Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Səudiyyə kralına görə Britaniya bayrağının endirilməsi tənqid olunur


Səudiyyə kralı Abdullah-ın vəfatı ilə bağlı Britaniya dövlət bayraqlarının endirilməsi siyasətçilər və ictimaiyyət tərəfindən tənqid edilir.

Britaniyanın hökumət binalarında və kraliça İkinci Elizabeth-in Bukingem sarayında Səudiyyə kralı Abdullah-ın vəfatı ilə əlaqədar dövlət bayraqlarının endirilməsi ölkə boyunca müxtəlif siyasi partiyaları təmsil edən siyasətçilər tərəfindən kəskin tənqid edilir.

Vəliəhd şahzadə Charles və baş nazir David Cameron-un kral Abdullah-ın yas mərasimində iştirak üçün Səudiyyə Ərəbistanında olduqları bir vaxtda, Britaniyanın özündə dövlət bayraqlarının bu münasibətlə endirilməsi birmənalı qarşılanmayıb.

Bir sıra tanınmış siyasətçilər və “insan haqları müdafiəçiləri ifadə azadlığını və qadınların hüquqlarını kobud şəkildə pozan, İslam ekstremizinə rəvac verənbir ölkənin” rəhbərinə bayraq səviyyəsində ehtiram göstərilməsinin başa düşülmədiyini bildirirlər.

Şotlandiya mühafizəkarlarının lideri Ruth Davidson tvitterdən göndərdiyi mesajda bayraqların endirilməsini “ikrah hissi doğuran cəfəngiyyat” adlandırıb.

UKİP partiyasından millət vəkili Douglas Carswell isə deyib ki, bayraqların endirilməsi “hökumət binalarında oturanların mənəviyyatsızlıq dəyərlərinin Britaniya ictimai dəyərlərindən fərqli olduğunu göstərir”.

Baş nazirin iqamətgahı, parlament binası və Vestminister Abbatlığı üzərində Britaniya dövlət bayraqları kral Abdullah vəfat edən kimi endirilib.

Müti köləlik

Carswell bəyan edib ki, bu hadisə hökumətin reallıq hissindən uzaq olduğunu nümayiş etdirib.

“Hökumət binalarında bayraqların kral Abdullah üçün yarıyadək endirildiyi bir vaxtda görəsən Səudiyyədə neçələrini edam ediblər?” – deyib millət vəkili.

Yaşıllar Partiyasından millət vəkili Caroline Lucas isə yazır ki, Britaniya hökuməti Səudiyyə Ərəbistanına onun kralının ölümü münasibətilə dövlət bayraqlarını endirəcək qədər yaxındırsa, onda nə üçün bu ölkədən öz vətəndaşlarının təməl haqlarının və azadlıqlarının təmin edilməsini tələb etmir?”

Leyborist millət vəkili Paul Flynn isə bildirib ki, bayraqların endirilməsi “Britaniyanın hakim elitasının xarici monarxlar qarşısında müti köləliyinin ifadəsidir”.

Kəsilən başlara kim bayraq endirəcək?

Amnesty International təşkilatının Birləşmiş Krallıq üzrə direktoru Kate Allen isə deyib ki, “heç kim Səudiyyə Ərəbistanının hər il edam etdiyi çox sayda insan üçün bayraq endirmir”.

Xanım Allen deyir ki, bayraqlar yenidən qaldırılanda rəsmi London təzə kral Salman-dan insan haqları sahəsində islahatların aparılmasını tələb etmək üzərində düşünməlidir.

Britaniya hökumətinin Mədəniyyət, Media və İdman departamenti tənqidlərə cavab olaraq bildirib ki, xarici monarxların ölümü münasibətilə bayraqların endirilməsi rəsmi protokola daxildir.

Parlamentdəki mənbələrdən biri məlumat verib ki, bayraqların endirilməsi Bukingem sarayının ricası ilə edilib.

Sarayın sözçüsü deyilənləri təsdiq edib, lakin bildirib ki, bu barədə hökumətlə də məsləhətləşmələr aparılıb.

“Səbirli modernizator”

Kral Salmana ünvanlanmış başsağlığı bəyanatında Britaniya kraliçası deyib: “Sizin dəyərli qardaşınız Abdullah həyatını krallığa və İslama xidmətdə keçirib. O sülh və xalqlar arasında anlaşma üçün çalışanların qəlbində yaşayacaqdır”.

Baş nazir David Cameron-un da başsağlığında Səudiyyə kralının “sülh və dinlərarası anlaşma istiqamətindəki xidmətləri” yad edilib.

Keçmiş baş nazir Tony Blair isə Abdullah-ı “sabit və sadiq müttəfiq, səbirli və bacarıqlı modernizator” adlandırıb.

Acları doyuran

Yeri gəlmişkən, Qərb mətbuatı mərhum kral Abdullah-a qlobal miqyasda verilmiş başsağlıqlarını da tənqid edir.

BMT-nin baş katibi Ban Ki-moon deyib ki, “mərhum kral ömrünü öz xalqının firavanlığına həsr edib”.

Baş katib habelə kral Abdullah-ın “səxavətli humanitar yardımını və inkişafa dəstəyini” yada salıb.

BMT-nin Ərzaq Proqramının rəhbəri Ertharin Cousin isə Abdullah-ı “acları doyuran” şəxs kimi təqdim edir.

“Biz ən çətin vaxtlarda kralın səxavətinə güvənə bilirdik” – deyib Ertharin Cousin.

İnsan haqlarını diri kralla müzakirə edərlər…

Britaniya qəzetləri diqqəti belə bir maraqlı məqama çəkirlər ki, Səudiyyənin Londondakı səfirliyinin damında Səudiyyənin öz bayrağı endirilməyib.

Xəbər verilir kİ, Səudiyyədə kralların ölümü ilə bağlı bayraqların endirilməsi qaydası yoxdur.

Bayraqların endirilməsinə dəstək verən azsaylı müxalifət liderlərindən biri də getdikcə populyarlaşan UKİP partiyasının lideri Nigel Farage olub.

O deyib ki, bayrağın endirilməsi bir diplomatik protokol məsələsidir.

“İnsan haqları məsələsinə gəlincə isə, bunu ölü kralla yox, diri kralla müzakirə etmək lazımdır” – deyib Farage.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG