Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:01

Təhsilə, pensiyaya ayrılmış pullara qənaət edilib, tikinti xərclərinə yox...


Arxiv fotosu: Bakıda yağış altında yaşlı qadın.

Arxiv fotosu: Bakıda yağış altında yaşlı qadın.

-

İkram Hüseynov 32 il dövlət işində çalışıb. İndi təqaüdçüdür. Hökumətdən gileylənir. Soruşur ki, ilin-günün bu vaxtında 155 manatla keçinmək olarmı:

“Təqaüdü 155 manatdan müəyyənləşdirən hökumət nümayəndəsi gəlsin mənimlə gedək bir mağazaya, görək bu pulla 1 aylıq ərzaq almaq olarmı? Hələ bunun su, qaz, işıq pulu var. Dərmanı var, toyu var, yası var. Elə bil ki, bu hökumət rəsmləri başqa ölkədə yaşayır və qiymətləri də ona görə uyğunlaşdırır”.

SOSİAL YÖNÜMLÜ XƏRCLƏR İXTİSAR EDİLİB…

Azərbaycanda İkram Hüseynov kimi təqaüdlərin azlığından şikayətlənlər az deyil. Müəllimlərin, həkimlərin maaş azlığından, xəstələrin müalicənin bahalığından giley-güzarı fonunda bir məlumat az qala bütün sosial şəbəkələri bürüdü.

Söhbət yanvarın 28-də Maliyyə Nazirliyinin 2014-cu ilin dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatlardan gedir. Həmin məlumatlara görə hökumət keçən il üçün sosial istiqamətli xərclərdən xeyli qənaət edib:

  • Təhsilə ayrılan xərclərdən - 98 milyon manat,
  • Sosial müdafiə xərclərindən - 101 milyon manat,
  • Səhiyyə xərclərindən - 60 milyon manat,
  • Kənd təsərrüfatı xərclərindən - 58 milyon manat

Amma bunun əksinə investisiya xərclərinə ayrılan vəsait tam – 100% icra olunub.

Bu mövzunu sosial şəbəkələrdə müzakirəyə çıxaran iqtisadçılar özəlliklə bir sualı qaldırıblar. Soruşublar ki, Azərbaycanda bütün səhiyyə, təhsil və ya sosial müdafiə xərcləri tam həllini tapıb deyə bu vəsait xərclənməyib, yoxsa necə?

Millət vəkili Vahid Əhmədov

Millət vəkili Vahid Əhmədov

“BU HÖKUMƏTİN MİNUSU-DUR”

Millət vəkili Vahid Əhmədov bildirir ki, əvvəlla sosial yönümlü xərclər büdcənin əsas xərcləridir. Yəni, bu xərclərin ixtisarı arzu olunan deyil:

“Ümumiyyətlə, dövlət büdcəsinin 96-97 % icrası müsbət haldır. İnvestisiya yönümlü xərclər tam, sosial yönümlü xərclər ixtisarla icra edilirsə, bu, hökumət üçün mənfi haldır. İlk növbədə sosial layihələrə diqqət yetirməlidir, nəinki investisiya.

Düzdür, Azərbaycanda əhəmiyyətli investisiya layihələri çoxdur. Məsələn, Bakı-Qars Dəmir Yolu, I Avropa Olimpiya Oyunlarının təşkili və s. Amma əlbəttə ki, ilk olaraq sosial layihələr icra edilmədir”.

Vahid Əhmədov deyir ki, 2014-ci ilin büdcəsinin icrasını Milli Məclis təsdiqləməlidir. Deputat bununla bağlı müzakirələrdə suallar qaldıracağını bildirir.

Rövşən Ağayev

Rövşən Ağayev

3 EHTİMAL….

Ümumilikdə, keçən ilin dövlət büdcəsində ayrılmış pullardan hökumət müxətlif istiqamətlər üzrə ortalama 10-15 % qənaət edib.

İqtisadçı Rövşən Ağayev hesab edir ki, büdcədə birdən-birə bu qədər ixtisarları cəmiyyət hiss etmirsə, bu, iki mühüm məqamla bağlı ola bilər.

Birincisi, bu o deməkdir ki, dövlət büdcəsində xərclər cəmiyyətin və iqtisadiyyatın konkret ehtiyacları ciddi şəkildə nəzərə alınmadan tərtib olunub. Daha aydın olsun deyə iqtisadçı bir nümunə çəkir:

- Təsəvvür edin ki, təhsildə çox vacib bir proqram, və ya islahat tədbirinin maliyyələşdirilməsinə ayrılan 98 milyon manat qəflətən kəsilir. Bu, əvvəlcədən əsaslandırılmış və ciddi planlaşdırılmış qənaət olsaydı bir dəfəyə 98 milyon manatın ixtisarı hiss edilməzdimi?

İkincisi isə odur ki, büdcə tərtib edilərkən xərclər ünvanlı deyil.

Yəni ki, sosial müdafiəyə ayrılan vəsait bilavasitə konkret ehtiyacı olan insanara, qruplara və proqramlara ünvanlanan pullardır. Bu pullar birdən-birə 100 milyon manat kəsilir, amma bunun fəasdlarını heç kimsə hiss etmir, duymur. Bu, mümkün deyil. Hansısa əsaslandırılmış sosial proqram, ödənilməli olan sosial vəsaitlər təxirə salınsa idi, bu mütləq hiss edilməli idi.

Maliyyə naziri Samir Şərifov

Maliyyə naziri Samir Şərifov

“ƏHALİYƏ ÇATAN QƏPİK-QURUŞ QAYÇILANIB”

Rövşən Ağayevin 3-cü bir ehtiamlı da var. O deyir ki, bəlkə də il ərzində neftin qiyməti yüksək olanda planlaşdırılan xərcləri mümkün qədər icra edirlər, 2014-cü ilin sonlarındakı kimi sıxıntı ilə üzləşəndə isə xərcləri "qayçılayırlar":

- Amma daha çox korrupsiya, yeyinti mümkün olan investisiya xərclərinə toxunulmur, sadə insanlara aidiyyatı olan sosial sahələrin pulları qayçılanır…

Bu tənqidlərə Maliyyə Nazirliyinin yaydığı rəsmi məlumatda hər hansı arqument qeyd olunmur. Hökumətin bu qənaətlər, ixtisarlarla bağlı mövqeyi aydın deyil. Böyük ehtimalla nazir Samir Şərifov yaxın vaxtlarda sənədin parlamentdə müzakirəsi zamanı həmin istiqamətdə suallarla üzləşməli olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG