Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Gəncədən kömək üçün prezident İlham Əliyevin tələbə oğluna müraciət ediblər


Hafiz Qocayev oğli Farizlə.

Hafiz Qocayev oğli Farizlə.

.

Bu günlərdə mətbuatda Gəncə şəhərində yaşayan II qrup əlil, 20 yaşlı Fariz Qocayevin prezident İlham Əliyevin oğlu Heydər Əliyevə məktubu yayılıb.

Məktubdan aydın olur ki, bu, onun Heydər Əliyevə ikinci müraciətidir. Müraciətdə deputat Əhməd Vəliyevin himayəsində olduğu iddia edilən “Muğan Bank” ASC ittiham olunur.

Fariz Qocayev məktubunda qeyd edir ki, adı çəkilən bank onun atasını müflis edib. O, hər iki məktubunda bu və digər problemlərinin həll olunması üçün prezidentin oğlundan kömək istəyib.

XƏSTƏ GƏNCİN ATASI NECƏ ÇIXILMAZ VƏZİYYƏT DÜŞDÜKLƏRİNİ DANIŞIR

AzadlıqRadiosu məsələni dəqiqləşdirmək üçün Fariz Qocayevlə əlaqə saxlasa da xəstəliyi səbəbindən onunla danışmaq mümükün olmadı. Onun yerinə atası Hafiz Qocayev suallarımızı cavablandırmağa razılıq verdi. O deyir ki, oğlunda beynin oksigenlə təchizatında problem var və danışmaqda çətinlik çəkir. Hafiz Qocayev suallarımıza cava olaraq bildirir ki, banka olan borcları üzündən evini də satıb və hazırda kirayədə yaşayır:

“Bankdan 100 min manat kredit götürmüşdüm, buna görə 25 min manat “şapka” almışdılar. İflasa uğradıq, ödəyə bilmədik. Faizlər də çox idi. iflasa uğradığımdan, pulu ödəyə bilmədim. Məhkəmənin qərarı ilə obyektimi əlimdən aldılar. Bundan sonra oğlum kömək etməsi üçün prezidentin oğluna məktub yazdı. Bu məktubdan sonra Gəncənin icra hakimiyyətindən məni çağırıb kömək vəd etdilər və dükanı özümə qaytardılar”.

Hafiz Qocyev deyir ki, bu hadisədən sonra ona tez-tələsik prezidentin oğluna təşəkkür məktubu yazdırıblar. O bildirir ki, amma sonra aldadıldığını dərk edib:

“Sən demə, dükan mənə qaytarılmayıb, icarəyə verilibmiş. Hər ay 800 manat ödəməli idim. Özüm kirayədə yaşayıram. Geridə qalan pulla nə evpulunu, nə uşağın müalicəsini ödəyə bilmirəm. Bir oğlum da Türkiyədə təhsil alır. 9 yaşlı 3-cü oğlum da xəstədir. Bunların hamısını çatdırmaq çətindir.

Əhməd Vəliyev

Əhməd Vəliyev

Ötən il dekabrın 19-da deputatımız Əhməd Vəliyevin qəbulanda oldum. Kömək söz versə də etmədi. Bundan sonra oğlum ikinci dəfə Heydər Əliyevə müraciət etdi. Oğlumum müalicəsini davam etdirməliyəm. İndiyə kimi 30 min manata yaxın xərcləmişəm. Xəstəliyi yaxşılığa doğru gedir. İndi, tam sağalması üçün pul lazımdı”.

Oğlunun niyə prezidentə yox, məhz onun oğluna müraciət etməsinin səbəbini Hafiz Qocayev belə izah edir:

“Prezidentin oğlu oxuduğu universitetdə televiziyaya müsahibə verirdi. Orada necə oxumağından, atasına necə hesabat verməsindən danışırdı. Birinci məktubunda yazmışdı ki, mən də istəyirəm oxuyam, danışam.

İstəyirəm ki, müalicəm getsin, dərslərimlə bağlı atama hesabat verim. Yardım istəmişdi, tutacaq bir yer istəmişdi ondan. Prezident buna reaksiya verməlidir. Mən sədəqə istəmirəm. İşsizəm, iş versinlər. Uzunmüddətli kredit versinlər ki, borclarımı ödəyib, vəziyyətdən çıxım”.

BANK TƏKZİB EDİR

“Muğan Bank” ASC Gəncə fililalından Qocayevlərin bankın hansısa depuata aid olması və kredit verərkən “şapka” alınması iddialarını rədd edirlər. Filial müdirinin müavini Şakir Hüseynov AzadlıqRadiosuna bildirdi ki, Hafiz Qocayev götürdüyü krediti ödəyə bilmədiyindən məhkəməyə verilib və onun əmlakı sayışa çıxarılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG