Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:03

-

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq fevralın 4-də Tərtərdə müvəqqəti saxlama təcridxanasında baş vermiş intiharla bağlı məlumat yayıb.

Rəsmi məlumatda deyilir ki, Ağdam rayon sakini Səbuhi Dünyamalıyev iki gün öncə Tərtər rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində özünü mələfə ilə asıb. O, Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə təqsirli bilinərək saxlanılıbmış.

Rəsmi məlumatda bildirilir ki, ərazidə məskunlaşmış Ağdam rayon sakinlərindən 80-100 nəfər Polis Şöbəsinə hücum edərək ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədib və inzibati binaya maddi ziyan vurub.

Bu zaman xidməti vəzifələrini yerinə yetirən 8 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi deyilir.

EKSPERTİZA MEYİT ÜZƏRİNDƏ ZORAKILIĞA RASTLAMAYIB

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) maddələri ilə cinayət işləri başlanılıb. Polis Şöbəsinə hücum edib əməkdaşlara xəsarət yetirən 6 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.

O ki qaldı Səbuhi Dünyamalıyevin ölüm səbəbinə, rəsmi məlumatda deyilir:

«Mərhumun yaxın qohumlarının xahişi və iştirakı ilə meyit məhkəmə-tibb ekspertləri tərəfindən komission qaydada ekspertizadan keçirilib. Müayinə zamanı meyitin bədən səthində və daxili orqanlarında - boyun nahiyəsində stranqulyasion şırımdan başqa - zorakılıqla qətlə yetirilməyə xarakterik hər hansı xəsarət izləri aşkar edilməyib».

Həmçinin, həmin gün Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində xidmətdə olan nəzarətçi polis «vəzifəsinin icrasına laqeyd münasibətə görə» işdən çıxarılıb. Bununla yanaşı, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün rayon prokurorluğunda araşdırmalar aparılır.

YAXINLARI RAZILAŞMIR

32 yaşlı Səbuhi Dünyamalıyevin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, o, işgəncə nəticəsində ölüb, bədənində zorakılıq izləri olub. Buna görə də həmkəndliləri təcridxana qarşısına yığışaraq etiraz ediblər. Bu zaman polislə sakinlər arasında qarşıdurma yaşanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG