Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

Əfrus Hacıyeva və komissiyası Azadlıq” qəzeti və “Meydan TV”-ni məhkəməyə verir


Bələdiyyə seçkilərindən foto

Bələdiyyə seçkilərindən foto

Yasamal rayon 12 saylı seçki məntəqəsinin sədri Əfrus Hacıyeva “Azadlıq” qəzetini və Meydan TV-ni məhkəməyə verib. Bu haqda AzadlıqRadiosuna “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev deyib.

Onun sözlərinə görə, məhkəmə iddiası 12 saylı məntəqənin üzvləri adından hazırlanıb. Komissiya üzvləri hər iki KİV-i onların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edirlər. Eyni zamanda, 5 min manat təzminat və təkzib tələb edirlər.

Onların fikrincə, “Azadlıq” qəzetində və Meydan TV-də 12 saylı məntəqədə saxtakarlığın baş verdiyinə dair getmiş materiallar onların şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzlarına xələl gətirib.

QANUNA DƏYİŞİKLİKDƏN 3 GÜN SONRA

Ötən ilin dekabrında keçirilən bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı Cavid Abdullayev sözügedən məntəqədə qanun pozuntusunun şahidi olmuşdu, o seçicinin qutuya topa bülleten atdığını çəkmişdi. Jurnalist gördüklərini məntəqə sədrinə söylədikdə Əfrus Hacıyeva jurnalistə heç bir cavab verməyib, onu məntəqədən qovmuşdu.

Bu hadisə sosial şəbəkələrdə və KİV-də geniş rezonans doğurdu. Bütün bunlardan sonra Mərkəzi Seçki Komissiyası 12 saylı məntəqədə baş vermiş qanun pozuntusunu əsas gətirərək onun nəticələrini ləğv edib və məntəqə komissiyasını buraxıb.

“Azadlıq” yazır: “Maraqlıdır ki, “Azadlıq”ın məhkəməyə verilməsi İlham Əliyev fevralın 3-də “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilməsi barədə sərəncamı imzaladıqdan 3 gün sonraya təsadüf edir. Sərəncama əsasən mətbu orqan il ərzində 2 dəfə məhkəməyə verilsə, onun fəaliyyətinə xitam verilə bilər. Başqa bir sual doğuran məqam isə budur ki, 12 saylı məntəqədə saxtakarlığın baş verdiyini ölkənin demək olar bütün media orqanları işıqlandırıb. Məhkəməyə isə yalnız “Azadlıq” qəzeti və saxtakarlığı üzə çıxarmış Meydan TV verilib”.

"AZADLIĞ"I SUSDURMAQ

Rahim Hacıyev deyir ki, hakimiyyətin başlıca qayğılarından biri “Azadlıq”ı susdurmaq olub: “Baş redaktorun didərgin salınmasından tutmuş Seymur Həzinin həbsinə kimi buna xidmət edirdi. Məqsəd qəzeti susdurmaqdır. “Azadlıq” son aylar əməkdaşların misilsiz fədakarlığı və qəhrəmanlığı sayəsində çıxırdı. Proqnozlaşdırmaq çətin deyildi ki, KİV haqda qanuna son mürtəce dəyişiklikdə məqsəd də azad mətbuatı susdurmaq idi. Təəssüf ki, “Azadlıq” meydanda tək qalıb”.

Qanun pozuntusunu çəkən və onu ictimailəşdirən “Meydan TV” olub. Bəs “Azadlıq” niyə məhkəməyə verilir? Rahim Hacıyev gülür: “Gülməli vəziyyətdir. Amma gəlin gülməyək! Hansı dövlətdə yaşadığımızı bilirik. Bu absurddur ki, qanun pozuntularına görə buraxılan məntəqə komissiyasının üzvləri şərəf və ləyaqətlərinin alçaldığını əsas gətirib bizi məhkəməyə verirlər. Bu absurddur!”

Rahim Hacıyev deyir ki, əslində bu yerdə edə biləcəkləri çox şey yoxdur: “Sadəcə bütün mümkün vasitələrlə qorunacağıq...”​

Günün bütün mövzuları

XS
SM
MD
LG