Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43

Hollande və Merkel-in Kiyev danışıqları başa çatdı. Növbəti dayanacaq Moskvadır


Angela Merkel və Francois Hollande Ukrayna prezidenti Petro Poroshenko ilə bağlı qapılar arxasında görüşüblər.

Angela Merkel və Francois Hollande Ukrayna prezidenti Petro Poroshenko ilə bağlı qapılar arxasında görüşüblər.

-

Kiyevdən alınan xəbərlərdə deyilir ki, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande və Ukrayna lideri Petro Poroshenko arasında danışıqlar başa çatıb.

Danışqlar bağlı qapılar arxasında keçirilib və görüşdən sonra Almaniya və Fransa liderləri mətbuat üçün heç bir açıqlama verməyiblər.

Merkel və Hollande cümə günü Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yollanırlar.

Onlarla eyni vaxtda ABŞ dövlət katibi John Kerry də Kiyevdə idi.

John Kerry bəyan etmişdi ki, ABŞ, Fransa və Almaniya nümayəndələrinin Kiyevdə olması Qərbin Ukraynaya dəstəyini nümayiş etdirir.

Dövlət katibi həmçinin bildirib ki, Rusiya prezidenti Ukraynaya dair təşəbbüs hazırlayıb, lakin Merkel və Hollande da Moskvaya öz təşəbbüsləri ilə gedirlər.

ABŞ Rusiyanın hərəkətlərinə dözməyəcək

John Kerry bildirib ki, Vaşinqton sülh üçün diplomatik təşəbbüsləri dəstəkləyir, lakin Moskvanın təcavüzünü qəbul etmək niyyətində deyil.

Ukraynanın baş naziri Arseniy Yatsenyukla birgə keçirdiyi mətbuat konfransında dövlət katibi deyib ki, “bizə sülhü əldə etmək lazımdır, lakin biz Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək heç nəyi qəbul etməyəcəyik”.

John Kerry Rusiyanı Ukraynanın suverenliyini pozmaqda ittiham edib və bildirib ki, Moskva özünü “tam cəzasız” hiss edir.

“Biz münaqişənin sülh yolu ilə həllini seçmişik, lakin sülh birtərəfli ola bilməz” – deyib Kerry.

O deyib ki, prezident Obama hələ də Ukraynaya “müdafiə silahlarının” verilməsi də daxil bütün variantları nəzərdən keçirir.

Rusiya daha təcavüzkar reaksiya verə bilər

Hazırda ABŞ Ukraynaya yalnız “qeyri-döyüş” avadanlığının verilməsi ilə köməklik göstərir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Alexander Lukashevich deyib ki, ABŞ-ın Ukraynaya döyüş silahları verməsi Moskva-Vaşinqton münasibətlərinə ciddi zərbə vura bilər.

Bir sıra Qərb liderləri də Ukraynaya döyüş silahlarının verilməsi məsələsində ehtiyatlı mövqe tutublar.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier silah yardımı variantını “tonqala daha çox barıt tökməyə” bənzədib.

NATO komandanı Philip Breedlove deyib ki, Qərb hökumətləri Rusiyadan daha sərt reaksiya ola biləcəyini nəzərə almalıdırlar.

Yalnız Polşa sərt mövqe tutub

Bəzi Qərb təhlilçiləri bu qənaətdədirlər ki, Ukraynaya birbaşa döyüş silahlarının verilməsi Rusiyanı açıq şəkildə Ukraynanın Qərbinə doğru yürüşə sövq edə bilər.

NATO ölkələri də bu məsələdə ortaq məxrəcə gələ bilməyiblər.

Bu vaxtadək Ukraynaya qeyri-döyüş ləvazimatının – radarların, tibb avadanlığının, bədən zirehlərinin və sairin verilməsi bir növ konsensus rolunu oynayırdı.

NATO ölkələri arasında yalnız Polşa lazım gələrsə, Ukraynaya silahlarla kömək edəcəyini bildirib.

ABŞ-ın siyasi dairələrində də məsələ ətrafında fikir ixtilafları dərinləşməyə başlayıb.

Digər tərəfdən, Ukraynadakı vəziyyətin təcililiyi diplomatiya iflasa uğrayarsa, ciddi addımların atılmasını tələb edə bilər.

Yeni sülh təşəbbüsü

Cənab Hollande bildirib ki, onlar Kiyevə yeni sülh təşəbbüsü ilə gəliblər.

O əlavə edib kİ, bu təşəbbüs Ukraynanın ərazi bütövlüyü prinsipinə əsaslanır, lakin bütün tərəflər üçün məqbul ola bilər.

Bununla yanaşı, Fransa prezidenti bildirib ki, “diplomatiya sonsuza qədər davam edə bilməz”.

Francois Hollande və Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə cümə günü görüşməlidirlər.

Kremlin sözçüsü bildirib ki, cənab Putin “Ukraynanın cənub-şərqindəki vətəndaş müharibəsinin dayandırılması üçün mümkün olan ən çevik həll variantını müzakirə etməyə hazırdır”.

Merkel və Hollande, deyəsən Obamanı razılığa gətiriblər

Müxbirlər qeyd edirlər ki, Merkel-Hollande təşəbbüsünün bundan əvvəlki təşəbbüslərdən nə ilə fıərqləndiyi hələlik bilinmir, lakin onlar, deyəsən ABŞ-ı indilik Ukraynaya silah verməməyə razı sala biliblər.

Bu proseslərlə yanaşı NATO ölkələrinin xarici işlər nazirləri alyansın 5000 əsgəri qüvvəlik önçü birləşmələrini müzakirə edirlər.

NATO həm də Estoniya, Litva, Latviya, Polşa, Rumıniya və Bolqarıstanda komanda mərkəzlərinin yaradılmasını planlaşdırır.

Sanksiyalar gücləndirilir

Sanksiyalar sahəsində də proses dayanmayıb.

Cümə axşamı Avropa İttifaqı səfər qadağanı siyahısına 5 Rusiya vətəndaşı da daxil, daha 19 nəfəri əlavə edib.

Avropa xarici işlər nazirlərinin iclasında elan edilib ki, sanksiyalar daha 9 hüquqi şəxsə şamil ediləcək.

Ukraynanın özündə strateji Debaltsevo məntəqəsi ətrafında şiddətli döyüşlər davam edir.

Orada qiyamçılar hökumət qoşunlarını mühasirəyə salmaq cəhdlərini davam etdirirlər.

XS
SM
MD
LG