Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Separatçılar Ukrayna qoşunlarını mühasirəyə ala bilməyiblər


Rusiya yönlü separatçı Debaltseve yaxınlığında Ukrayna qoşunlarının mövqeyini atəşə tutur.

Rusiya yönlü separatçı Debaltseve yaxınlığında Ukrayna qoşunlarının mövqeyini atəşə tutur.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü deyib: “Terrorçular bu məntəqədə o qədər canlı qüvvə və texnika itiriblər ki, hətta bir sıra mövqelərini tərk etməyə və geri çəkilməyə başlayıblar.

Ukraynanın şərqində Rusiya yönlü silahlı separatçıların hücumları səngiyib. Bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Andriy Lysenko verib.

Hərbçilər bildiriblər ki, separatçıların Debaltseve məntəqəsində Ukrayna qoşunlarını mühasirəyə almaq cəhdləri baş tutmayacaq, hərçənd orada hələ də şiddətli döyüşlər gedir.

Lysenko-nun sözlərinə görə son döyüşlərdə 5 Ukrayna hərbçisi öldürülüb, daha 29 əsgər yaralanıb.

Mətbuat katibi bildirib ki, son 3 gün ərzində Ukrayna hərbçiləri Jelobok kəndi yaxınlığında separatçıların 10 tankını vurublar.

Cəbhə xəttinin bu hissəsində böyük itki verən separatçıların fəallığı azalıb.

Debaltseve itirilməyib

Lysenko deyib ki, separatçılar canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilər verərək hücumlarını dayandırıblar və hazırda yalnız uzaq məsafədən atəş açırlar.

Ukrayna hərbçiləri ötən gün ərzində mövqelərinin 103-dəfə atəşə tutulduğunu qeydə alıblar.

Andriy Lysenko çox sayda Ukrayna əsgərlərinin Debaltseve rayonunda əsir düşə biləcəyi barədə ehtimalları təkzib edib.

O deyib ki, bu ərazidə separatçılar böyük itkilər veriblər. Bununla belə Debaltsevenin atəşə tutulması davam edir.

Separatçıların ağır itkiləri

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü deyib: “Terrorçular bu məntəqədə o qədər canlı qüvvə və texnika itiriblər ki, hətta bir sıra mövqelərini tərk etməyə və geri çəkilməyə başlayıblar. Hazırda cəbhə xətti nəzarət altındadır”.

Bundan əvvəl qondarma Donetsk Xalq Respublikasının hərbi qərargahı Debaltsevedə 10 min Ukrayna əsgərinin mühasirəyə düşəcəyini bildirmişdi.

Öz növbəsində separatçıların komandanı Eduard Basurin bildirib ki, “DXR” qüvvələri Ukrayna hərbçilərinin hücumunu dayandıra biliblər və Debaltseve-Artyomovsk avtomobil magistralı onların nəzarətində qalır.

Onun sözlərinə görə, Donetskin atəşə tutulması nəticəsində 11 mülki sakin həlak olub.

“Qorets Yuqraya”

Bu arada Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, Ruisya hərbçiləri arasında radio rabitəsinin yazısı əldə edilib.

Xidmət iddia edir ki, bu radiodanışıqlar yanvarın 24-də Mariupolun məhz Rusiya nizami qoşunları tərəfindən atəşə tutulduğunu isbat edir.

Həmin bombardman zamanı Mariupolda 30 dinc sakin həlak olub.

Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, “Rusiya Ukraynaya qarşı hərbi təcavüz və hərbi cinayət törədib”.

Əldə olunmuş radio danlışıqlarında “Qorets” kod adı olan Rusiya zabitinin Rusiya divizionunun “Yuqra” şərti adlı komandirinə Mariupolu “Qrad” qurğularından atəşə tutmağı əmr etdiyi iddia olunur.

Rusiya tərəfi hələlilk bu iddialarla bağlı şərh verməyib.

Rusiya adətən belə məlumatları qəti şəkildə təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG