Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:44

-

Heç vaxt bu qədər fərqli addımlayan bir qız görməmişdi. Asta-asta danışır, uşaq kimi gülümsəyirdi. İstəmişdi gedib desin ki, heç kəs sizin kimi ürəkdən gülmür...

Ruslan Süleymanlı

İyun xatirəsi

Kitabı örtüb üz qabığını sinəsinə sıxdı. Gözlərini dar nəfəslikdən səmaya zillədi. Dan ulduzu, gözəl Venera nazlı-nazlı parıldayırdı.

Düşündü ki, yaxşı ki kitablar var. Əgər kitabların onun üçün nə qədər qiymətli nemət olduğunu bilsəydilər, yəqin əlindən alardılar.

Səma işıqlanırdı. Amma hava indidən boğucu idi. İçəridə nəfəs almaq olmurdu. Üfünət iyinə alışmışdı. Daha burnu heç bir qoxu hiss etmirdi.

Qalxıb üzərində yatdığı, divara bərkidilmiş dəmir lövhənin üzərində oturdu. Bardaş qurub gözlərini yumdu.

Xəyalları keçmişin səhifələrində dolaşmağa başladı. Dörd il öncə elə bu vaxtlar idi. O vaxt hələ “təhlükəli” hesab olunmurdu. Nə itirəni vardı, nə axtaranı, nə sevəni vardı, nə də nifrət edəni.

Sonra bir kitabı nəşr olundu. Aləm bir-birinə dəydi. Özündən soruşulsaydı günahının nə olduğunu deyə bilməzdi. Heç hakim də deyə bilməmişdi. Qəzetlər yazmışdı ki, qurama işdir.

Ancaq o, sükunətini qorumuşdu. Azad insanın həbsdə də azad olduğunu bilirdi, bundan sonra nələr olacağını da.

Xəyalı o iyun səhərində, bir bazar günü ucqar bir qəsəbənin daş döşənmiş qədim küçələrində dolaşdı və o qızın üzərində dayandı.

Dodaqlarının kənarında xəfif bir təbəssüm əsdi.

İndiyə qədər gördüyü ən əsrarəngiz qız idi. Səfər iştirakçılarının içərisində, o ucqar qəsəbənin küçələrində qururla dolaşırdı. O qədər təsirlənmişdi ki, yanındakı dostuna əyilib:- “Nə maraqlı qızdır”-deyə pıçıldamışdı. Ondan heç vaxt bu cür söz eşitməmiş dostu ona mənalı-mənalı baxıb gülümsəmişdi.

Boyu bir qıza görə uca sayılardı. Xəfif bir şəkildə, özünə inamla addımlayırdı.

Heç vaxt bu qədər fərqli addımlayan bir qız görməmişdi. Asta-asta danışır, uşaq kimi gülümsəyirdi. İstəmişdi gedib desin ki, heç kəs sizin kimi ürəkdən gülmür.

Sonra yadına düşmüşdü ki, heç tanış da deyillər. Bir kəlmə söhbət edə bilmək üçün ətrafında vurnuxmağa başlamışdı.

Qız da bunu hiss eləmişdi. Ondan uzaq dayanmağa çalışmışdı. Ancaq gəzintidən geri qayıdarkən ümümi söhbətə qarışıb bir-iki kəlimə danışmışdılar. Və ilk dəfə uzun-uzadı diqqət yetirmişdi qızın gözlərinə.

O sakit gözlərin arxasında həyatın aşıb-daşdığı, hər şeyi hiss edən həssas bir ruh gizlənmişdi. Ayrılıb evə gedərkən üzərinə dərin bir kədər çökmüşdü. Elə bil ki, illərdir tanıdığı bir insandan ayrılmışdı. Sonra özünə acığı tutmuşdu ki, niyə görə məhz o bazar günü gəzintiyə çıxmaq qərarına gəlmişdi.

Başqa gün getsəydi bəlkə heç vaxt ona rast gəlməzdi. Amma daha sonra düşünmüşdü ki, insan həyatı pyes pərdələri kimidir, biri bağlanıb, digəri başlayır və insan səhnəyə alqışlar üçün çıxır, amma səhnədən düşəndə əlində xatirələrdən başqa bir şey qalmır.

Dəmir qapının ağır kilidinin səsi daş divarların sükütunu pozdu. Acıqlı bir səs eşidildi: ”Səhər gəzintisi”

Gözlərini açdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG