Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

.

“Düz adam idilərsə, maşın qapımızda dayanmışdı, elə axtarışı burada aparardılar, hal şahildliyi üçün də burada kifayət qədər adam var idi. Niyə maşını aparıb şöbədə axtarırlar? Siyəzəndə adam yox idi ki, gedib hal şahidini Şabrandan gətirirdilər?”

Yanvarın 23-də Siyəzən rayonu, İsmət Qayıbov küçəsi ev 70-də yaşayan Hüseynovlar ailəsinin üzvü Musa Hüseynov həbs olunub. Ailə üzvləri AzadlıqRadiosuna bildiriblər ki, günorta saatlarında ünvana gələn mülki geyimli polis işçiləri Musanı sürüyərək zorla rayon polis şöbəsinə aparıblar. Apararkən ailə üzvlərinə bildirilib ki, Musa işlədiyi rayon qaz idarəsinin maşını ilə avtoşluq edib. Ona görə də rəis onunla söhbət etmək istəyir. Ancaq 2 saatdan sonra xəbər necə deyərlər, “yenilənib”. Musanın idarə etdiyi və Dövlət Neft Şirkətinə məxsus olan UAZ markalı avtomobildən marixuana “tapılıb”.

Musanın atası Ağasəlim Hüseynov polislərin bu iddiası ilə razılaşmır:

“Bundan əvvəlki rəis rayonda narkomaniyanın qarşısını az-çox almışdı. Təzə polis rəisi gələndən yenə narkomaniya baş alıb gedir. Heroin satanlar, narkotik istifadəçiləri qalıb kənarda, çünki onları elə polis himayə edir. Əvəzində narkotiklə əlaqəsi olmayan adamları tutub aparırlar. Mənim oğlum qaz idarəsində işləyir, narkotiklə əlaqəsi olmayan, başını aşağı salıb dolanan adamdır. Həmin vaxt da işdən evə nahara gəlmişdi. Qəflətən tökülüşüb əllərini qandallayıb apardılar”.

Musanın qardaşı Famil Hüseynov deyir, əvvəl Musanın özünü, sonra isə qapıda dayanan “UAZ”-ı aparıblar:

“Dedilər rayonda maşınla şuluqluq edib, ona görə rəis çağırır. Sonra da gəlib maşını apardılar. Mən dedim, burada maşına baxış keçirin, kamerayla da çəkilsin, sonra aparın. Çünki sizə inam yoxdur. Aparıb şöbədə içərisinə istədiyini atarsız. İmkan vermədilər, maşını götürüb apardılar. 2 saatdan sonra dedilər ki, maşından “nəşə” tapılıb”.

Ailə üzvləri deyir, maşından narkotik tapılması ilə bağlı hal şahidləri eyni motivli axtarışlarda hər dəfə hal şahidliyi edən şəxslərdir:

“Biri Şabrandandır, o biri Siyəzəndən... Bununla neçənci dəfədir ki, belə işlərdə “hal şahidliyi” edirlər. Bu boyda rayonda başqa adam yoxdur ki, hər dəfə eyni adamlar “hal şahidi” olur? Çünki o “hal şahidləri” də öz adamlarıdır”.

Orxan Mansurzadə

Orxan Mansurzadə

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadosunun sorğusuna cavabında Musa Hüseynovun ailə üzvlərinin Siyəzən RPŞ-nin rəhbərliyi və əməkdaşları barəsindəki iddialarını heç bir əsası olmayan, aşkar qərəzli, böhtan və şantaj xarakterli, öz vəzifə borclarını yerinə yetirən polis əməkdaşlarının fəaliyyətinə kölgə salmağa yönəlmiş dezinformasiya olduğunu bildirib.

Orxan Mansurzadə qeyd edib ki, yaxınlarının guya narkotiklə əlaqəsi olmayan, sakit bir adam kimi təqdim etməyə cəhd etdikləri 30 yaşlı Musa Hüseynov ömrünün az qala yarısını cəzaçəkmə yerlərində keçirib:

"O, 2002-ci ildən indiyədək Cinayət Məcəlləsinin oğurluq və quldurluq maddələri ilə üç dəfə məhkumluq həyatı yaşayıb. Polis şöbəsinə daxil olan əməliyyat məlumatlarında, vətəndaşlardan daxil olan müraciətlərdə bu şəxsin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu, həmin işi hətta idarə etdiyi "UAZ" markalı avtomiobildə də gördüyü birmənalı şəkildə vurğulanırdı.

Ona görə yanvarın 23-də Musa Hüseynovun saxlanması məqsədilə tədbir keçirilərkən o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq məsuliyyətdən yayınmaq məqsədilə "UAZ"ı birbaşa evinə sürüb. Yaşadığı ünvanda ailə üzvlərinin polis əməkdaşlarına öz qanuni vəzifələrini yerinə yetirmələrinə mane olmaq, sonuncuları təxribata çəkmək cəhdlərinə baxmayarq, asayiş keşikçiləri özlərini çox təmkinli, səbrli apararaq Musa Hüseynovu avtomobili ilə birlikdə şöbəyə aparıblar.

Orada hal şahidlərinin və özünün iştirakı ilə "UAZ"a baxış keçirilib, avtomobilin saxlanc yerindən sürücünün satış üçün hazır saxladığı narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb və sənədləşdirilib. Faktla bağlı CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmçinin M.Hüseynovun narkotik vasitələri aldığı və satdığı şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir."

XS
SM
MD
LG