Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:03

Sankt-Peterburq Kadırov küçəsi istəmir


Moskvada Axmat Kadırov küçəsi.
Moskvada Axmat Kadırov küçəsi.

Qubernator Georgi Poltavchenko küçələrdən birinə Çeçenistanın mərhum lideri Axmat Kadırovun adının verilməsinə dair deputat təşəbbüsünü rədd edib.

Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavchenko şəhər dumasının deputatı Vitali Milonovun küçələrdən birinə Çeçenistanın mərhum lideri Axmat Kadırovun adının verilməsinə dair təşəbbüsünü rədd edib.

Qubernator bu barədə məktubunda qeyd edir ki, belə məsələlər şəxsi təşəbbüs qaydasında irəli sürülmür və toponimiya komitəsi tərəfindən müzakirə olunur.

O qeyd edib ki, mövcud qaydalara görə, şəhərin küçələrinə həyatları hər hansı şəkildə bu şəhərlə bağlı olan şəxsiyyətlərin adları verilə bilər.

“Kadırova olan hörmətimə baxmayaraq...”

Merin sözlərinə görə, üstəlik belə hallarda sözü gedən küçələrin özləri də konkret olaraq həmin şəxsiyyətlərlə bağlı olmalıdır.

Poltavchenko deyib ki, “Axmat Xaci Kadırovun şəxsiyyətinə olan dərin hörmətinə baxmayaraq, onun Sankt Peterburq şəhəri ilə heç bir bağlılığının olmamasını etiraf etməlidir”.

Bununla belə, qubernator, “Peterburqun fəxri vətəndaşlarının arzusunu nəzərə alaraq mədəniyyət komissiyasına bu məsələni öyrənməyi” tapşırıb.

BBC-nin Rus xidməti bildirir ki, mədəniyyət komitəsində belə bir sərəncamı almadıqlarını deyiblər.

Şəhər sakinləri rədd edirlər

Deputat təşəbbüsü qaldırmış millət vəkilinə göndərdiyi cavab məktubunda şəhər meri həmçinin “Fontanka.ru” saytının keçirdiyi rəy sorğusuna istinad edib.

Bu rəy sorğusunun nəticələrinə görə rəyi soruşulan sakinlərin (11597 nəfər) 85 faizi Peterburqda Kadırov küçəsi görmək istəməzdi.

Rusiya mediası bildirir ki, Kadırov küçəsi ilə bağlı söz-söhbət artıq bir müddətdir davam edir.

Məsələn, ötən dekabrın 19-da change.ru saytında 5 min adam tərəfindən imzalanmış petisiya dərc olunub.

Şəhər meri Poltavchenkoya ünvanlanmış petisiyada Sankt Peterburq küçələrindən birinə Kadırovun adının verilməsinə etiraz edilir.

Rus əsgərinə təhqir

Petisiyada deyilirdi ki, küçələrdən birinə Axmat Kadırov adının verilməsi Çeçenistan müharibələrində Rusiya konstitusiyasının müdafiəsi üçün qəhrəmanlıqla həlak olmuş yüzlərlə rus əsgərinin xatirəsinə təhqir olardı.

Mətbuat bunu da yazır ki, deputat Milonovun təşəbbüsü bütün hallarda şəhərdə millətlərarası gərginliyə səbəb ola bilər və buna görə də millət vəkilinin özünə qarşı belə bir təşəbbüsə görə cinayət işi qaldırılmalıdır.

Rusiya mətbuatı xəbər verir ki, şəhər ictimaiyyəti merin deputat təşəbbüsünü rədd etməsini alqışlayıb.

“Bircə Sankt Kadırovsk çatışmır”

Məqalələrdə sakinlərin dilindən “Əhsən qubernatorumuzun mərdliyinə”, “Axırı ki, özünü kişi kimi apardı”, “Bircə Sankt Kadırovskumuz çatışmırdı” kimi replikalar verilib.

Bu da xatırladılır ki, Moskvada Axmat Kadırov küçəsi 2010-cu ildən mövcuddur. Bu barədə qərar çeçen liderinin sui-qəsd nəticəsində öldürülməsindən dərhal sonra, 2004-cü ildə qəbul olunmuşdu.

Elə o vaxt da küçənin yerləşdiyi Butovoda adamlar bu təşəbbüsə çox mənfi yanaşmışdılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG