-
Dilqəm
Yeni şeirlər
təpədən dırnağa sənsizliklə kirlənib
əynimdəki geyimlərim
köynəyim, üstündəki sviter
və istifadə müddəti keçmiş bütün hisslərim.
bədənimdə yoxluğunun doğum ləkəsi ilə böyümüşəm
dünən, ondan əvvəlki gün
və ondan əvvəlki ay, il, əsr.
necə ki həyat bizə yaşamağı öyrədir,
mən də eynən o cür ələ salıram allahı
bezmişəm bədənimdən, əmr edirəm, məni küləyə döndər!
keçim gedim, bir dünyadan o birinə.
bu kirlənmiş bədənimi al əlimdən,
ruhumu da sevgilimə göndər,
üzərində gəzdirər qısaqol köynək əvəzi.
necəki həyat biznən məzələnir,
sən də eynən o cür önəmsəmə keçib gedən günlərini
de ki, nə vecimə! həyatdı da, s***mə kimi düzəlməsin!
ah! üzr istəyirəm, ağzımdan çıxdı
təpədən dırnağa sənsizlikdəndi hamısı.
bütün yoxluğumla baş əyirəm qarşısında,
tanrı keçsin günahımdan, hallelujah!
***
hərdən içini isitmək üçün
əllərini qurban verirsən
bir qutu siqaretə
çəkirsən, üfürürsən..
çəkirsən, üşüyürsən..
içini isidirsən hərdən
bir qutu siqaretə
çəkirsən, üfürürsən..
çəkirsən, düşünürsən..
çətindi.
hərdən boş verirsən ağırlığını həyatın
içirsən.. içirsən..
unudursan.
hərdən nə unuda,
nə də boş verə bilirsən
ölüb-ölüb, yerə girirsən..
ölüb-ölüb, dirilirsən..
hərdən qonaq olur ruhun başqa bədənlərə
söyülür, təhqir olunur, işgəncə görür
sonra gəlirsən özünə, amma
hərdən qayıtmır ruhun bədəninə.
dörd divara qısılırsan hərdən,
hər şey üstünə gəlir
boğulursan.. ürəyin sıxlır..
hərdən də sadəcə için içinə sığmır.
tez-tez üzülürsən, bilirəm
çox pis keçir günlərin,
amma hərdən sevinirsən həm də
sevinirsən ki, bu şəhərdə
gözəl hadisələr də var,
məsələn şeir oxuyur hərgün
gecələr səhərlərə..
məsələn günəş gecikmir heç şəhərə,
gecə vaxtında gəlir
nə olsun ki, mənasızdı gülüşləri
bunun hərdəni yoxdu,
Bakı insanlardan zəhərlənib...