Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59

Səudiyyə Ərəbistanının yeni lideri-kral Salman bin Abdul Aziz kral Abdullanın ögey qardaşıdır.Wall Street Journal qəzeti yazır ki, “O, az tanınıb. Kral Salman güclü lider və ya güclü sağlamlığı olan şəxs kimi nəzərdən keçirilmir”.

Economist jurnalı isə yazır ki, məlumatlara görə, kral Salmanda Alzheimer xəstəliyi var.

Wall Street Journal qəzetinin yazdığına görə, ABŞ rəsmilərinin fikrincə, kral Salmanın hakimiyyəti nə qədər tez cəmləyəcəyi, səfərbər edəcəyi maraq doğurur. Ancaq əsas sual neftdir.

ƏN BÖYÜK SUAL

Wall Street Journal qəzeti yazır ki, amerikalı rəsmilərin soruşmaq istədiyi ən böyük sual neftlə bağlıdır: Səudiyyə Ərəbistanı neft bazarında payını qorumaq və rəqibləri bazardan sıxışdırıb çıxartmaq üçün nefttin qiymətini salmaq kimi riskli neft strategiyasını davam etdirəcəkmi?

Təsadüfi deyil ki,Səudiyyə kralının ölüm xəbəri gələn kimi Nyu Yorkda neftin qiyməti 3 faiz, Londonda 2,6 faiz qalxıb.

Ayers Alliance Securities şirkətinin eksperti Jonathan Barrat Bloombergə deyib ki, bu qiymət artımı sırf bazarla da bağlı ola bilər. Son vaxtlar neft bazarında hamı satırdı, ona görə, yaxın vaxtlrda neftin qiymətinin qısa müddətli də olsa artımı gözləniləndir.

KLİNİKİ ÖLÜM?

O da ola bilər ki, Səudiyyə Ərəbistanının qəsdən neftin qiymətini aşağı salması və ya ən azı, qiymətin enməsinin qarşısını almaq üçün əlini ağdan-qaraya vurmaması elə kral Salmanın siyasətidir, kral Abdullanın yox.

Çünki neftin qiymətinin düşməsi başlanandan xeyli əvvəl – 2013-cü ilin mayında bir çox mediada xəbər yayıldı ki, kral Abdulla kliniki olaraq ölüb. Londondakı Asharq-Alavsat qəzetinin müxbiri, Səudiyyə jurnalistinin Səudiyyə həkimlərinə istinadən verdiyi xəbərdə deyilirdi ki, kralın ürəyi, böyrəyi və ağ ciyəri işləməyi dayandırıb. O vaxt son bir neçə ayda ikinci dəfə yayılan oxşar məlumata görə, kralın ağ ciyərini ventilyatorla işlədirdilər, digər orqanları işlətməyə xüsusi cihazlardan və dərmanlardan istifadə olunurdu.

Ancaq 2013-cü ilin iyununda kral Abdulla Mərakeşə səfərə getdi və bu ölüm xəbəri düz çıxmadı. Ancaq ölkəni kimin idarə etməsi şübhəsi qaldı.

POST-ABDULLA NEFT DÖVRÜ

Honq-Konqdakı Sanford C.Bernstein &Co şirkətinin təhlilçisi Neil Beveridge indi Bloombergə bildirib ki, 92 yaşlı kral Abdullanın ölümü neft bazarında yaxın vaxtlarda qeyri-müəyyənliyi və qiymətin qalxıb-düşməsini yalnız artıracaq.

Ekspertin fikrincə, Səudiyyə Ərəbistanına isə sınaqlar dövrü başlanır.

Bloombergin danışdığı ekspertlər kral Abdulanın neft məsələsində gördüyü işlər haqda deyirlər ki, “o yaxşı işlədi”.

Bəs onun yerinə gələn kral Salmandan nə gözləyirlər?

Yanvarın 6-da kral Abdullanın adından neftlə bağlı bəyanatı o vaxt şahzadə olan Salman oxumuşdu. Bəyanatda deyilirdi ki, neft bazarındakı gərginliyə baxmayaraq Səudiyyənin neft siyasəti davam edəcək.

79 yaşlı Kral Salmanın neft məsələsində nə edəcəyinin ən böyük əlaməti - neft naziri Ali Al-Naimini vəzifədə saxlayıb-saxlamayacağı olacaq. Bloomberg yazır ki, 1995-ci ildən neft məsələsində qərar vermə işinin aparıcısı Al-Naimidir. Ancaq onun da indi 80 yaşı var. Al-Naimi deyir ki, o, elm və texnologiya universitetinin rəhbəri kimi digər işlərinə daha çox vaxt ayırmaq istəyir.

KRAL ABDULLA KİM İDİ?

New York Times qəzeti kral Abdulla haqda yazır ki, gəncliyini bədəvi qəbiləsində keçirən kral Abdulla asketik həyat tərzi sürürdü. O, özünə “əlahəzrət” kimi müraciətləri qadağan etmişdi.

Kral Abdulla sayı 7 minə çatan şahzadələrə dövlət büdcəsindən pul ayrılmasını dayandırdı və onları bu qərar şoka saldı.

Kral Abdulla

Kral Abdulla

Kral Abdulla Facebook səhifəsi açmışdı ki, Səudiyyə Ərəbistanının hər bir vətəndaşı ona birbaşa müraciət edə bilsin. Ancaq burda yazılanların nə qədərinin ona gedib-çatdığı məlum deyil.

Kral Abdullanın atası kral Abdul Aziz həmişə deyirdi ki, mən uşaqlarımı ayaqyalın gəzməyə, az yeməyə, atı yəhərsiz sürməyə öyrədirəm.

Kral Abdul Aziz oğlu Abdullanı bir dəfə 3 günlüyə həbsxanaya da saldırıb. Gənc Abdullanın yeganə günahı öz yerini qonağa vermək istəməməsi olub.

Kral Abdul Azizin 22 arvadı olub. Abdulla atasından sonra kral olana qədər onun 4 ögey qardaşı kral olub.

Abdulladan qabaq kral olan Fəhd iflic olanda ölkəni Abdulla idarə edirdi, ancaq o öz adından hər hansı bir sənəd imzalamaqdan imtina etmişdi. O deyirdi ki, nə qədər ki,Fahd sağdır, o öz adından fərman verə bilməz.

Abdullanın kral olanda verdiyi ilk fərmanlardan biri ona sui-qəsddə ittiham olunub, həbsə atılan iki livanlını bağışlması oldu.

Kral Abdulla 13 dəfə evlənib. Onun 7 oğlu və 15 qızı var. Onun qızlarından biri tanınmış fizikdir. Digər qızı televiziylarda tez-tez görünür və qadın haqları müdafiəçisidir.

Şərhləri göstər

XS
SM
MD
LG