Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

Məşhur aktyorlar rollarına görə hansı qurbanları veriblər


28 kilo çəki artırmış Robert de Niro "Qızmış öküz"ün son bölümündə (shortlist.com)

28 kilo çəki artırmış Robert de Niro "Qızmış öküz"ün son bölümündə (shortlist.com)

-

Robert de Niro 28 kilo kökəlməli olmuşdu.

Demi Moore saçını dibindən qırxdırmış, hər gün səhər saat 4-də oyanıb məşq eləmişdi..

Holly Hunter aylarla piano dərslərinə getmişdi

Robert de Niro

Kino tarixinin ən yaddaqalan filmlərindən olan “Qızmış öküz”də 2 Robert de Niro görürük. Biri idmançı bədənli, o biri yekarın. Məşhur boksçu Jake LaMotta-nın obrazını yaradan aktyor onun boksdan gedəndən sonra keçirdiyi həyat tərzinə uyğun olaraq 28 kilo kökəlməli olmuşdu.

De Niroya görə filmin çəkilişləri 4 ay dayandırılmış və aktyor Avropanı gəzib könüllü qarınqululuq eləməyə başlamışdı. Bu filmə görə o, “Oscar” mükafatına layiq görülüb.

Vincent D'Onofrio

De Nironun rekordunu rejissor Stanley Kubrick-in "Full Metal Jacket" filmində artıq çəkisinə görə komandirin qəzəbinə tuş gələn sıravi Leonardı canlandırmış Vincent D'Onofrio təzələyib.

Roluna görə 32 kiloqram çəki yığmalı olan aktyor filmdən sonra həmin çəkidən yalnız 9 aya xilas ola bilmişdi.

Hələ ki onun rekordunu qıran olmayıb.

Demi Moore

“GI Jane” filmində ilk xüsusi təyinatlı qız rolunu oynayan Demi Moore saçını dibindən qırxdırmış, hər səhər saat 4-də oyanıb ağır məşqlər eləmişdi. O qədər məşq etmişdi ki, axırda, idmançılar demiş, bir əllə “jim eləyə” bilirdi. Bu, aktrisanın ilk qurbanı deyildi. O, bundan əvvəl “Striptiz” filmində oynamaq üçün silikon döşlər qoydurubmuş.

Holly Hunter

Aylarla piano dərslərinə getmişdi ki, “Piano” filmində mahnıları özü ifa etsin. Bundan başqa ifa etdiyi lal-kar obrazına görə Hunter eşitmə qabiliyyətini itirənlərin istifadə etdikləri işarələri öyrənməli olmuşdu. Bunun üçün də müəllim tutmuşdu.

Hunter bu roluna görə “Oscar”a layiq görülüb.

Charlize Theron

Amerikada seriya qətllər törətmiş Aileen Wuornos-u “Monster” filmində, canlandırmaq üçün, balerina və model olmuş Charlize Theron 15 kiloqram kökəlmiş, protez diş gəzdirməli olmuşdu.

Bundan başqa o, Wuornos-a aid sənədli filmlərə baxmış, çoxlu qəzet məqalələri və qatil qadının yazdığı məktubları oxumuşdu.

Charlize Theron da bu roluna görə “Oscar”la mükafatlandırılıb.

Christian Bale

“Maşinist” filminin baş qəhrəmanı çox arıq olmalı idi. Bale 30 kiloqrama yaxın arıqlamaq üçün bir müddət gündə yalnız bir tuna konservi və bir alma yeməli olmuşdu. Bundan sonra isə bir neçə ay ərzində əvvəlki çəkisini bərpa edib “Batman Begins”ə çəkilmişdi.

Mickey Rourke

“Güləşçi” filmindəki rolunu təbii oynamaq üçün Mickey Rourke Amerika güləşi üzrə mütəxəssis, keçmiş güləşçi "Vəhşi Samoalı" Afa ilə birlikdə xeyli məşq etmiş, çəkisini 20 kiloqramdan çox artırmışdı. Amma tamaşaçılar ən böyük dəyişikliyi onun sifətində görmüşdü. Məşqlərdə üzünə o qədər yumruq dəymişdi ki, aktyor plastik əməliyyat etdirməli olmuşdu.

​"Guardian"a istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG