Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:00

Xərçəng bir ildə dünyanı 1 trilyon dollar xərcə salıb


Arxiv fotosu
Arxiv fotosu

-

Xərçəngə qarşı qlobal mübarizədə qalib olmaq üçün, sadəcə, xəstəliyi müalicə etmək yetərli deyil. Potensial xərçəng böhranının qarşısı təcili qabaqlayıcı tədbirlərlə alınmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng xəstəliyi üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (BXAA) bu qənaətdədir. Qurum 40 ölkədən 250 alimin iştirakı ilə xəstəliyin tədqiqi və ona nəzarət üzrə hesabat hazırlayıb.

«Ümumdünya Xərçəng Hesabatı – 2014» adlı hesabatda son statistikalara istinadən xəstəliyin təşviş doğuracaq sürətlə yayıldığı vurğulanır. «Qlobal xərçəng yükündəki bu cür artıma cavab verə bilmək üçün qabaqlayıcı və erkən diaqnoz imkanları çox təcili təkmilləşdirilməlidir», – BXAA-nın direktoru və hesabatın həmmüəllifi doktor Christopher Wild belə deyib.

QLOBAL XƏRÇƏNG YÜKÜNDƏ ARTIM

2012-ci ilin hesablamalarına görə, dünya üzrə hər il 14 milyon yeni insanda xərçəng xəstəliyi aşkarlanırdısa, növbəti 20 ilə bu rəqəmin 22 milyona çatacağı gözlənilir. Eyni dövrdə xərçəngdən ölüm hallarının ildə 8.2 milyondan 13 milyona qalxacağı proqnozlaşdırılır. Hazırda ən çox rast gəlinən xərçəng xəstəlikləri sırasında ağciyər xərçəngi birinci (1.8 milyon hal, bütün xərçəng xəstəliklərinin 13%-i), döş xərçəngi ikinci (1.7 milyon, 11.9%), yoğun bağırsaq xərçəngi üçüncüdür (1.4 milyon, 9.7%). Ölümlə nəticələnən xərçəng xəstəliklərinə gəlincə, ilk yeri yenə ağciyər (19.4%), ikinci yeri qaraciyər (9.1%), üçüncü yeri isə mədə xərçəngi (8.8%) tutur.

COĞRAFİ BÖLGÜ

Əhalisinin daha sürətlə artması səbəbindən inkişaf etməkdə olan ölkələr xərçəng xəstəliyi halları ilə daha tez-tez rastlaşırlar. Dünya xərçəng xəstəliyi hallarının 60%-indən çoxu Afrika, Asiya, Mərkəzi və Cənubi Amerikanın payına düşür. Həmçinin, xərçəngdən ölüm hallarının 70%-nə adıçəkilən regionlarda rast gəlinir. Başlıca səbəb erkən diaqnoz imkanlarının zəif olması və müalicənin əlçatan olmamasıdır.

QARŞISI ALINA BİLƏN ÖLÜM HALLARI

İnkişaf etməkdə olan ölkələrdə müalicənin qiyməti münasib olsaydı, ölüm halları xeyli azalardı. Ancaq xəstəliyin geniş yayılması hətta zəngin ölkələrin iqtisadiyyatına baha başa gəlir. 2010-cu ildə xərçəng dünyanı 1.16 trilyon dollar xərcə salıb. Ancaq xəstəliyə dair mövcud biliklər adekvat tətbiq olunsaydı, xərçəng halları ikiqat az olardı.

ERKƏN DİAQNOZ VƏ MÜALİCƏ

Hesabatın müəlliflərindən biri olan doktor Bernard W.Stewart deyir ki, hökumətlər yüksəkkeyfiyyətli tədqiqat və erkən diaqnoz proqramlarının tətbiqini genişləndirmək üçün siyasi iradə göstərməlidirlər. Çünki bu istiqamətə qoyulan vəsait - xərcdən çox investisiya olaraq - hökumətləri xəstəliyin ağırlaşmış formalarına daha çox vəsait xərcləməkdən azad edər.

RİSKİ AZALTMAQ ÜÇÜN ADEKVAT QANUNVERİCİLİK

Zəngin ölkələrdə xəstəliyə nəzarət tədbirləri göstərir ki, erkən diaqnoz kimi qabaqlayıcı tədbirlər də yetərli deyil. Riski azaltmaq üçün qanunverici tədbirlər də görülməlidir. Məsələn, Tütünə Nəzarət Konvensiyası vergilər, reklam qadağaları və digər məhdudiyyətlər vasitəsilə tütün istifadəsinin azaldılmasında mühüm rol oynayıb. Digər sahələrə, xüsusilə spirtli içki və fastfud tipli yeməklərə də bənzər yanaşmanın tətbiqi nəzərdən keçirilə bilər. «Aşağı və orta gəlirli ölkələrdə hökumətlərin əhalini bu risklərdən qorumaq üçün qanunvericilik tədbirləri görməsi çox vacibdir», – doktor Steward bu fikirdədir.

HESABATDA AZƏRBAYCANLA BAĞLI YAZILANLAR:

Kişilərdə ən çox rast gəlinən xərçəng xəstəliyi – ağciyər xərçəngi

Qadınlarda ən çox rast gəlinən xərçəng xəstəliyi – döş xərçəngi

Kişilər arasında hər 100 min nəfərə düşən xərçəng xəstəsinin sayı – 165.8

Qadınlar arasında hər 100 min nəfərə düşən xərçəng xəstəsinin sayı – 124

Kişilərdə xərçəngdən ölüm halları – hər 100 min nəfərə 118.7

Qadınlarda xərçəngdən ölüm halları – hər 100 min nəfərə 73.3

Kişilər (15 yaşdan yuxarı) arasında siqaret çəkmə halı – 44.9%

Qadınlar (15 yaşdan yuxarı) arasında siqaret çəkmə halı – 0.9%

Kişilər (20 yaşdan yuxarı) arasında artıqçəkilik – 52%

Qadınlar (20 yaşdan yuxarı) arasında artıqçəkilik – 61.9%

Azərbaycanda 2013-cü ildə 9.1 min nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 100 min nəfərinə bu göstərici 98 nəfər təşkil edib.

2014-cü ilin əvvəlində tibb müəssisələrinə bu xəstəliklə qeydiyyatda olanların sayı hər 100 min nəfərə 371 nəfər olub.

Qadınlar arasında süd vəzisinin, uşaqlıq boynunun, mədənin, yumurtalığın, kişilər arasında isə traxeyanın, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə-quruluşca yaxın toxumların, düz bağırsağın bədxassəli şişləri ilə xəstələnmə halları daha çox olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG