Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

-

Norveç mətbuatı yerli Stod qadın voleybol klubunun Bakıda başına gələnlərdən yazaraq, komandanın Anatolia Bakı hotelnində az qala girov kimi saxlanmasını təsvir edir.

İddia olunur ki, Bakının Azerrail komandası ilə görüşə gələn Norveç klubundan hoteldə ikiqat pul tələb olunub.

QAPI BAĞLANIB? POLİS ÇAĞIRILIB?

Stod nümayəndəsi pulu ödəməkdən imtina edəndə, hotel əməkdaşları qapıları bağlayaraq polis çağırıblar.

Bildirlir ki, insident norveçlilərin təyyarəsinin Bakıdan uçmasına bir neçə saat qalmış baş verib. Norveç səfirliyinin də müdaxilə etdiyi məsələ hotelin tələb etdiyi pullar ödənəndən sonra həllini tapıb.

AzadlıqRadiosu ilə söhbətində Stod klubunun meneceri Svein Myhr (Svəyn Mir) baş verənləri təsdiq edərək bildirib ki, Anatolia hotelini tərəf müqabilləri - Azerrail komandasının rəhbərliyi məsləhət bilmişdi. Onlar da internet vasitəsilə orada komandaya 2 günlük yer sifariş edərək pulunu da əvvəlcədən ödəmişdilər. Sonradan hotelin özündən daha sərfəli təklif alaraq qəbul ediblər. Deyir ki, Bakıya gələndə də yeni sifarişin qiymətinə uyğun, əvvəlcədən internetdə ödədikləri pulun da daxil olması ilə hotellə hesablaşıblar.

Təyyarənin uçmasına xeyli vaxt var idi, Bakıya ekskursiyaya çıxmışdıq. hotelə qayıdıb əşyalarımızı götürmək istəyəndə, məlum oldu ki, bütün otaqların qapısı bağlanıb. Bizdən əlavə pul tələb edirlər

«Təyyarənin uçmasına xeyli vaxt var idi, Bakıya ekskursiyaya çıxmışdıq. hotelə qayıdıb əşyalarımızı götürmək istəyəndə, məlum oldu ki, bütün otaqların qapısı bağlanıb. Bizdən əlavə pul tələb edirlər». – Svein Myhr deyir.

Onun sözlərinə görə, hotel rəhbərliyini inandırmağa çalışıb ki, hesab artıq ödənilib, ödəmənin qəbzini göstərib və tələb olunan pulu verməkdən imtina edib.

- Bundan sonra hotel rənbərliyi hotelin giriş qapısını da bağlayaraq polis çağırıb. Mübahisə uzandıqca təyyarənin uçuş vaxtı yaxınlaşırdı. Norveç səfirliyinin nümayəndəsi polisin işə qarışdığını biləndə məsləhət gördü ki, pulu ödəyək. – deyə Myhr davam edir.

Norveçlilər hesab edirlər ki, baş verənrlər Stod-un Azerrail üzərində qələbəsindən hirslənən Azərbaycan tərəfinin intiqamıdır.

Xatırladırıq ki, Avropa voleybol klubları arasındakı «Çellenc kuboku» uğrunda yarışmada Azərbaycanın Azerrail komandası 1/8 finalda Bakıdakı cavab görüşünü udsa da, Norveçdə Stoda məğlub olmuşdu. Ona görə də, əlavə oyun (set) təyin olunmuş, çox gərgin keçən set 18-16 hesabı ilə norveçlilərin qələbəsi ilə başa çatmışdı.

«Mənə dedilər ki, belə hallar əvvələr də olub. Azərbaycanlılar uduzmağı sevmirlər,» – deyə Myhr bildirir və öz arqumentinə qüvvət üçün deyir ki, Anatolia hotelinin sahibi Azərbaycan voleybol federasiyasının sədridir.

HOTEL TƏKZİB EDİR...

Anatolia hotelinin nümayəndəsi AzadliqRadiosu ilə söhbətində bu faktı təkzib edir. Deyir ki, Myhr-in iddiaları tamamilə əsassızdır, hotelin sahibi Ziya Məmmədov deyil, başqa adamdır.

Baş verən hadisəni təsvir edən Anatolia nümayəndəsi deyir ki, bütün günahlar Stod rəhbərliyinin özündədir və insidentin bir gün əvvəlki Azerrail – Stod görüşünə heç bir dəxli yoxdur.

Deyir:

- Onlar həm internet vasitəsilə, həm də birbaşa Anatolianın özündə 2 müxtəlif sifariş ediblər. Sonuncu sifarişə yeməyin də qiyməti daxil olub.

Anatolia nümayəndəsi izah edir ki, internet vasitəsilə edilən sifarişə görə hotel 8 otağı boş saxlamaqla maddi itkilər keçirib.

Hətta Stod komandasından bir kişi bizim qadın əməkdaşımızı əli Ilə itələməyə qədər həddini aşdı...

Onun sözlərinə görə, norveçlilər hotel əməkdaşları ilə çox kobud rəftar edirdilər.

- Hətta Stod komandasından bir kişi bizim qadın əməkdaşımızı əli Ilə itələməyə qədər həddini aşdı. Pulu ödəyib hoteli tərk edəndən sonra isə voleybolçu qızlardan biri geri qayıdıb tualetə getmək istədiyini dedi. Çıxıb gedənə baxdıq ki, lobbidəki tualetdə hər şeyi dağıdıb. – deyə AzadlıqRadiosu ilə söhbətində Anatolianın xanım əməkdaşı bildirib.

Hər iki tərəf insidentin şişirdilməsini düzgün saymır.

- Ümumiyyətlə Azərbaycanda bizi çox yaxşı qarşılamışdılar. Bakı da çox xoşumuza gəldi. Baş verənləri bütün Azərbaycanın ayağına yazmaq istəməzdim – deyən Stod meneceri Svein Myhr istisna etmir ki, hadisə haqda Beynəlxalq Voleybol federasiyasına şikayət edəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG