Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:27

Ermənistanda məktəb dərsliklərində «düşmən» obrazı


Yerevanda Puşkin adına məktəb. Foto: USAID
Yerevanda Puşkin adına məktəb. Foto: USAID
Ermənistan Təhsil Nazirliyinin qərarıyla məktəblilər bu ölkənin tarixini 5-ci sinifdən öyrənirlər. Dərsliklər Ermənistanın eradan əvvəl IX əsrdən 1995-ci ilə qədərki tarixindən bəhs edir. Kitablarda bəzən eyni ölkə həm müttəfiq, həm də düşmən kimi izah edilir. Kitablar haqqında onları oxuyan məktəblilər isə bunları deyirlər:

- Məncə, Ermənistanın düşməni olmayıb. Mən onları qarşı tərəf, ya da rəqib adlandırardım, düşmən yox.


- Məncə, Ermənistanın düşməni Türkiyədir. Türkiyə düşmən olmasaydı, ermənilərin soyqırımını etiraf edərdi.


- Mən düşmən deyəndə, hansısa xalqı yox, onun hökumətini nəzərdə tuturam.


«Nə isə olubsa, onu demək, o barədə danışmaq lazımdır. Şagirdə necə təsir edəcəyindən asılı olmayaraq, olanı gizlətmək olmaz»
Qədim və orta əsrlər barədə tarix kitablarında müəlliflər «düşmən», «qarşı tərəf» sözlərini tez-tez işlədirlər. Amma XX əsrdən danışan kitablarda belə sözlərə çox az rast gəlmək olar. İstənilən halda, düşmən surəti şagirdlərin düşüncəsinə təsir edir.


Psixoloq Samvel Xudoyan: «Çox qədimdə baş verənləri şagirdlər tarix kimi qəbul edirlər, amma son dövrlərdə baş verənlər uşaqların dünyagörüşünə təsir edir. Amma bu barədə danışmamaq olmur, çünki bu da bizim tarixdir».


Psixoloq hesab edir ki, tarixdə baş verənləri yumşaq şəkildə təsvir etmək lazım deyil: «Nə isə olubsa, onu demək, o barədə danışmaq lazımdır. Şagirdə necə təsir edəcəyindən asılı olmayaraq, olanı gizlətmək olmaz».


Ananiya Şirakatsi adına Kollecin tarix kafedrasının rəhbəri Qaqik Ovakimyan isə deyir ki, Ermənistanın tarixi barədə kitablarda düşmən, ya da müttəfiq obrazı yoxdur. Onun fikrincə, dərsliklər dünyəvi, humanist dəyərlərə uyğun yazılıb:


«O dərsliklərdə yazılanlar yalnız faktlardır, dost, düşmən söhbəti deyil. Bütün mətnlər humanist dəyərlərə uyğundur».


Bəzi siyasətçilər hesab edirlər ki, tarix dərslikləri həm də tərbiyəvi funksiya daşıyır, ona görə dərsliklərdə düşmən obrazı da təsvir olunmalıdır. Məsələn, «Erməni-Ari ordeni Cəmiyyəti» partiyasının sədri Armen Avetisyan belə fikirləşir: «Biz düşmən obrazını yaratmalıyıq. Çünki bizim düşmənlər də belə edirlər».


Amma Erməni Gənclərin Milli Hərəkatının lideri Karen Karapetyan əks fikirdədir. O, deyir ki, dərsliklər faktlardan danışmalıdır, siyasi xarakter daşımamalıdır.


«Süni şəkildə düşmən obrazı yaratmaq olmaz. Xüsusilə də tarix dərsliklərində. Belə süni faktlar şagirdə yalnız mənfi təsir edir».


XS
SM
MD
LG