Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:16

İlham Şaban: «Bakı-Tbilisi-Qarsa 500 milyon xərclənsə də...»


İlham Şaban
İlham Şaban

-

Bakı-Tbilisi-Qars dəmiryol layihəsi çərçivəsində Gürcüstanda Axalkalaki–Kartsaxi-Türkiyə xəttinə buraxılan ilk sınaq qatarı mənzil başına çatıb. 7 ildir tikintisinə milyonlarla vəsait xərclənən bu layihə, nəhayət, bu il başa çatacaqmı? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzadlıqRadiosunun suallarını cavablandırıb:

- Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin bir hissəsi başa çatıb, artıq Axalkalaki–Kartsaxi-Türkiyə sərhədi sahəsinə ilk sınaq qatarı buraxılıb. Rəsmilər layihənin bu il yekunlaşacağını deyirlər. Sizcə, ilk sınaq qatarının hərəkəti artıq buna işarədirmi?

- Rəsmilər elan ediblər ki, kommersiya reysləri 2016-cı ildə başlayacaq. Çünki Türkiyə hissəsini ancaq ilin sonunda istifadəyə vermək planlaşdırılır.

- Bakı-Tbilisi-Qars dəmiryolu makroregional layihə kimi qiymətləndirilib və ona milyonlarla vəsait qoyulub. İndiki durumda iqtisadi faydaları olacaqmı?

- İnfrastruktur layihəsi istənilən halda xeyirlidir. Bir var yol-iz olmasın, bir də var olsun. Bu iki ölkə və ya bir neçə ölkəni birləşdirən bir layihədir - ona görə istənilən halda müsbət qarşılanmalıdır. Hətta ona çəkilən xərci nəzərə alsaq belə. Niyəsini izah edim. Məsələn, Bakı-Quba yolunu beton magistral etdilər və buna görə 300 milyon dollardan çox vəsait xərcləndi. Təmirinə xərclənən vəsait açıqlanmır. Ancaq 7 ilə o yolun böyük bir hissəsi, demək olar ki, dağıldı. 2020-ci ilədək bundan da çox xərc çəkilib yenidən təmir ediləcək. Ancaq Bakı-Tbilisi-Qarsa 500 milyon xərclənsə də, ola bilsin, 40-50 il orda bir daha kapital təmir aparılmasın. Məgər bizim dəmiryollarımızda 70-ci illərdən bu yana təmir işləri aparılmışdı? İqtisadi səmərə kimi bu prizmadan baxmaq olar. Həm də məhz o layihəyə görə Qazaxdan Bakı istiqamətinə bütün dəmiryolu modernləşdirdilər. Bunun özü ən böyük gözlə görüləsi müsbət işdir. Yoxsa, hər il nə qədər vaqonlar aşırdı döngələrdə...

- Bu layihə regionda kiçik və orta sahibkarlığın inkişafına hansı töhfələri verə biləcək?

- Azərbaycanda dəmiryolun kiçik və orta sahibkarlığın inkişafına təsiri çox cüzidir. İnanmıram ki, biznes sahibləri dəmiryol ilə yük daşısınlar, çünki avtonəqliyyat daha sərfəli və rahat nəqliyyat vasitəsidir. Bütün kiçik ölkələrdə belədir. Ancaq Rusiyada əksinədir - orada 3-5 min km yolu qət edib bir maşın yükü təhlükəsiz A nöqtəsindən B nöqtəsinə çatdırmaq problemdir, həm də benzinin baha olduğu şəraitdə sərfəli deyil. Ancaq Azərbaycanda ölkənin bu başından o başına 5 saata getmək mümkündür. Türkiyədən kiçik biznesin mal gətirməsi isə həcmə bağlıdır. Sərfəli tariflər təklif etsələr, ola bilər ki, avtonəqliyyatla rəqabət güclənsin.

- İlham bəy, müstəqil mətbuat Azərbaycanın gömrük sistemində ciddi problemlərin mövcudluğundan yazır. Avtomobil vasitəsilə daşınan yüklərin, hətta qida və ya tez xarab olan sənaye məhsullarının günlərlə, aylarla gömrükdə qalmasından danışır. Bakı-Tbilisi-Qars dəmiryolu işə düşəndən sonra ölkəxarici yükdaşımalarda dəyişiklik olacaqmı?

- İnanmıram, çünki Azərbaycanda Gömrük «strateji» funksiya daşıyır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG