Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:32

Terrorçuların tələb etdiyi pulu verməmək düzgündürmü?


Suriya - 'Islam dövləti' yaraqlısının amerikalı James Wright Foley-ni edam etdiyi videodan kadr. 19 avqust 2014

Suriya - 'Islam dövləti' yaraqlısının amerikalı James Wright Foley-ni edam etdiyi videodan kadr. 19 avqust 2014

-

Bir tərəfdə terrorçularla danışıqlara getmək istəməyən, onların tələblərini qarşılamaqdan imtina edən dövlətlər. O biri tərəfdə əzizinin edamının qarşısını almaqda aciz olan ailələr…

CNN telekanalının saytındakı yazısında Woodrow Wilson Beynəlxalq Mərkəzinin vitse-prezidenti Aaron David Miller sual edir: Terrorçularla danışıqlara getməkdən imtina etmək düzgündürmü?

O etiraf edir ki, terrorçulara girovların azad edilməsi müqabilində pul vermək onları adam oğurluğuna daha da həvəsləndirmək deməkdir.

BƏS TALİBANLA RAZILAŞMA?

Amma o biri tərəfdən ABŞ indiyəcən terrorçuluğa sponsorluq etməkdə suçladığı İran və Kuba kimi ölkələrlə danışıqlara gedir.

Üstəlik, əvvəllər də terrorçularla razılaşma əldə edilməsi halları olub. Bunların ən məşhuru İran Contra hadisəsidir ki, 1980-ci illərdə Livandakı şiə qruplaşmasının girov götürdüyü Amerika vətəndaşlarının azad edilməsi İsrailin həbsdən yüzlərlə şiə məhbusu buraxması müqabilində mümkün olmuşdu.

Elə son illərdə də belə hallar olub.

Bowe Berghdal

Bowe Berghdal

Amerika əsgəri Bergdahl 2013-cü ildə 5 Taliban rəsmisinə dəyişdirilmişdi.

Obama administrasiyası buna belə haqq qazandırmışdı ki, Taliban daha çox yaraqlı qrupdur, nəinki terror təşkilatı.

132 MİLYON DOLLAR...

Məqalə müəllifi yazır ki, yaraqlı qrup, yoxsa terror təşkilatı, girov məsələsində bu elə bir fərq eləmir.

Onun fikrincə, bir tərəfdən terrorçularla danışıqlara getmədiyini deməsi, o biri tərəfdən belə girov-məhbus dəyişmələrini gerçəkləşdirməsi ABŞ haqda davamlı siyasət yürütməyən ölkə təsəvvürü yaradır.

Aaron David Miller bu yaxınlarda “İslam dövləti”nin amerikalı girovları edam etməsindən sonra ABŞ-ın öz mövqeyinə aydınlıq gətirməsini istəyir.

Üstəlik xatırladır ki, Fransa hökuməti də terrorçularla danışıqlara getmədiyini desə də, bir müddət əvvəl Nigerdə terrorçuların girov götürdüyü 4 nəfər fransız nüvə mütəxəssisini azad etmək üçün pul ödəyib. Baxmayaraq ki bunu danır.

Terrorçular adətən girovların azad edilməsi üçün çox böyük məbləğdə pul istəyirlər. Məsələn, “İslam dövləti” amerikalı James Foley-ni azad etmək üçün 132 milyon dollar tələb edirdi.

ÇƏTİN SEÇİM

Yaponiyanın baş naziri Shinzo Abe də terrorçularla danışıqlardan imtina edib. Bu günlərdə "İslam dövləti" iki yapon girovu edam edib.

Yaponiyanın baş naziri Shinzo Abe də terrorçularla danışıqlardan imtina edib. Bu günlərdə "İslam dövləti" iki yapon girovu edam edib.

Aaron David Miller buna baxmayaraq sual edir. Əgər başqa çıxış yolu yoxdursa, dövlət öz vətəndaşını xilas etmək üçün pul ödəməlidirmi?

Əgər dövlət bunu özü etmirsə, əzizi girov götürülmüş ailələrin tələb olunan pulu toplamaq üçün kampaniyaya başlamasına şərait yaratmalıdırmı?

Məqalə müəllifi ritorik sual verir.

“Hər şeyi bir kənara qoyaq, əgər girov götürülən sizing öz oğlunuz, atanız, əriniz, xanımınız, qızınız, yaxud bacınız olsaydı, dövlətin terrorçulara pul vermək istəməməsi siyasətinə necə baxardınız?”

Aaron David Miller yazır ki, doğrudan da çətin sualdır. Amma dövlət çətin seçim etməlidir ki, gələcəkdə daha çətin durumlara düşməsin. Bəlkə girov məsələsində hər şəraitə ayrıca yanaşmaq, heç bir ayrı seçim olmadıqda ailələrə öz əzizlərini azad etmək yönündə iş görmək imkanı yaradılmalı, onlar terrorçularla danışıqlara gedəcəkləri halda cinayət məsuliyyəti ilə hədələnməməlidirlər?

Günün bütün mövzuları

XS
SM
MD
LG