Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:03

«1994-cü ildə «Azadlıq» qəzetiylə Prezident Aparatı arasında vasitəçi olmuşam»


«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev, 21 oktyabr 2006
«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev, 21 oktyabr 2006
«Panorama» adlı həftəlik radio-icmalda Dövlət Əmlak Komitəsi ilə «Azadlıq» qəzeti arasında bu qəzetin binası üstündə mübahisələrdən bəhs olunur. Həmsöhbətimiz «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyevdir.

Sual: Artıq bildiyimiz kimi, Dövlət Əmlak Komitəsi «Azadlıq» qəzetinin Xəqani 33 ünvanındakı binadan çıxarılması ilə bağlı iqtisad məhkəməsi qarşısında iddia qaldırıb. Bu bina «Azadlıq» qəzetinə 1993-cü ildə Xalq Cəbhəsi hakimiyyəti dövründə verilib. Ancaq şəhər icra hakimiyyətinin sərəncamında deyilmir ki, bu bina qəzetə icarəyə, yoxsa onun balansına verilir. Əmlak Komitəsi iddia edir ki, qəzet binadan ödənişsiz qaydada istifadə etməklə dövlətə 30 min manat ziyan vurub və həmin binanı boşaltmalıdır. Həmin binada isə «Azadlıq» qəzetindən başqa, Azərbaycan Xalq Cəbhəsi partiyası, bir sıra qəzet və hüquq müdafiə təşkilatları, o cümlədən də Sizin rəhbərlik etdiyiniz «Turan» informasiya agentliyi yerləşir. Mehman bəy, Sizcə bütün bu mübahisələrə səbəb nədir?


Cavab: «Turan» informasiya agentliyi orada 1993-cü ildən yerləşir. Mən o binada 93-cü ildən işləyirəm və bütün prosesləri bilirəm. Birmənalı şəkildə demək istəyirəm ki, bu, siyasi məsələdir. Bilirsiniz ki, «Azadlıq» qəzeti mətbuat konfransı keçirəndə orada hüquqşünas Sahib Məmmədov bildirdi ki, o zaman qərar veriləndə o, Bakı şəhər İcra Hakimiyyətində idi. Orada qərar verildi ki, yerləşdirilsin və balansa verilsin…


Sual: Qərar, yoxsa sərəncam?


Cavab: Yox, orada qərar var. Qərara baxmaq lazımdır. Çünki Bakı şəhər Xalq Deputatları Soveti vardı, orada qərarlar səsverməylə qəbul olunurdu. Onda da o qərar səsə qoyulmuşdu və qərar qəbul olunmuşdu ki, balansa verilsin. Sənədləri qaldırmaq lazımdır. O, sadəcə qısaca bir sərəncamdır ki, yerləşdirilsin. Orada deyilmir ki, icarəyə verilsin və s. ancaq bu, başqa məsələdir – verə də bilərdi, verməyə də. Bunu dövlət orqanları müəyyənləşdirməlidir. 93-cü ildə «Azadlıq» qəzeti dəfələrlə Səbail rayon İcra Hakimiyyətinə, başqa dövlət orqanlarına müraciət etmişdi ki, müqavilə bağlansın. Hər dəfə də bu problem ortaya çıxanda «Azadlıq» qəzeti də məsələ qaldırırdı ki, icarə müqaviləsi bağlansın. Hər dəfə bundan qarşı tərəf yayınırdı.


Sual: Ancaq Dövlət Əmlak Komitəsindən bildirirlər ki, «Azadlıq» qəzeti uzun müddət əvəzsiz olaraq bu binadan istifadə edib və dövlətə 30 min manat ziyan dəyib. Qəzet həmin o ziyanı vurana qədər Komitə o müqaviləni bağlaya bilməzdimi?


Cavab: Ziyan bilirsiniz nə zaman olur? Mənimlə Sizin aranızda müqavilə var, orada şərtlər göstərilir ki, mən bir kvadrat metrinə görə nə qədər ödəməliyəm, hansı vaxtda ödəməliyəm və s. Bu müqavilə, sənəd olmayan yerdə qəzet pulu nəyin əsasında ödəməlidir?... İkincisi, biz şəxsən, «Turan» informasiya agentliyi 2000-ci ildə Dövlət Əmlak Komitəsinə müraciət etmişdik ki, bu binadan çıxmaq istəyirik. Bizə başqa bir yer verin. Bizə cavab verdilər ki, imkan yoxdur və s. Ondan sonra məktub yazdım ki, icarə müqaviləsi bağlayaq. Dedilər ki, onda sənəd təqdim edin ki, Sizə bu yer qanuni verilib. Məndə isə «Azadlıq» qəzetiylə müqavilə var ki, biz bu qəzetə informasiya xidməti göstəririk və onun müqabilində onlar bizə orada yer verirlər…


Sual: Mehman bəy, Dövlət Əmlak Komitəsi bu icarədən Siz dediyiniz kimi, bir qədər qaçırdısa, onda «Azadlıq» qəzeti və yaxud həmin binada yerləşən başqa təşkilatlar Dövlət Əmlak Komitəsini məhkəməyə verə bilməzdimi?


Cavab: İş ondadır ki, bu vaxta kimi icarə haqqı verilməsi məsələsi qaldırılmayıb. 1994-cü ildə mən özüm şəxsən Bakı şəhər İcra Hakimiyyətinin qərarını görmüşəm, Rəfail Allahverdiyevin imzasıyla ki, «Azadlıq» qəzeti bu binadan çıxarılsın. 94-cü ildə mən şəxsən, Mehman Əliyev Prezident Aparatında danışıqlar aparmışam, «Azadlıq» qəzeti ilə Prezident Aparatı arasında vasitəçilik etmişəm. Orada siyasi tələblər qoyulmuşdu ki, müəyyən şərtlər yerinə yetirilməsə, «Azadlıq» qəzeti binanı tərk etsin.


Sual: Hansı şərtlərdir?


Cavab: Mən deməyəcəm, istəmirəm bu məsələləri açım. Qoy, desinlər ki, Mehman Əliyev açsın, onda deyərəm hansı şərtlər qoyulmuşdu. Ancaq o şərtlər «Azadlıq» qəzeti tərəfindən müəyyən vaxt yerinə yetirilirdi. Ona görə də qaldılar orada, o sərəncam ləğv olunmadı. Yəni qoydular stolun altına…


Sual: Mehman bəy, Siz dediniz ki, «Azadlıq» qəzetinə qarşı qərar siyasi qərardır. Bu qərarla bağlı Redaktorlar Birliyinin kifayət qədər aktivliyi müşahidə olundu. Mənim sualım başqadır: Bir müddət bundan əvvəl bir sıra başqa mətbu orqanlar – «Azadinform», «Assa-İrada», «Azernews» da «Nizami» Metrosu ilə üzbəüz yerləşən binalarından çıxarıldı. Amma onda Redaktorlar Birliyi nədənsə indiki kimi reaksiya vermədi. Məncə, bunun özü də qərəzdir. Siz necə hesab edirsiniz?


Cavab: Mən hesab etmirəm ki, qərəzdir. Çünki o mətbu orqanların heç biri məsələni qaldırmayıb. Hansı Redaktorlar Birliyinə müraciət edib ki, bizi çıxarıblar, bizə yardımçı olun, ya bizə dəstək verin. Mən eşitmişəm ki, bunun müqabilində onlara başqa yerlər verirlər. «Azadlıq»a, ya «Turan»a təklif etmirlər ki, siz bu binadan çıxın, biz sizə burda yer veririk... Siz deyirsiniz ki, Siz niyə müdafiə etmədiniz. O, hesab etmirsə ki, bu ona təzyiqdir, onda mən kimi müdafiə etməliyəm?...



MEHMAN ƏLİYEVLƏ SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG