Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 11:00

Doğrudanmı Avropanın gələcəyində Türkiyə də var?


Türkiyə və AB bayraqları
Türkiyə və AB bayraqları

-

«Baş nazir Ahmet Davutoğlu ötən şənbə xalqa müraciətində deyib ki, Avropanın gələcəyi «Türkiyəsiz yazılmayacaq». Dediyindən belə çıxır ki, Türkiyə Avropanın əsas hissəsidir və belə də qalacaq», - bunu Semih İdiz «Hurriyet Daily News»da yazır.

«Davutoğlu Türkiyənin Avropa Birliyinə gedən yoluna atılan dini, mədəni əngəllərdən danışıb. Görünür ona elə gəlir ki, bu, birtərəfli küçədir və bütün maneələr də Avropa tərəfdədir. Baş nazir demokratiyanın təməl prinsipləri olan söz və ifadə azadlığından, müstəqil məhkəmənin qorunmasından danışmayıb».

Müəllif yazır ki, Avropada islamofobiyadan, antitürk baxışlardan danışmağa ehtiyac yoxdur, Avropa Türkiyənin xətrinə deyil, milyonlarla avropalı müsəlmana görə bu problemlərlə məşğul olmalıdır.

«Avropanın gələcəyi açıq-aydın müsəlmanlarsız yazılmayacaq. Ancaq Türkiyəsiz yazılması realdır. Çünki hazırda prezident Recep Tayyip Erdoğan-ın rəhbərliyi altında Türkiyə heç vaxt olmadığı kimi Avropadan uzaqlaşır».

Üstəlik, Erdoğan Rusiya prezidenti Vladimir Putin-dən xahiş edir ki, onu Şanxay Beşliyinə qəbul etsin. Bu da onun demokratiya və insan haqları dəyərlərinə daha az vurğunluğunu göstərir. Erdoğan-ın avtoritar tendensiyalarını nəzərə alsaq, aydın deyil ki, Davutoğlu «Avropanın gələcəyi Türkiyəsiz yazılmayacaq» məsələsini necə təmin edəcək. Əlbəttə, bunu mənfi deyil, müsbət anlamda nəzərdə tutursa.

«Azadlıqları genişləndirməyə deyil, məhdudlaşdırmağa köklənmiş Türkiyə üçün, təbii ki, Avropada yer yoxdur... Avropa da bitkin deyil. AKP tərəfdarları da onun qüsurlarına işıq salmağı sevirlər... Ancaq Avropanın can atdığı dəyərlər, son 70 ildə nöqsanları aradan qaldırmaq üçün gördüyü işlər ortadadır. Ancaq bu gün Türkiyənin götürdüyü istiqamət, əsl demokratiyaya sadiqlik yolu aydın deyil. Ona görə də Avropanın gələcəyində Türkiyənin yer alacağına təəccüblənməmək olmur», - müəllif yazır.

Ukrayna tankı
Ukrayna tankı

ABŞ UKRAYNAYA RAKET VERMƏYİ GÖTÜR-QOY EDİR

«Wall Street Journal» yazır ki, ABŞ hökuməti Ukraynaya «Javelin» tank əleyhinə raket, kiçik silahlar və sursat göndərməyi nəzərdən keçirir. Pentaqon Ukraynaya döyüş yardımı göstərməyi çoxdan dəstəkləyir, ancaq hələ bu yaxınlaradək Ağ Ev buna az maraq göstərir, Rusiya prezidenti Vladimir Putin-lə qarşıdurmanı gücləndirməməyə çalışırdı.

Ancaq Ukraynanın şərqində döyüşlərin yenidən qızışdığı bir arada Ağ Ev və hərbi liderlər Ukraynaya tank əleyhinə raket də daxil olmaqla, döyüş yardımı göstərilməsinə başqa gözlə baxmağa başlayıblar. Ağ Evin milli təhlükəsizlik müşaviri Susan Rice müzakirəni yenidən başladıb. Ancaq rəsmilər hələlik qərar verilmədiyini deyirlər.

Əslində, bir neçə aydır müzakirələr gedir. ABŞ indiyədək qeyri-döyüş yardımı ayırsa da, Ukraynaya silah və ya sursat göndərməyib. Rəsmilər deyir ki, müzakirələrdə əsas bir məsələyə diqqət ayrılır – Ukraynaya «müdafiə silahları»nın verilməsi cənab Putin-in yaraqlılara dəstəyi azaltmasına gətirəcək, yoxsa onu daha da qızışdıracaq və ölkəni daha böyük sabitsizliyə sürüyəcək?

«Nəticənin necə olacağına proqnoz vermək çətindir. Ancaq bu qərarda ən çox Moskvanın reaksiyası nəzərə alınmalıdır», - bir yüksək rütbəli ABŞ rəsmisi qəzetə deyib.

Bəzi rəsmilər inanırlar ki, Ukraynaya özünümüdafiə üçün döyüş yardımının verilməsi vəziyyəti yüngülləşdirə bilər. Digərlərinin fikrincə, cənab Putin asanlıqla ABŞ silahlarına qarşı dayana və durumu daha təhlükəli həddə çatdıra bilər.

Bu həftə Ağ Evdəki müşavirlər Ukraynanı müzakirə edəcəklər, ancaq rəsmilərin dediyinə görə, hələlik qərar verilib-verilməyəcəyi bəlli deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG