Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:00

Lamiyə Quliyeva bəraət alacaqmı?


Lamiyə Quliyeva
Lamiyə Quliyeva

-

Lamiyə Quliyeva kimdir?

.

Lamiyə Quliyeva kimdir?

Lamiyə Quliyeva və onun nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 müddətinə məhkum edilib. Məhkəmədə müdafiə tərəfi qətlin torpaq mübahisəsi zəminində baş verdiyini bildirsə də, Lamiyə Quliyeva onu zorladığına görə Ruslan Aslanovu öldürdüklərini iddia edib. Hər iki müttəhimə ən ağır cəzanın verilməsi zaman-zaman mətbuatda müzakirə mövzusu olub.

Cəza müddəti bitənə yaxın Cinayət Məcəlləsinin 317-ci (nəzarətçi ilə kobud davranış “ maddəsi ilə onun cəza müddəti 5 il 6 a daha artırılıb. Baş Prokurorluğun protesti də bu cinayət işi ilə bağlıdır. Lamiyə Quliyeva hazırda Penitensiar Xidmətin 4 saylı Cəza Çəkmə Müəssisəsində saxlanır.

Bu yaxınlarda o, burada nikahdan kənar ana olub. Qanunvericiliyə görə, həbsxanada nikah olmadan ər-arvad münasibətinə yol verilmir. Bu hadisədən sonra Lamiyə Quliyeva məsələsi yenidən gündəmə gəlib.

Bu günlərdə Bakı Apelyasiya Məhkəməsi Lamiyə Quliyevanın ikinci cinayət işi ilə bağlı Baş Prokurorluğun protestinə baxacaq.

Protesti Baş Prokurorluq fevralın 5-də verib.

Bu ərəfədə Baş Prokurorluğun protest verməsi Lamiyə Quliyevanın azadlığa buraxılacağı ilə bağlı ümidlər yaradıb. Bu məsələ ilə bağlı AzadlıqRadiosu onun vəkili Fəxrəddin Mehdiyevdən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Fəxrəddin müəllim, protest verilən işlə bağlı bir az geniş məlumat verərdiniz...

- Protest 2010-cu ildə Lamiyə Quliyevanın 317-ci maddə ilə cinayət məcəlləsinə cəlb olunması və bununla əlaqədar olaraq məhkumluğu ilə bağlıdır. Bu hökümdə çıxarılan 5 il 6 aylıq cəzanın ağırlığından Baş Prokurorluq protest verib ki, həmin hökm dəyişdirilsin. Üzərindən 5 ilə qədər vaxt keçdiyindən bu işdən apelyasiya şikayəti ilə bağlı müddət başa çatmışdı. Biz müddətin bərpa olunması ilə bağlı Xətai Rayon Məhkəməsində vəsatət qaldırdıq. Məhkəmədə Lamiyə özü də iştirak edirdi. Vəsatət təmin olundu və bundan sonra prokurorluq protest verdi.

- Məhkəmə nə vaxt olacaq?

- İş daxil olunandan sonra hakimlərin icrasına veriləcək. Bundan sonra məhkəmənin vaxtı təyin olunacaq. Güman edirəm yaxın günlərdə olacaq.

- Nə gözləyirsiz məhkəmədən? Azadlığa buraxılma ehtimalı varmı?

- Qərarın ağırlığından protest verildiyindən, yüngülləşmədən söhbət gedə bilər. Bu haqda fikir söyləmək hələlik tezdir. Ancaq cəzanın yüngülləşdiriləcəyi məsələsi dəqiqdir. Azadlığa buraxılma ehtimalı da böyükdür. Hər halda hakimlər qərar verəcək.

- Lamiyə Quliyevanın həbsxanada ana olması ilə bağlı Penitensiar Xidməti tənqid edən müxtəlif fikirlər səsləndirilir. Bu yaxınlarda xidmət öz istəyi ilə ana olması ilə bağlı onun dilindən məlumat da yaydı. Amma buna qədər onun başına gələnlər gənc qadının yenə də kimlərinsə təzyiqi ilə bu sözləri dediinə dair şübhələr yaradıb...

- Bu məsələ ilə bağlı onun açıqlaması var. Buna görə də mən heç nə deyə bilmərəm. Məhkəmədə görüşəndə özü də bildirdi ki, həmin açıqlamanı o verib və burada şübhə doğuran bir şey yoxdur. Bildirdi ki, hər şeyi özü yazıb.

- Bəziləri düşünür ki, həbsxanada psixoloji təzyiq altında olan şəxs bu cür açıqlamalarında səmimi olmur. Onunla görüşəndə siz nə hiss etdiz?

- Mən belə bir təsir hiss etmədim. Mən ondan bir neçə dəfə soruşmuşam bu məsələni. Belə bir şey olsa idi yəqin ki mənə deyərdi.

- Lamiyənin özünün, körpəsinin vəziyyəti necədir?

Uşağın içəridə saxlanması çox çətin məsələdir. Psixoloji baxımdan problemlər yaşanır. Azadlıqda olsa daha yaxşı olardı...

- Bu barədə şikayəti yoxdur. Hər ikisinin vəziyyəti normaldır. Təcridxanada uşaqlı analar üçün ayrıca saxlanma yeri var. Lamiyə də həmin yerdədir. Adi məhbuslardan ayrı saxlanır. Düzdür, uşağın normal böyüməsi üçün azadlıqdakı şəraitin yerini verə bilməz. Uşağın içəridə saxlanması çox çətin məsələdir. Psixoloji baxımdan problemlər yaşanır. Azadlıqda olsa daha yaxşı olardı. Bu məsələ apelyasiya məhkəməsinin qərarına da təsir edə bilər. Qanunvericiliyə görə, himayəsində körpə olan analara yüngülləşdirici hallar tətbiq oluna bilər.

PENİTENSİAR XİDMƏT: LAMİYƏ ÖZ İSTƏYİ İLƏ ANA OLUB...

Bu günlərdə Penitensiar Xidmət Lamiyə Quliyeva ilə bağlı açıqlama yaymışdı. Açıqlamada bildirilirdi ki, Lamiyə Quliyeva həbsxanada öz istəyi ilə ana olub. Məlumatda həm də bildirilirdi ki, baş verən hadisə araşdırılacaq. Araşdırmanın nəticəsi ilə bağlı hələlik açıqlama verilməyib.

Xidmətdən həm də onu bildirmişdilər ki, Lamiyə Quliyevanın həbsinin uzadılması konkret cinayət hadisəsi ilə bağlı olub.

ASLAN ASLANOV İDDİALARI YALANLAYIR

Şəmkirin rayonunun keçmiş icra başçısı Aslan Aslanov Lamiyə Quliyevanın cəzalanmasında rolunun olması ilə bağlı ANS-ə açıqlamasında bildirib ki, onun haqqında yazılanlar yalandır:

“Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarının həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim haqda yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG