Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:42

Vasif Talıbov sərəncam verdi, muzeylərə məcburi ekskursiyalar başladı


Naxçıvanda muzeylərə məcburi ekskursiyalardan biri, 27 yanvar 2015

Naxçıvanda muzeylərə məcburi ekskursiyalardan biri, 27 yanvar 2015

.

Naxçıvanda dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışanlar kollektiv şəkildə muzey ekskursiyasına məcbur edilir. Bu haqda AzadlıqRadiosuna həmin idarələrdə çalışanlar özləri məlumat veriblər. Onların sözlərinə görə, məcburi ziyarətlərə bu ilin əvvəlindən, Vasif Talıbovun sərəncamına əsasən aparılırlar.

Şikayətçilər deyir ki, muzey ziyarətinə getməyənlər işdən çıxarılacaqları ilə hədələnirlər. Onlar bildirir ki, muzeylər həftədə bir dəfə, şənbə və ya bazar günləri ziyrət etdirilir.

“DEYİRLƏR ZİYARƏTLƏR DƏ İMƏCİLİK KİMİ DAVAMLI OLACAQ...”

Təhlükəsizliyi baxımından özünün və çalışdığı müəssisənin adının çəkilməsini istəməyən Naxçıvan sakini deyir ki, bununla bağlı rəhbərliyə şikayət etsə də nəticəsi olmayıb:

“Bu, növbəti dəfə hüquqlarımızın pozulmasıdır. Hər həftə istirahət günlərimizdən birini iməciliklərdə küçə süpürmək, ot yolmaqla keçirirdik. İllərdir buna alışmışdıq. Təsəllimiz bu idi ki, eybi yox, digər günü istirahət edirik. İndi onu da əlimizdən aldılar.

Deyir ki, cənab sədr fərman verib, icra olunmalıdır. Cənab sədr bir dəfə də bizim xeyrimizə olan sərəncam verisə nə olar? Bu cür fərmanlar heç kimin yadına düşmür. Ancaq, insanı bezdirən, lazımsız fərmanlar, dərhal icra olunur.

İndi istirahər günü bizi kollektiv şəkildə çağırırlar işə, oradan da muzeylərə aparırlar. Öz hesablarına aparsalar, dərd yarıdır. Yolpulunu da cibimizdən veririk. Ucqar rayonda yaşayırıq. Hər dəfə mərəkəzə, Naxçıvan şəhərinə ziyarətə gələndə ən az hərəyə 7-8 manat xərcimiz çıxır. (Muzeylərə giriş pulsuzdur.)

Deyirlər ki, ziyarətlər də iməciliklər kimi davamlı olacaq. Yəni, bir yeri hər dəfə ziyarət etdirməklə bezdirəcəklər bizi. Bunu vur ayın 4 həftəsinə, görəcəksən ki, maaşımızın yarısı bura getdi. Bir hissə də iməciliklərdə əkmək üçün cibimizin pulu ilə aldığımız tinglərə gedir. Bəs, ailəmizə nə aparmalıyıq?”

Naxçıvanda həkimlər iməcilikdə 15 fevral 2012

Naxçıvanda həkimlər iməcilikdə 15 fevral 2012

VASİF TALIBOVUN SƏRƏNCAMI

Bu ilin əvvəlində Naxçıvan Ali Məclisininn sədri Vasif Talıbov «Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında» sərəncam imzalayıb. Sərəncamda dövlət orqanlarında çalışanların muzeyləri kollektiv şəkildə ziyarət etmələri nəzərdə tutulur. Sərəncama əsasən bu iş Ali Məclisinin Aparatına tapşırılıb.

Sərəncamda göstərilir ki, bu qərar “muzeylərə marağın artmasına, tarixin, mədəniyyətiin hərtərəfli öyrənilməsi və təbliğinə şərait yaradır”.

HEYDƏR ƏLİYEV MUZEYİNİ 250 MİN NƏFƏR ZİYARƏT EDİB...

Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetindən dövlət orqanlarında çalışanların muzeyləri ziyarət etmələrinin məcburi olub olmadığı haqda AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

Naxçıvanın rəsmi mətbuat orqanları da dövlət orqanlarında çalışanların kütləvi muzey ziyarətləri haqda reportajlar hazırlayır.

“Şərq qapısı” qəzeti yazır ki, yanvarın 24-də “Muzey günləri” çərçivəsində 21 idarə və müəssisə Naxçıvan şəhərindəki Heydər Əliyev adına, sonra digər muzeyləri ziyarət ediblər. Məlimatda bildirilir ki, indiyə kimi Heydər Əliyev muzeyini 250 min nəfər ziyarət edib.

Rəsmi statistikaya görə, Naxçıvan Muxtar Respublikasında 30 muzey fəaliyyət göstərir. Bu muzeylərdən yarıdan çoxu mərkəz Naxçıvan şəhərindədir.

Şərhləri göstər

XS
SM
MD
LG