Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

"Washington Times" Azərbaycana necə qucaq açdı


Azərbaycan Amerika Alyansının qala konsertindən foto

Azərbaycan Amerika Alyansının qala konsertindən foto

-

Yanvarın 29-da "Washington Times"-ın çap versiyası Azərbaycana xüsusi bir səhifə ayırıb: "Azərbaycan: Müstəqilliyin bərpasından 25 il sonra, ABŞ-ın çiçəklənən müttəfiqi" adlanan bölümündəki məqalələrdə Azərbaycanın ABŞ üçün əhəmiyyəti, ona dəstəyin vacibliyi vurğulanıb. Yazılardan bəziləri konqresmenlərin imzasıyla dərc olunub.

"Washington Post" qəzetində Erik Wemple yazır ki, bölümün altında reklam departamenti sözlərini oxuyub, bunun bir marketinq məsələsi olduğunu anlayırsan. Yoxsa Washington Times-ın xəbər və şərh bölmələri Azərbaycanla bağlı reklam verməzdi axı.

Ancaq qəzetin Rəy bölümündə bir yazı deyəsən istisnadır. "Azərbaycan Amerika və azad dünya üçün niyə vacibdir" başlıqlı yazının son bazasında oxuyuruq:

"Azərbaycanın sürətli dirçəlişi liderlərinin, xalqının və Birləşmiş Ştatlarla güclü tərəfdaşlığının olduğunu təsdiqləyir. Amerika və Azərbaycan bizim getdikcə artan ümumi dəyər və məqsədlərimizlə üz-üzə dayanır. Bu arada ABŞ rəsmiləri onları dini dözümlülük, azadlıq və demokratiyaya tam sadiq qaldıqlarına görə təbrik etməlidir. Amerika və dünyanın qalan hissəsinə Azərbaycan kimi çox dostlar lazımdır".

Görəsən bu yazının müəllifi kimdir? Dan Burton – yazının sonunda göstərilir ki, ABŞ Nümayəndələr Palatasının İndianadan olan keçmiş üzvüdür.

Müəllif yazır ki, deyəsən Burton-nun daha bir vəzifəsini göstərməyə yer çatmayıb. O, həm də Azərbaycan Amerika Alyansının sədridir.

Hə, indi də gəlin bu gözəl ölkədən gələn real bir xəbər eşidək: "Azərbaycan çərşənbə axşamı İlham Əliyevi tənqid edən bir jurnalistin həbs qətimkan tədbirini uzadıb. Bu jurnalist AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovadır". Xəbəri Reuters yayıb. İsmayılovanın həbs müddətinin uzadılmasını ATƏT, Jurnalistləri Müdafiə Komitəsi (CPJ) pisləyib.

Anar Məmmədov Vaşinqtonda Amerika Azərbaycan Alyansının tədbirində

Anar Məmmədov Vaşinqtonda Amerika Azərbaycan Alyansının tədbirində

Xədicənin dostu və Nyu York Dövlət Universitetinin professoru Rosemary Armao Burton-un yazısı ilə əlaqədar Washington Times-a məktub yazıb. "Amerikanın köməyi demokratiyanın, azadlığın və Azərbaycan xalqının yanında durmaq olardı. Bu kömək islahatlar, daha çox şəffaflıq və Xədicə İsmayılovanın dərhal azadlığa buraxılmasına göstərilməlidir. Belə bir saxta və aldadıcı köşəyə görə utanın, Respublikaçı Burton," Armao yazır. Armao İsmayılova ilə OCCRP araşdırmaçı jurnalistika layihəsində işləyib.

Washington Times-ın redaktoru və kontent üzrə vitse-prezidenti John Solomon isə bildirir ki, Burton-un Azərbaycan Amerika Alyansında vəzifəsini qeyd etməmək səhv ucbatından baş verib. "Mənim səhvimdir," Solomon deyir. Ancaq o, Burton-un Azərbaycanın Birləşmiş Ştatlarla münasibətinə dair "təlim keçməsində" elə bir qəbahət də görmür.

Washington Times yazıya düzəlişdə Burtonun alyansla bağlılığını əlavə edib.

Qeyd edək ki, Azərbaycan-Amerika Alyansının rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Alyansın ABŞ-da verdiyi ziyafətlərə bəzən məhz Dan Burton ev sahibliyi edir.

Ukraynaya Amerikanın dəstəyi lazımdır

"Washington Post" Steven Pifer və Strobe Talbott-un məqaləsini dərc edib. Steven Pfier ABŞ-ın Ukraynadakı keçmiş səfiri və hazırda Brookings İnstitutunun əməkdaşı, Strobe Talbott həmin institutun prezidentidir.

Yazıda deyilir ki, yeni il Ukrayna üçün yaxşı başlamadı. Rusiya əsgərlərinin dəstəklədiyi separatçılar Donetsk və Luqanska yeni hücumlar edirlər. Diplomatik cəhdlər münaqişənin həllində irəliləyişlə nəticələnməyib. "Birləşmiş Ştatlar daxil olmaqla, Qərb Ukraynada vəziyyətin daha da pisləşməsini istəmirsə, bu ölkəyə kömək barədə ciddi düşünməlidir. Bu, Ukraynanın müdafiəsinə real pul ayırmaq deməkdir," müəlliflər yazır.

Ukrayna hərbçiləri

Ukrayna hərbçiləri

"Görünən odur ki, Kreml Ukraynaya təzyiq göstərmək və sabitsizlik yaratmaq üçün münaqişəni alovlandırmaqda maraqlıdır. Qərb üçün bu məsələ Ukrayna sərhədlərini aşır. Rusiya son 70 ildə Avropada sülh, sabitlik və təhlükəsizlik düzənini pozub, indi də sərhədləri dəyişmək üçün gücdən istifadə edir. Qərb indi geri oturtmasa, Rusiyadan daha artıq, hətta silahlı qarşıdurma gözləyə bilər ki, bu da ona daha baha başa gələr".

"Vaşinqton Rusiyanın kursunu dəyişməsi üçün çox iş görməlidir. Ukrayna ordusuna gərəkən vasitələri verməlidir ki, Putin və ordusuna gələcək təcavüz baha otursun və münaqişəni dərinləşdirməkdən çəkinsin".

Müəlliflər 6 keçmiş diplomatla birlikdə təcili tədbirlərlə bağlı tövsiyələrini hazırlayıblar. Onlar tövsiyə edirlər ki, Ukraynanın müdafiəsinə ciddi məbləğdə pul ayrılsın; ABŞ hökuməti siyasətini dəyişib Ukraynaya döyüş yardımı göstərsin; hökumət NATO-nun digər üzvlərinə Ukraynaya yardımla bağlı müraciət etsin.

"Vaxt gedir. 3 aya yaz gəlir və Ukraynanın şərqində döyüşlər daha da qızışa bilər. Ukraynalılara kömək etməliyik ki, buna qarşı dayana bilsinlər".

Putinin ailə dəyərləri

"Rusiya prezidenti Vladimir Putin iki qızını o qədər gizli saxlayıb ki, hətta İnternetdə onların son fotolarını tapmaq belə müşkül məsələdir. Ancaq indi Kreml qızlardan biri barədə sürətlə yayılan məlumatı dayandırana oxşamır. Putinin kiçik qızı Yekaterinanın (Ekaterina) Moskvada yaşadığı və 1.7 milayrd dollarlıq innovasiya mərkəzini işlətdiyi söylənir," bunu Leonid Bershidsky "Bloomberg View"-da dərc olunan "Putinin ailə dəyərləri" adlı məqaləsində qeyd edir.

Maria Putinin uzun müddət Niderlandda boyfrendi ilə birlikdə yaşadığı yazılırdı. Malayziya təyyarəsi qəzaya uğrayanda Hilversum şəhərinin meri tələb etmişdi ki, Mariya deportasiya olunsun. Sonradan tabloidlər Marianın Niderlanddan çıxdığını da yazdılar. Katerinanın isə uzun müddət istefada olan Cənubi Koreya admiralının oğlu ilə münasibəti olduğu söylənirdi. Nə vaxtsa Moskvada səfirlikdə işləmiş Admiral bunu təkzib edirdi.

Fransada karnavalda Putinin fiquru

Fransada karnavalda Putinin fiquru

Putinin opponentləri xarici mətbuatın yazdığından istifadə edib deyirdilər ki, özü Qərbi tənqid edir, ancaq qızlarının orada yaxşı həyat sürməsinə mane olmur.

Yanvarın 28-də isə RBK biznes dərgisi Moskva Dövlət Universiteti yaxınlığındakı nəhəng bir layihədən yazıb. Burada tədqiqat kampusu, binalar tikiləcək. Elm mərkəzinin master planı üzərində işləyən Innopraktika şirkətinin rəhbəri Katerina Tikhonova-dır. O, həm dı universitetin idarə heyətinin üzvüdür. Cenevrəli jurnalist Oleg Kashin Tikhonova-nın Katerina Putina ilə eyni doğum tarixi olduğunu üzə çıxarıb.

Putinin mətbuat katibi Dmitri Peskov Forbes jurnalına deyib ki, Katerina Tikhonova-nı tanımır. "Çox qızlar özlərini Vladimir Putinin qızı kimi qələmə veriblər," o, deyib.

Müəllif yazır ki, bu əhvalat da Putinin əlinə oynayır. Qızlarından birinin Rusiya həyatına qaynayıb-qarışdığını göstərir. Elə təkzibdın sonra şayiələrin çoxalması da Kremlin istədiyidir. Putinin seçicilərini mümkün maraq toqquşması kimi məsələlər maraqlandırmır. Onlar üçün Putin çardır, ölkəsinin qeydinə alır. "Belə çətin bir vaxtda qızlarından birinin ona kömək etməsinin nəyi pisdir ki? Bu əhvalat onun əfsanəsini yalnız gücləndirə bilər".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG