Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:47

ABŞ Rusiyanı cəzalandırsa, Rusiya da Azərbaycana əl ata bilər...


.

Azərbaycan mediası yanvarın 27-də son günlər atəşkəsin pozulması, itkilərin verilməsi xəbərlərinə, tərəflərin qarşılıqlı ittihamlarına geniş yer ayırıb.

Vəfa Quluzadə

Vəfa Quluzadə

RUSİYA CƏZALANSA, AZƏRBAYCAN DA KƏNARDA QALMIR...

“Azadlıq” qəzeti sual edir: “Rusiya-Qərb qarşıdurması Qarabağa keçir? Cəbhə xəttində atışma yenidən niyə şiddətlənib?”

Qəzetə danışan Politoloq Vəfa Quluzadə hesab edir ki, cəbhədə baş verənlər Rusiya-ABŞ münasibətlərində artan gərginliyin təzahürü ola bilər. Politoloq vurğulayıb ki, hazırda Ukraynadakı son qanlı toqquşmalar Rusiyanın planı ilə həyata keçirilir. O biri yandan da ABŞ Rusiyanı beynəlxalq bank əməliyyatları sistemindən çıxara biləcəyi ilə hədələyir:

“Əgər Rusiya SWIFT-dən ayrılsa o zaman Azərbayacana böyük təhlükə var. Çünki bu zaman Rusiya ABŞ qarşıdurması qaçılmaz olacaq. Rusiya nəticədə Qərbin maraqlarına zərbə endirmək barədə düşünərsə, regionumuzda müharibəni yenidən bərpa edə bilər.

Rusiya bunun üçün Azərbaycanla Ermənistan arasında müharibəni tam miqyaslı edə bilər. Müharibə bərpa olunarsa, o zaman Qərbin hazırkı və gələcək enerji layihələri sual altına düşəcək. Cəbhədəki son toqquşmalar da bunun görsənişi ola bilər. Putin Qərbə bu zərbəni endirib-endirməmək barədə düşünə bilər”.

ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri

ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri

MİNSK QRUPUNA YENİ HƏMSƏDRLƏR

“Trend” agentliyi isə “Üçlü formatın ədalətsizliyi” adlı məqaləsində Qarabağ danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin sayının artırılması məsələsinin yenidən gündəmə gəlməsindən bəhs edir:

"ABŞ, Rusiya və Fransadan ibarət üçlüyə Almaniya və Türkiyənin qoşulması da təklif olunur. ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev bu təkliflə qurumun növbəti sessiyasında çıxış edəcəyini açıqladı.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı bu ölkənin Kansleri Angela Merkelin Dağlıq Qarabağ münaqişəsi üzrə sərgilədiyi mövqe bir qədər gözlənilməz olsa da, bunu Avropada baş verən hadisələrin məntiqi nəticəsi kimi də qiymətləndirmək olar. Merkel qoşunların təmas xəttində atəşkəsin pozulmasında Rusiyanın Ermənistana dəstək verməsi amilini ilk dəfə yüksək tribunadan səsləndirdi.

Kansleri bu həqiqəti söyləməyə vadar edən əsas səbəblərdən biri Rusiyanın Ukrayna ilə bağlı siyasətidir...

Moskva Ermənistanın ən yaxın strateji müttəfiqidir və bu ölkədə hərbi bazası var, ABŞ-da erməni diasporu və erməni yönümlü konqresmenlərin mövqeyi güclüdür, qondarma "erməni soyqırımı"nın inkarına görə cəza tətbiq edən Fransa isə ermənilərin ən yaxın himayədarlarından biridir.

Sadalanan faktlar və balansı qorumaq baxımından Minsk Qrupunun "yeni qan"a ehtiyacı var. Üçlük arasında müsəlman ölkəsinin çatışmazlığı Türkiyə ilə aradan qaldırılmalıdır”.

Yazıda daha sonra deyilir ki, Almaniya üçlüyə münasibətdə daha ədalətli mövqe nümayiş etdirə bilər, çünki müəllifin fikrincə, erməni diasporunun bu ölkəyə təsir imkanları digərlərinə nisbətən xeyli azdır.

Arxiv fotosu - Azərbaycan manatı

Arxiv fotosu - Azərbaycan manatı

AZƏRBAYCANDA TİCARƏT AZALIR

“Bizim yol” qəzeti yazır: “Azərbaycanın tricarət dövriyyəsi kəskin azalıb”.

“Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 10,5 % azalıb. Dövlət Gömrük Komitəsinin 2014-cü ilə dair statistik hesabatına görə geridə qoyduğumuz ildə ölkəmizin ticarət əməliyyatının həcmi 31,01 milyard dollar təşkil edib.

Hesabata görə, 2014-cü ildə ixracın həcmi 21,8 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 8,9 % azdır.

İxrac üzrə əsas azalma dövlət sektorunda müşahidə edilir. Təbii ki, bunun da əsas səbəbi dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və Azərbaycanda hasilatın aşağı düşməsidir”.

POÇTLA GÖNDƏRİLƏN TELEFONLARI GÖMRÜK KOMİTƏSİ SAHİBLƏRİNƏ VERMİR
«Qafqazinfo” Azərbaycana gətirilən telefonlara növbəti qadağa qoyulduğunu yazır. Saytın yazdığına görə yanvarın 9-da gömrükdə yaşanan problem bir neçə gündür yenidən təkrarlanıb. Yanvarın 22-dən etibarən hava limanında fəaliyyət göstərən gömrük xidməti ölkəyə gətirilən telefon və planşetləri saxlayıb. Telefon və ya planşetlərin şəxsi istifadə, yaxud satış məqsədi ilə sifariş edildiyi yoxlanılır.

Bu müddət ərzində müştərilərə malların buraxılmaması ilə bağlı hər hansı məlumat verilməyib. Mallar xaricdən ölkəyə daxil olub, amma gömrük onları Poçt Xidmətinə təhvil vermir.

“Azərekspresspoçt”un rəis müavini Ağakazım Məmmədov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib. Bunun səbəbi ilə bağlı yalnız Gömrük İdarəsinin açıqlama verə biləcəyini deyib.

Aydın Əliyev

Aydın Əliyev

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dünən jurnalistlərə açıqlamasında deyib:

“Bəzi işbazlar elektron ticarətdən vergidən yayınmaq üçün istifadə edirlər. Ötən ilin dekabr ayında MDB ölkələrinin gömrük xidmətləri rəhbərlərinin Şurasının sonuncu iclasında da Rusiya gömrük xidmətinin təşəbbüsü ilə artıq bu problem arayış olaraq hazırlanıb. Arayışda bu ticarət növünün bir problem olaraq ərsəyə gəlməsi, vergilərdən yayınması, müəyyən razılıq və lisenziyanın, qeydiyyat tələb olunan malların idxalı ilə bağlı və sair problem yaratdığı qeyd edilib.

Azərbaycanda da mobil telefonlar idxal olunarkən müəyyən qeydiyyatdan keçməlidirlər. Buna görə də bu tip elektron ticarət qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır. Bizim borcumuzdur ki, ölkədə qoyulan qanunun riayət olunmasını təmin edək”.

Hakim Yeni Azərbaycan Partiyasının liderləri

Hakim Yeni Azərbaycan Partiyasının liderləri

İNDİKİ DEPUTATLARIN 10-DAN 30-U MANDATINI İTİRƏ BİLƏR
“Yeni Müsavat” qəzeti iddia edir: YAP parlamenti “bölməyə” razılıq verib: 70-dən 30-u…

“10 ay sonra Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Seçki ilində neftin qiymətinin sürətlə düşməsi, Qərblə münasibətlərdə yaranmış gərginlik və cəbhədə erməni-rus təxribatlarının hər ötən gün daha da intensivləşməsi iqtidarın narahatlığını artıran amillərdir. İqtisadçıların rəyinə görə, neftin qiymətinin düşməsi noyabradək manatın kursuna da ciddi təsir edəcək ki, buda inflyasiya və bahalaşmaya səbəb olacaq.

Üstəlik, dövlət strukturlarında, xüsusilə fəal seçici təbəqəsinin təmsil olunduğu təhsil və neft sektorunda ixtisarların başlaması da parlament seçkilərinin nəticələrinə əhəmiyyətli təsir göstərə bilər. Hər parlament seçkilərində hakimiyyətdaxili qüvvələrin deputat yeri uğrunda mübarizəsinin qızışmasını da buraya əlavə etsək, iqtidar üçün o qədər də əlverişli mənzərə yaranmır.

...Məlumatlı mənbə iddia edib ki, YAP-da bu dəfə deputatlığa namizəd siyahısı tam fərqli hazırlanacaq. Belə ki, 2010-da YAP siyahısından mandat alan bir çoxları bu dəfə kənarda qalacaqlar. 2010-cu ildə YAP siyahısından deputat seçilmiş 70 nəfərdən ən azı 30-u bu dəfə mandatını təhvil verməli olacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG