Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:43

-

Rusiyada ərzağın qiyməti qalxmaqda davam edir.

İndiyəcən orta təbəqə hesab olunan ruslar birdən-birə qəpiklərini saymağa başlayıblar.

Sankt-Peterburqda yaşayan Yulia Kolykhanova müəllimədir. Əvvəllər o, maaşının bir hissəsini toplayar, yay tətilini harda keçirmək haqda düşünərdi.

İndi isə o, maaşı maaşa calayır və məvacibinin hamısını ərzağa xərcləməli olur. Deyir ki, sabah necə olacağını bilmir: “Yaşayarıq, görərik… Şirniyyat, hisə verilmiş balıq, zeytun kimi delikateslərdən imtina etməli olmuşuq. Kələm, kartof, kök… bunların hamısı elə bahalaşıb ki… Kələmin kilosu 9 rubl idi, indi isə 40 rubla satılır. Bir kələmin qiyməti 100 rubla çıxır (1,5 dollar)”.

Amma Kolykhanova deyir ki, məsələ heç də onun şokolad, pendir kimi ərzaqlardan imtina etməsi ilə bitmir:

“Ən pisi odur ki, mən həyatımda yaranmış sabitlik hissini itirirəm”.

Qərb ölkələri, Ukraynaya təcavüz etdiyi üçün Rusiyaya sanksiyalar qoyduqdan sonra prezident Putin də buna cavab olaraq Avropa və Amerikadan gətirilən ərzağa embarqolar tətbiq etməyə başladı. Nəticədə Rusiya bazarlarında qıtlıq, bunun da nəticəsində qiymət artımı baş verdi. Üstəlik də sanksiyalara görə, rubl iki dəfə qiymətdən düşdü.

Qiymətlərin artımının qarşısını almaq üçün dövlət orqanları supermarketlərə reydlər etməyə başladılar. Amma bunun effekti az oldu.

Məsələn, Sankt Peterburq rəsmiləri deyirlər ki, yoxlama nəticəsində ərzağın 21 faiz bahalandığı aşkarlanıb. Vətəndaşlar isə bahalaşmanın bundan xeyli çox olduğunu bildirirlər.

Samarada yoxlamardan sonra bəzi supermarketləri cərimələyiblər də.

Vladimir Putin

Vladimir Putin

Samara sakini Olga Ivanova 8,500 rubl ($123) pensiya alır.

Deyir ki, nadir hallarda ət yeyə bilir: “Yayda həftədə bir dəfə toyuq budu ala bilirdim. Kilosu 80 rubla idi. İndi isə 170 rubladir. Daha ala bilmirəm”.

Ivanovanın qonşusu Yelena Vasilyeva mühəndisdir, 12 yaşlı oğlu var. Onun mühəndis maaşı 20 min rubldur ($290). Deyir ki, əsasən “tuşonka” alır. Daha ucuzdur deyə. Evdə yeyilən əsas yemək “tuşonka” əti və qızardılmış kartofdur.

“Ən ucuz tuşonkanı alıram – 50 rubla” – deyə Vasilyeva etiraf edir.

Chelyabinsk-də yaşayan Roza Sedykh da pensionerdir.

Allahına şükür edir ki, ötən ilin dekabrında 50 kilo şəkər alıb.

Onda kilosu 34 rubla idi. İndi 40 faiz bahalaşıb.

"Hər şey bahalaşıb – qaz da, işıq da, istilik də, su da” – deyə o şikayətlənir.

Roza və əri deyirlər ki, ikinci dərəcəli saydıqları bütün planları təxirə salıblar. O cümlədən evlərinin təmirini.

Ümid edirlər ki, dövlət tezliklə pensiyaları qiymət artımına uyğun indeksləşdirəcək. Bundan sonra çoxdandı almaq istədikləri yeni çaynikə də pul tapacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG