Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:32

İsmayıllı məhbusu AzadlıqRadiosuna danışır...


İsmayıllı hadisələri: sadəcə qəza, yoxsa...
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

İsmayıllı hadisələri: sadəcə qəza, yoxsa...

-

«İşlətdiyim kafedəydim. Rayon yerində xəbər tez yayılır. Haray eşitdik və getdik hadisə yerinə. Ora çatanda etirazlar çoxdan başlamışdı, oteli də yandırmışdılar».

22 yaşlı Şükran Mühübalıyev 2 il öncə baş verən İsmayıllı hadisələrini belə xatırlayır. Yanvarın 23-nə keçən gecə əhali yerli icra hakiminə etiraz edir, onun istefasını tələb edirdilər. Etirazlar zamanı İsmayıllıdakı «Çıraq» hotelinə od vurmuşdular. İsmayıllıları qəzəbləndirən otelin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsi haqda xəbər idi.

Şükran Mühübalıyev davam edir:

İsmayıllıda yandırılan Çıraq hoteli
İsmayıllıda yandırılan Çıraq hoteli

«Mən çatanda dedilər ki, İsmayıllı camaatının ünvanına söyüş söyüblər. Hamımızın namusu var, qeyrəti var. Üzr istəməsini tələb ediblər. Tələb tələb olaraq qalıb. Sonra da hadisələr böyüyüb. Qudurğanlığın ucbatından bunlar oldu».

Ertəsi gün də olaylar səngimir. Söyüşlə başlayan hadisələr sosial və siyasi tələblərlə davam edir. Paytaxtdan İsmayıllıya güc qüvvələri göndərilir, iğtişaşlar polislə yerli sakinlər arasındakı toqquşmalara qədər böyüyür. Bəzi etirazçılar saxlanılır. Şükran da saxlanılanlardan birisi olur...

«Otel yandırılan gecə mən də orada idim. Kameraların obyektivinə düşmüşdüm. Ertəsi gün –yanvarın 24-də səhər tezdən gəlib məni apardılar polisə».

«​YALANÇI ŞAHİDLƏRƏ İKİ İLİMİ ALDILAR»

İsmayıllı hadisələrinə görə ümumilikdə 52 nəfər saxlanılıb. Onların bəzisi inzibati həbs olunub, bir qismini cərimələdikdən sonra azad ediblər.

İcitmai asayişin pozulması maddəsi ilə 18 nəfər barəsində isə cinayət işi başlanılır. Həbs olunanlar arasında hadisələrdən bir gün sonra İsmayıllıya gedən Real Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Başqanının müavini Tofiq Yaqublu da var idilər.

İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu

5 ay davam edən məhkəmədə 18 nəfərə hökm oxunur. Onlardan 10-u iki il yarım dan 8 ilədək azadlıqdan məhrum edilir. Ağır cəza alanlar arasında 5 il azadlıqdan məhrum edilən Tofiq Yaqublu və 7 il alan İlqar Məmmədov oldu.

İttiham olunan 8 nəfər şərti cəza ilə azadlığa buraxılır.

Sadəcə kameraların obyektivinə düşdüyünə görə həbs olunduğunu deyən Şükran Mühübalıyev təxminən bir aydır azadlıqdadır. Məhbəs haqda qədər də həvəslə danışmır. Deyir ki, hələki azadlığın dadını çıxarmaq istəyir. İlk dəfə məhkəmə qarşısında çıxarılanda Şükranın hələ 20 yaşı var idi:

«Polisdə məndən etiraza qatılma səbəbimi, ora gələnlərin adlarını deməyimi istədilər. Hardasa 3 saat dindirəndən sonra dedilər ki, gedə bilərsən. Evə gedirdim ki, yenidən zəng edib, idarəyə çağırdılar ki, hansısa sənədə imza atmalıyam. Elə oradaca qolumu qandallayıb apardılar. Məhkəmədə yalançı şahidlər üzümüzə durdu. Bununla da həbsxana həyatım başladı. Məndən 2 ilimi aldılar. Hər dəfə məhkəmədə valideynlərimi dəmir barmaqlıqlar arxasından görmək dəhşətli hisslər idi».

Dörd divar arasında nə etsən də darıxırsan. Televizora baxaraq, nərd, domino oynayaraq vaxtımızı keçirirdik. Müzakirələr aparırdıq...

Şükran Mühübalıyev Şəki İstintaq təcridxanasında 2 ay Tofiq Yaqublu ilə eyni kamerada saxlanılıb:

«Dörd divar arasında nə etsən də darıxırsan. Televizora baxaraq, nərd, domino oynayaraq vaxtımızı keçirirdik. Müzakirələr aparırdıq. Təəssüf ki, Tofiq Yaqublu ilə tanışlığımız məhbəsdə oldu».

Şükran Mühübəliyev prezidentin 2014-cü ilin dekabrında imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb. Soruşuruq ki, ötən 2 ildə nə dəyişib? Həm İsmayıllıda, həm onun öz fikirlərində, həm də həyatında:

«20 yaşımda həbs edildim. Gəncliyimin gözəl illəri getdi, təhsilim yarımçıq qaldı. Ötən 2 ildə işlərimi genişləndirə bilərdim. Amma bütün bunlarla belə məncə həbsim hədər getmədi. Rayon da xeyli dəyişib, gözəlləşib. Sosial məsələlərdə irəliləyişin olub-olmadığını hələ bilmirəm. Təzəcə azadlıqdayam. Bunlardan sonra agah olacam».

DÖRD NƏFƏR AZADLIQDA, ALTI NƏFƏR HƏBSDƏ...

Nizami Ələkbərov
Nizami Ələkbərov

Şükran Mühübaliyev onun kimi qanunsuz həbs olunduğunu deyən İsmayıllı məhbuslarının hamısının azad olunmasını arzulayır.

İndi İsmayıllı hadisələrindən 2 il ötür. Həmin dönəmdə yerli sakinlərin tələbi ilə icra başçısı Nizami Ələkbərov vəzifəsindən kənarlaşdırılır. Təxminən bir ay sonra- fevralda Mirdamət Sadıqov İsmayıllıyayicra başçısı təyin edilir. AzadlıqRadiosu həmin vaxt «Çıraq» otelinin Nizami Ələkbərovun qardaşı oğlu oğlu Vüqar Ələkbərova məxsus olduğunu aşkara çıxarmışdı.

Vüqar Ələkbərov mətbuata açıqlamasında həmin gün İsmayıllıda olmadığını deyib.

Azadlıqdan məhrum edilən 10 nəfərə gəlincə isə onlardan iki nəfəri Appeliasiya məhkəmsinin qərarı ilə, daha iki nəfər əfv sərəncamı azadlığına qovuşur.
Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun sədrinin azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. İndi Tofiq Yaqublu və REAL sədrinin işi Ali Məhkəmədədir.​

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG