Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59

Rəsulzadənin Topçubaşovun məzarı başındakı nitqi- [Tam mətn]


Fransada Əlimərdan bəy Topçubaşovun dəfn mərasimi (Paris, 1934)

Fransada Əlimərdan bəy Topçubaşovun dəfn mərasimi (Paris, 1934)

.

Tanınmış filoloq-alim Vilayət Quliyev AzadlıqRadiosunun «İz» proqramına «M. Ə. Rəsulzadənin Əlimərdan bəy Topçubaşovun məzarı başındakı nitqi»nin başqa versiyası olduğunu bildirib:

«Bu mətn də orijinaldir. «Prometey» jurnali Əlimərdan bəy haqqında xususi say hazırlayanda M. Əmin bəy by yazını rus dilində təqdim edib. Fikrimcə, məzar başında da M. Əmin bəy iki dildə danışıb. Azərbaycanca qısa, rusca isə daha əhatəli nitq söyləyib. Çünki dəfndə iştirak edən Rusiyaəsilli siyasi mühacirlər üçün bu dil daha anlaşıqlı idi. Mən by mətni, habelə digər natiqlərin dəfn mərasimindəki nitqlərini 2009-ci ildə Əlimərdan bəyin vəfatının 75 illiyi münasibəti ilə tərcümə etmişdim».

Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadənin Əlimərdan bəy Topçubaşovun məzarı başındakı nitqi.

Paris, 8 noyabr 1934-cü il

Xanımlar və cənablar!

Bu gün millətimizin yetirdiyi ən böyük şəxsiyyətlərdən birinə «Əlvida!» deyirik. Parlamentimizin ilk sədrini, Azərbaycan Nümayəndə Heyətinin möhtərəm başçısını Fransa torpağına əmanət veririk. Təəssüf ki, biz onu öz ana vətənində dəfn edə bilmirik.

Yalnız Parlament sədri, Nümayəndə Heyətinin rəhbəri, Milli Şura üzvü kimi vəzifələrinin sadalanması hələ onun bütün xidmətlərini əhatə etmək deyil. Millətin rifahı və tərəqqisi naminə Əlimərdan bəyin çəkdiyi zəhmətlərin sözlə ifadəsi imkan xaricindədir. O, başdan-başa zəhmətlə dolu 64 illik (yanlışlığa yol verilib, əslində Ə.M.Topçubaşov 73 yaşında vəfat etmişdi-V.Q.) ömür yaşadı. Və bu ömrün 50 ili millətə xidmətə, siyasi və ictimai ideyalara həsr olundu. 50 il!

Həyatının tam yarısı! (mətndə belədir, çox ehtimal ki, natiq «Tam yarım əsr!»-deyib, sadəcə rus dilinə tərcümədə fikri təhrif olunub-V.Q.). Bu, bütöv bir dövrdür. Bəli! Biz Əlimərdan bəyin şəxsində bütöv bir epoxanın təcəssümünü itirdik. İctimai və siyasi həyatımızda özündə bütöv bir nəsli birləşdirən şəxsiyyəti qeyb elədik.

Əlimərdan bəy siyasi və ictimai sahədə fəaliyyətə başlayanda hər şey demək olar ki, tükdən asılı vəziyyətdə idi. Lakin hətta belə təhlükəli anda da Rusiya türkləri və müsəlmanları çəkdiyi zəhmətlər sonda öz layiqli bəhrəsini verən bir şəxsiyyət tərəfindən istiqamətləndirilirdilər.

Mirzə Fətəli Axundzadə, Həsən bəy Məlik-Zərdabi, İsmayıl bəy Qasprinski kimi şəxsiyyətlərin beşiyi başında dayandıqları milli hərəkat ciddi inkişaf yolu keçərək siyasi hüquqlar uğrunda mübarizəyə çevrilirdi...

O, hüquqşünas idi. Bütün həyatını millətin hüquqlarının qorunmasına həsr etmişdi. O, Rusiya türklərinin, xüsusən də Azərbaycanın siyasi həyatında görünəndə milli inkişaf tarixində yeni dövr başlanırdı. Mirzə Fətəli Axundzadə, Həsən bəy Məlik-Zərdabi, İsmayıl bəy Qasprinski kimi şəxsiyyətlərin beşiyi başında dayandıqları milli hərəkat ciddi inkişaf yolu keçərək siyasi hüquqlar uğrunda mübarizəyə çevrilirdi. Əlimərdan bəy bütün istedad və qabiliyyətini sözləri, əməlləri və tükənməz enerjisi ilə xalqın siyasi hüquqlarının müdafiəsinə yönəltdi. O, həyatının son dəqiqəsinə qədər xalqının, millətinin maraqlarının səmimi və yorulmaz müdafiəçisi olaraq qaldı. 1905-ci ildə, müsəlmanların ilk qurultayına rəhbərlik etdiyi dövrdə Əlimərdan bəy artıq «İttifaqi-müslimin» siyasi partiyasının lideri və Dövlət Dumasındakı Müsəlman fraksiyasının sədri idi. Milli mənafe uğrunda mübarizə yolunda o, Vıborq Bəyannaməsini imzalamaqdan da çəkinmədi, bu yolda hətta məhbəsə düşdü, siyasi hüquqları əlindən alındı.

Əlimərdan bəy Topçubaşov

Əlimərdan bəy Topçubaşov

Burada biz sadəcə onun ictimai-siyasi həyatının ən vacib məqamlarına toxunuruq. Çünki mərhumun bütün xidmətlərini sadalamaq imkan xaricindədir. Onun həyatı başdan-başa milli maraqlara xidmətdən ibarət idi. Məhz o, «Kaspi» qəzetinin redaktoru oldu, «Həyat» qəzetinin yaradılmasında yaxından iştirak etdi. Zaman yetişdi. Çarizm süquta uğradı. Milli hərəkat geniş vüsət aldı. Azərbaycan xalqı itirilmiş siyasi hüquqlarını özünə qaytardı. Tədricən yeni həyatın bünövrəsi qoyuldu. Milli müstəqillik elan olundu, milli hökumət yaradıldı. İndi artıq beynəlxalq güclər qarşısında bu milli müstəqilliyi müdafiə etmək lazım idi.

Kim Azərbaycanın maraqlarının müdafiəçisi ola bilərdi? Bütün nəzərlər Əlimərdan bəyə zillənmişdi. Milli maraqların müdafiəsi həqiqi vətənpərvərin əlində idi. Lakin həmin dövrdə tam müstəqilliyə nail olmaq qeyri-mümkün idi. Bunun səbəblərini hamımız yaxşı bilirik. Əgər həmin o çətin anda Qafqaz dövlətləri birləşə bilsəydilər, qələbə bizimlə olardı. Hər birimiz ayrılıqda azadlıq uğrunda bunca qurbanlar verməzdik. Sürgünlərə göndərilməzdik, Ana Vətənin çəkdiyi əzab və iztirablara baxıb ürəklərimiz şan-şan olmazdı!

Əlimərdan bəy bir-birlərini müdafiə etmədikləri təqdirdə Qafqazın Azərbaycan, Gürcüstan, Şimali Qafqaz və Ermənistan kimi ölkələrinin asanlıqla pərakəndə salınacaqlarını, milli istiqlallarını qoruya bilməyəcəklərini yaxşı başa düşən siyasətçilərindən idi. O, Qafqazın birliyi ideyasına böyük önəm verirdi.

Hələ 1914-cü ildə, gürcü şairi Akaki Seretelinin dəfn mərasimində söylədiyi nitqdə daha sonra İstanbulda, Mudros anlaşması günlərində, Azərbaycan Nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə o, zəngin məzmuna malik kiçik broşüra hazırlamışdı. Əlimərdan bəy burada da Qafqazın problemlərindən söz açmış, xalqlar arasındakı müttəfiqliyi alqışlayan müdrik Azərbaycan siyasətçisi kimi böyük ağıl və uzaqgörənlik nümayiş etdirmişdi.

Tale ona Vətənə dönmək imkanı verməsə də, gələcək azadlığın yollarını göstərimşdi. Azərbaycanın qanuni təmsilçisi olan Əlimərdan bəy sonda istəyinə nail oldu...

Tale ona Vətənə dönmək imkanı verməsə də, gələcək azadlığın yollarını göstərimşdi. Azərbaycanın qanuni təmsilçisi olan Əlimərdan bəy sonda istəyinə nail oldu. O, Qafqaz Konfederasiyası Paktına imza atdı. Bu sənədin imzalanmasından və yayılmasından böyük mənəvi zövq duydu. Onun gözləri önündə gələcəyə-ittifaq münasibətlərinə doğru addımlayan Qafqaz canlandı. Mən həmin anlarda mərhumun keçirdiyi sevinc və məmnunluq hissinin şahidi olmuşam.

Lakin təəssüf ki, ağır xəstəlik başlanan işi sona çatdırmağa imkan vermədi. O, həyatının son anına qədər hər şeylə maraqlanır və Qafqazla bağlı bütün məsələlər haqqında ətraflı məlumat əldə etmək istəyirdi. Daim ümumi maraq və mənafelər naminə yaşayırdı. Onun simasında Qafqaz federalistləri xalq mənafeyinin ən güclü müdafiəçisini itirdilər.

Mənim əziz həmvətənlərim! Biz azərbaycanlılar Əlimərdan bəyi,zəmanəmizin böyük nümayəndəsini, böyük dövlət xadimini, hamının hörmət bəslədiyi şəxsiyyəti, müstəqil Azərbaycanın qəhrəmanını itirmişik. Əziz qonşular, Əlimərdan bəyin vəfatı ilə özünü Qafqaz birliyi ideyasına həsr etmiş fədakar siyasətçini və insanı itirmişik. Siz, onun ailə üzvləri, atanızı, başınızın böyüyünü, çox möhtərəm bir insanı itirmisiniz. Hamımıza dərin hüznlə baş sağlığı verirəm.

«Prometey»​ jurnalı, 1934, No 11

(rus dilindən tərcümə)

Günün bütün mövzuları

XS
SM
MD
LG