Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:39

Vəfa Quluzadə Moskva ilə Vaşinqtonun çəkişməsində Azərbaycanın itirə biləcəyini deyir


Arxiv fotosu: Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin həmkarı İlham Əliyevi Bakı buxtasında Rusiya hərbi gəmisinə dəvət edib. 13 avqust 2013
Arxiv fotosu: Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin həmkarı İlham Əliyevi Bakı buxtasında Rusiya hərbi gəmisinə dəvət edib. 13 avqust 2013

-

VƏZİYYƏT TƏHLÜKƏLİDİR

- Rusiya Azərbaycanı dağıdır və Vaşinqton da susaraq seyr edir ki, onsuz da Rusiyanı 2-3 ilə dağıdacağıq.

- Azərbaycanla Ermənistan arasında müharibə yenidən başlana bilər.

Vəfa Quluzadə
Vəfa Quluzadə

Bu cür ürəkaçmayan proqnozu keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə verir, son günlər atəşkəsin pozulmasını və Qafqazın iki dövləti arasında səngiməyən ittihamları şərh edərkən deyir:

- Və bu müharibə Rusiyanın müharibəsi olacaq. Ermənistan cəmiyyəti müharibə haqqında düşünmür. O, indiki marionetka hakimiyyətdən canını qurtarıb üzünü Avropa Birliyinə çevirmək istəyir. O ki qaldı son günlər sərhədboyu aktivliyə, Ermənistanın bu qədər silah-sursata pulu yoxdur, bir güllə bir dollardır. Son günlərdə Ermənistan Azərbaycana atəş açır, Azərbaycan da Ermənistana. Bunun da arxasında Rusiya durur.

Vəfa Quluzadənin fikrincə, Qərb Rusiyaya təzyiq göstərməyə davam etdikcə, Kreml də Qərbin regiondakı maraqlarına zərbə vurmağa başlayacaq:

“Qərbin Azərbaycanda böyük maraqları var. Rusiyanın neft, qaz asılılığından qurtulmaq istəyən Qərb Xəzər hövzəsinin enerji ehtiyatlarına ümid bağlayır. Bəs, Rusiya bunu necə əngəlləməlidir? Təbii ki müharibəylə. Xəzər hövzəsinin qazının, neftinin dünya bazarına çıxarıldığı ölkədə müharibəyə başlamaqla”.

Vəfa Quluzadə baş verənlərdə Qərbi də suçlayır: “Qərb həqiqətləri vaxtında bilə-bilə dilə gətirməyib. O, zamanında Rusiyanı cilovlaya bilərdi. İndi isə Rusiya üçün gözəl imkan yaranıb. Azərbaycanla Ermənistanın atəşkəsi pozması müharibənin başlanmasına səbəb olacaq. Rusiya da qazını-neftini rahatca Avropa bazarına çıxarmaqda davam edəcək”.

Əvəz Həsənov
Əvəz Həsənov

ƏVƏZ HƏSƏNOV: “BAKI STRATEJİ BAXIMDAN DÜZGÜN ADDIM ATIR”

Konfliktoloq Əvəz Həsənov da o fikirdədirki, Bakı-Tbilisi-Ceyhan kəmərini vurmaq Rusiyanın çoxdankı arzusudur: “Amma onu da bilir ki, bu halda Azərbaycanı birdəfəlik itirəcək”.

Konfliktoloqun qənaətincə, geniş miqyasda müharibəyə başlamaq nə Azərbaycanın, nə də Ermənistanın marağındadır.

“Tərəflər müharibəyə hazır deyillər. Azərbaycanın öz qayğıları var, beynəlxalq layihələrin təhlükəsizliyindən narahatdır. Ermənistan Rusiyanın boyunduruğundan qurtarmaq, heç olmasa ondan müəyyən məsafədə dayanmaq istəyir. Bu halda müharibə ona sərf etmir. Çünki bu müharibədə udacağı, ya uduzacağı bəlli deyil, o işğal etdiyi torpaqlara nəzarəti özündə saxlayacağına əmin deyil”.

Bəs o zaman son günlər baş verən nədir? Konfliktoloq deyir ki, sadəcə tərəflər bir-birinə güc nümayiş etdirirlər: “Azərbaycan Ermənistana yeni aldığı silahları göstərir, Ermənistan da nəzarətin onda olduğunu”.

Əvəz Həsənov bu fikirdədir ki, Azərbaycan indiyədək müdafiə mövqeyində idi:

“Bu münaqişənin həlli zamanı Kremlin neytrallığını qoruyacağından əmin deyildi. Amma indi əmindir ki, dil tapmaq olar. Ona görə də Bakı Yerevana güc göstərir, Ermənistana münaqişənin sönməsi haqda düşünməyə imkan vermir. Bu, strateji baxımdan düzgün addımdır”.

Azərbaycan və ermənistan ordularının müqayisəsi
Azərbaycan və ermənistan ordularının müqayisəsi

VƏFA QULUZADƏ: “ABŞ RUSİYANI DAĞIDANA QƏDƏR AZƏRBAYCAN DARMADAĞIN OLA BİLƏR”

Konfliktoloq fikrini belə yekunlaşdırır: “İkinci cəbhə açmaq Rusiyanın maraqlarında deyil”.

Politoloq Vəfa Quluzadə əksinə düşünür ki, hər şey Ukraynadakı proseslərin gedişatından asılıdır. Politoloq müharibənin səngimədiyini, Qərbin Rusiyaya qarşı yeni sanksiyalar hazırladığını yada salır:

“Məsələ Rusiya ilə Qərbin qarşıdurmasının hara qədər getməsindən asılıdır. Rusiya hətta nüvə silahından istifadəni də istisna etmir. Baş nazir Medvedev bu günlərdə dedi ki, hüdudsuz tədbir görəcəklər. Bu nə deməkdir?”

Yenə həmin sual təkrar edilir: “O zaman Azərbaycan üçün müharibə qaçılmazdır?”

Vəfa Quluzadənin cavabı:

“Hər şey daha çox Vaşinqtonun mövqeyindən asılıdır. Birinci mövqe budur ki, ABŞ-ın Ukraynada olmasa da, Şərqi Avropadakı hərbi bazaları gücləndirilir. Vaşinqton bildirir ki, Kremlə əsgəri cavab veriləcək.

İkinci mövqe budur ki, Rusiya Azərbaycanı dağıdır və Vaşinqton da susaraq seyr edir ki, onsuz da Rusiyanı 2-3 ilə dağıdacağıq. Yəni ABŞ Rusiyanı dağıdana qədər Azərbaycan darmadağın edilə bilər”.

QABAQLAYICI TƏDBİRLƏR

Bəs, Azərbaycan prosesi təkbaşına önləyə bilərmi? Vəfa Quluzadə deyir ki, Azərbaycan onsuz da Moskvaya qarşı hər zaman güzəşt siyasəti aparıb:

“Bu sovet dönəmində də belə idi. İkinci Dünya Müharibəsi vaxtı Azərbaycan sovetlərə neft, silah-sursat verdi, amma nəticə nə oldu? Onun fədakarlıqları unuduldu, 20 yanvarda Bakıya qoşun yeridildi, torpaqları işğal olundu. Rusiya sadəcə öz maraqlarını düşünür.

Azərbaycan neyləyə bilər? Bu gün Azərbaycan ordusu güclüdür. Ermənistan da bilir ki, Rusiya dalında durmasa, darmadağın ediləcək. Ona görə də ermənilərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir ki, Azərbaycanla müharibəyə girməsin".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG