Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:02

-

«Son bir neçə ildə Türkiyənin nəyə çevrildiyini görmək dərin məyusluq yaradır. Bu yaxınlaradək o, müsəlman ölkələrinin həsəd yeri idi: Avropa Birliyinə bərabərhüquqlu namizəd idi, universal insan haqları, gender bərabərliyi, hüququn aliliyi, kürd və qeyri-müsəlman vətəndaşların hüquqlarını qoruyan işlək demokratiya yolunda irəliləyirdi. İndi isə bu tarixi fürsət puça çıxmış görünür, hakim AKP həmin uğuru tərsinə çevirib, vətəndaş cəmiyyəti, media, ədliyyə, azad sahibkarlığa basqıları artırıb».

Bunu ABŞ-ın Pensilvaniya ştatında yaşayan din xadimi, nurçuların lideri Fethullah Gülen «The New York Times» qəzetində «Türkiyənin eybəcərləşən demokratiyası» başlıqlı yazısında qeyd edir.

TƏNQİD = XƏYANƏT

«AKP liderləri indi istənilən demokratik tənqidi dövlətə qarşı hücum kimi dəyərləndirirlər. Hər bir tənqidi səsi düşmən, hətta ən pisi – xəyanət kimi görməklə onlar ölkəni totalitarizmə sürükləyirlər» - Gülen yazır.

«Basqıların son qurbanları müstəqil media əməkdaşları, rəhbərləri və redaktorlarıdır. Onlar saxlanıb və qanunlara, məhkəmə sisteminə son dəyişikliklərin mümkün etdiyi ittihamlarla üzləşiblər. Ən məşhur TV kanallarından birinin direktoru dekabrda saxlanıb və hazırda barmaqlıqlar arxasındadır. Korrupsiya ittihamlarını araşdıran rəsmilər də sadəcə işlərini gördükləri üçün təqib olunub və həbsə atılıb. Müstəqil məhkəmə, işlək vətəndaş cəmiyyəti və media hökumətin pozuntularına nəzarət edir. Ancaq bu təqiblərin ismarışı odur ki, hakim partiyanın yolunda kim dursa, böhtan, sanksiyalar, saxta ittihamlarla qarşılaşacaq».

Gülen yazır ki, Türkiyəni idarə edənlər nəinki Qərbi özlərindən uzaqlaşdırıblar, Yaxın Şərqdə də etibarı itirirlər. Türkiyənin regiona müsbət təsir etmək bacarığı təkcə iqtisadiyyatından deyil, həm də demokratiyanın sağlıq durumundan asılıdır:

HƏQİQƏTƏ ŞAHİDLİK EDİN

«İşlək demokratiyanın özəyi olan hüququn aliliyi, fərdi azadlıqlara hörmət eyni zamanda təməl İslam dəyərləridir. Heç bir siyasi, yaxud dini liderin onu almaq səlahiyyəti yoxdur. Dinşünasların hakim partiyanın əsarət və korrupsiyasını dini baxımdan necə əsaslandırdığını, yaxud da sadəcə susduğunu görmək ürək parçalayır. Dini ənənənin dil və əlamətlərindən istifadə edən, ancaq dinin təməl prinsiplərini pozanlar dinşünasların bu sadiqliyinə layiq deyillər.

Əsarətə qarşı danışmaq demokratik hüquqdur, vətəndaş borcudur, dindarlar üçün dini öhdəlikdir. «Quran»da aydın şəkildə buyurulur ki, insanlar ədalətsizliyə susmamalıdırlar: «Ey iman gətirənlər! Allah xətrinə, ədaləti qoruyan şahidlər olun, hətta özünüzə, valideynlərinizə, qohumlarınıza qarşı çıxmalı olsanız belə».

Son 50 ildə vətəndaş cəmiyyəti hərəkatında iştirak nəsibim olub. Bəzən «Hizmet» adlandırılan bu hərəkatın milyonlarla türkiyəli iştirakçısı və tərəfdarı var. Bu vətəndaşlar özlərini inanclarası dialoqa, ictimai fəaliyyətə, sosial aksiyalara, həyatı dəyişən təhsilin çatımlılığına həsr ediblər. Onlar 150-dən artıq ölkədə mindən çox müasir dünyəvi məktəb, tədris mərkəzləri, kolleclər, xəstəxanalar, yardım təşkilatları qurublar. Onlar müəllim, jurnalist, biznesmen və adi vətəndaşlardır.

«HİZMETÇİ»LƏR SİYASİ PARTİYA YARATMAYIB

Hakim partiyanın «Hizmet» iştirakçılarına basqı üçün əl atdığı ritorika öz avtoritarizmini əsaslandırmaq məqsədi daşıyır. «Hizmet» iştirakçıları heç vaxt siyasi partiya yaratmayıblar, heç vaxt siyasi ambisiyaları olmayıb. Onların hərəkatda iştirakı xarici deyil, daxili mükafatlandırma hissindən doğur».

Fethullah Gülen yazır ki, 50 ildir sülh, qarşılıqlı hörmət və altruizmi təbliğ edir, öyrədir: «Təhsil, ictimai fəaliyyət və dinlərarası dialoqu təşviq etmişəm. Daim digərlərinin xoşbəxtliyində öz xoşbəxtliyini axtarmağa inanmışam. Nüfuzumdan vicdanlı insanlara faydalı təhsil və sosial layihələrin təbliği üçün istifadə etmişəm. Siyasi hakimiyyətə marağım yoxdur.

Özüm daxil olmaqla, xeyli sayda «Hizmetçi» vaxtilə hakim partiyanın siyasətini dəstəkləyib. 2005-ci ildə Avropa Birliyi ilə üzvlük danışıqlarının başlanması da həmin siyasət içindəydi. İndiki tənqidimiz kimi, o zamankı dəstəyimiz də prinsipə əsaslanırdı. Cəmiyyətə dərin təsir göstərən hökumət siyasəti barədə danışmaq hüququmuz və borcumuzdur. Təəssüf ki, korrupsiya və avtoritarizmə qarşı demokratik çıxışlarımız bizi təqib qurbanlarına çevirib; həm «Hizmet» hərəkatı, həm də mən nifrət çıxışı, mediada qarayaxma kampaniyaları, hüquqi təqib hədəfinə çevrilirik.

TÜRKİYƏYƏ ÇAĞIRIŞ

Türkiyə cəmiyyətinin bütün seqmentlərində olduğu kimi, «Hizmet» iştirakçıları hökumət təşkilatlarında və özəl sektorda da iştirak edir. Bu vətəndaşların konstitusion hüquqları alına bilməz, «Hizmet» ideallarına rəğbətə görə ayrı-seçkiliyə məruz qoyula bilməzlər. Əlbəttə ki, ölkə qanunlarına, işlədikləri qurumların qaydalarına, əsas etik prinsiplərə riayət etdikləri çərçivədə. Cəmiyyətin istənilən seqmentini ayırıb ona təhlükə kimi baxmaq dözümsüzlük əlamətidir.

Biz AKP basqılarının yeganə qurbanları deyilik. Dinc ətraf mühit etirazçıları, kürdlər, ələvilər, qeyri-müsəlman vətəndaşlar, hakim partiyaya bağlılığı olmayan bəzi sünni qrupları da əziyyət çəkir. Qarşılıqlı tənzimləmə olmasa, heç bir fərd və ya qrup hakim partiyanın qəzəbindən sığortalanmayıb. Dini inancından asılı olmayaraq, vətəndaşlar universal insan haqları və azadlıqları ətrafında birləşməli, onları pozanlara qarşı demokratik dirəniş göstərməlidirlər».

«Türkiyə elə bir həddə çatıb ki, demokratiya və insan haqları, demək olar ki, bir kənara qoyulub. Ümid və dua edirəm ki, hakimiyyətdə olanlar getdikləri cığırdan dönəcəklər. Keçmişdə Türkiyə xalqı demokratik yoldan dönən seçilmiş liderləri rədd edib. Ümid edirəm, onlar ölkənin gələcəyini düzəltmək üçün hüquqi və demokratik hüquqlarından yararlanacaqlar» - Fethullah Gülen «The New York Times» qəzetində yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG