya enerji daşıyıcıları faktorundan siyasi alət kimi istifadə etməkdə suçlanır.

Sənəddə enerji mənbələrinin müxtəlifləşdirilməsinin vacibliyi vurğulanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG