Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:39

Auschwitz düşərgəsinin azad olunmasından 70 il keçir


Auschwitz-Birkenau ölüm düşərgəsi. Muzey fotosu
Auschwitz-Birkenau ölüm düşərgəsi. Muzey fotosu

-

Yanvarın 27-də Polşada Auschwitz (Osventsim) nasist ölüm düşərgəsindən məhbusların azad olunmasının 70 illiyi qeyd olunur.

Qızıl Ordu əsgərlərinin azad etdiyi məhbuslardan sağ qalanlar tədbirə qatılacaqlar. Onların sayı yüzlərlədir. Mərasimə xarici dövlət təmsilçilərinin də gələcəyi gözlənir.

Almaniyanın kansleri Angela Merkel yanvarın 26-da Berlində Holocaust qırğınından salamat çıxan bir qrup qarşısında çıxış edib, deyib ki, Almaniyada yəhudilərin təhqir, hədə və zorakılıqla üzləşməsi "üzqarası"dır.

ÖLKƏYƏ LƏKƏ

Merkel deyib ki, Auschwitz insanların bir-birinə nə edə biləcəyinə bir "xəbərdarlıq"dır. Onun sözlərinə görə, sinaqoqların və yəhudi təşkilatlarının polis tərəfindən qorunması "ölkəmizə bir ləkədir".

Merkel bu yaxınlarda Almaniyada müsəlmanlara qarşı çıxanları da pisləyib, deyib ki, "biz Almaniyada ev-eşik quran insanlara qarşı nifrət dolu şüarlar eşitmək istəmirik".

Auschwitz yubileyi Ukrayna ilə Rusiyanın onsuz da pis olan münasibətlərini daha da pisləşdirib. Ukrayna prezident administrasiyasının rəhbəri Valeriy Chaliy yanvaın 23-də deyib ki, Ukrayna əsgərləri Auschwitz-in xilasediciləridir.


PUTİN GETMİR

Auschwitz düşərgəsini xilas edənlər içində Ukrayna Cəbhəsi adlanan diviziyalar olub, ancaq onların tərkibində müxtəlif millətlərin təmsilçiləri iştirak edib.


Rusiya prezidenti Vladimir Putin Auschwitz mərasiminə getməyəcəyini bildirib. Polşa hökuməti ölkə liderlərinə dəvətnamə göndərməyib, ancaq xahiş edib ki, tədbirə qatılıb qatılmayacaqlarını bildirsinlər.

Ukrayna prezidenti Petro Poroshenko gedəcəyini söyləyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Polşanın Krakov şəhərinə yola düşüb. O, Osvensimin azad olunmasının 70 illiyinə həsr olunmuş anım mərasimində iştirak edəcək.


MİLLİ HİSSLƏRLƏ OYNAMAQ

Polşanın xarici işlər naziri Grzegorz Schetyna yanvarın 21-də Polşa Radiosuna müsahibəsində Putinin Auschwitz tədbirinə qatılmamasının hörmətsizlik olub-olmaması barədə sualı cavablandırıb. O, deyib ki, " Auschwitz düşərgəsini azad edən Ukrayna Cəbhəsi – Birinci Ukrayna Cəbhəsi və ukraynalılar olub".


Moskva Schetyna-ya qəzəblə cavab verib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov həmin müsahibədən bir neçə saat sonra Berlində mətbuat konfransında deyib ki, "indiki durumda milli hisslərlə oynamaq cəhdi kafirlik və həyasızlıqdır".


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG