Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:28

"Həbsxana yaxşıdırsa, rəisin özü də 2-cə ay orada yatsın..."


.

Prezident İlham Əliyev Davosda, 23 yanvar 2014, 23, 2014
Prezident İlham Əliyev Davosda, 23 yanvar 2014, 23, 2014

​PREZİDENT DAVOSDA ÖLKƏSİNDƏ SİYASİ İSLAHATLAR GETDİYİNİ DEYİR...
“Artıq Azərbaycan özü donor ölkəyə çevrilib və xeyli xarici ölkədə bir sıra layihələri maliyyələşdirir”. “Azərbaycan” qəzetinin yazdığına görə, prezident İlham Əliyev Davosİqtisadi Forumu çərçivəsində “Transformasiyada regionlar: Avrasiya” mövzusundakı sessiyada çıxışında deyib:

“Dövlət başçısı Azərbaycanın zamanın çağırışlarına, o cümlədən terrorizmə qarşı da fəal mübarizə apardığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla yanaşı, beynəlxalq əməkdaşlığa da geniş imkanlar açır və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələrinə hərtərəfli imkanlar yaradır.

Dövlətimizin başçısı neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda xərclərə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməsi hallarının qarşısının alınması və digər vacib tədbirlər görüldüyünü dedi”.

Qəzet yazır ki, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışarkən konfliktin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasa, bunun digər ölkələrə də öz mənfi təsirini göstərəcəyini deyib.

Prezident bildirib ki, Azərbaycanda siyasi islahatlar da uğurla reallaşdırılır, insanların daha yaxşı yaşayışı üçün ardıcıl işlər görülür.

Leyla Yunus
Leyla Yunus

TÜRMƏ YAXŞIDIRSA, RƏİS ÖZÜ DƏ 2 AY ORDA YATSIN...
“Azadlıq” qəzeti "Azərbaycanda ideal həbsxanalar olduğunu iddia edən generala cavab” verir:

“Penitensiar Xidmətin rəis müavini, general Hüseyn Əlixanov hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun saxlanma şəraitindən danışarkən Azərbaycan həbsxanalarında vəziyyətin ideal səviyyədə olduğunu iddia edib: “Mən hələ ehtiyat edirəm ki, məhkumların yaxşı saxlanması onları yenidən cinayətə sövq edə bilər”.

Əgər vəziyyət həqiqətən Hüseyn Əlixanovun dediyi kimidirsə, o halda niyə Azərbaycandakı cəzaçəkmə müəssisələrindən şikayətlər getdikcə artır?.. Elə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru Oqtay Güləliyev də deyir ki, Hüseyn Əlixanov həbsxanalardakı ideal şəraitdən danışarkən ola bilsin, Azərbaycanı deyil, başqa ölkələri nəzərdə tutub.

Dünyanın ən müasir həbsxanalarının belə, insanlar üçün arzu olunan yer olmadığını vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, insanları yenidən həbsxanaya qaytaran səbəblər tamam başqadır:

“Ölkəmizin cəzaçəkmə müəssisələrindəki şərait, məhkumlarla rəftar dünyanın ən acınacaqlı, ən çətin həbsxanalarıyla müqayisə oluna bilər. Burada korrupsiyadan tutmuş, məmur harınlığı, işgəncəyə qədər ən müxtəlif qanun pozuntularına tez-tez rast gəlinir.

Dekabrın 22-də Elşad Babayevin müəmmalı şəkildə 14 saylı cəzaçəkmə müəssisəsində nəzarətçilər tərəfindən qətlə yetirilməsi və bu cinayətin üstünün bugünə qədər açılmaması, bu hala etiraz edən dustaqlara divan tutulması, onların valideynlərinin incidilməsi, onlara verilən işgəncələr Azərbaycanın cəzaçəkmə müəssisələrindəki real vəziyyəti ortaya qoyur”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanın cəzaçəkmə müəssisələrində çox ciddi problemlər var: “Görəsən, Hüseyn Əlixanovu ikicə ay təriflədiyi cəzaçəkmə müəssisəsində saxlasalar, qayıdıb yenə oradakı vəziyyətə ideal deyərmi?!”

Əli Həsənov
Əli Həsənov

"BİZƏ AĞIL ÖYRITMISİNLƏR..."
"Azərbaycana ağıl, demokratiya öyrətməsinlər" - “Trend”in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransında deyib.

Əli Həsənovun sözlərinə görə, heç kim deyə bilməz ki, Azərbaycanda siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə ona müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina olunub:

“Şura üzvləri hər bir təşkilatın müraciətini dəyərləndirib, sonra onlara qrant ayrılıb. Amma bu gün bizə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti sahəsində ağıl öyrətmək istəyən həmin o bəzi dairələrin, dövlətlərin burada verdikləri qrantlara baxın. İllərdir o qrantları eyni istiqamətlər üzrə eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım olanda Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar.

Çox uzağa getmirəm, bu günlərdə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun keçirdiyi dinləmələrdə iştirak edərək Azərbaycanı təmsil edən QHT-lərə baxın. Onlar bizim yaralı yerimiz olan, neçə illərdir ki, Azərbaycan dövlətinin bütövlüyünü, suverenliyimizi pozan, bizim milli dövlətçiliyimizə ciddi problem yaradan işğal altındakı Dağlıq Qarabağı "təmsil edən" "QHT-lər"lə bir araya gəlib, heç bir etiraz etmədən, heç bir münasibət ortaya qoymadan Azərbaycandakı vəziyyəti “postulatlar” çərçivəsində təhlil etdilər.

Onları burada təbliğ edən qüvvələr - siyasi partiyalar, bəzi mətbuat orqanları da var. Eləsinlər, bu onların öz işidir. Amma Azərbaycana ağıl öyrətməsinlər, demokratiya dərsi keçməyə çalışmasınlar.

Azərbaycana III sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla təlqin etməsinlərr”.

Şöbə müdiri daha sonra QHT-lərin qarşısındakı prioritetlərdən danışıb:

"2015-ci ilin prioritetləri sırasında həm cəmiyyətdə, həm dövlət qurumlarının fəaliyyətində, həm də QHT sektorunun özündə şəffaflıq məsələsi yenə də qalır. Bununla bağlı bəzi təşəbbüslərimiz olub, Milli Məclis qanunlara dəyişikliklər edib.

Bəzi subyektiv maraqlı qüvvələr bizi tənqid edirlər ki, biz bu sahədəki fəaliyyəti çətinləşdiririk. Xeyr. Biz heç bir şeyi çətinləşdirmirik. Biz şəffaflaşdırırıq.

Hər bir fəaliyyət cəmiyyətə bəlli olmalıdır. Əgər cəmiyyətin bu fəaliyyətdən xəbəri yoxdursa, onun cəmiyyətin maraqlarına xidmət etməsi də sual doğurur. Artıq mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmasına başlanılıb. Bu şuraların fəaliyyəti ayrı-ayrı sahələr üzrə QHT-lərin iştirakını da təmin edir.

Mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, sosial strukturların fəaliyyətində, məktəbdən tutmuş ən yüksək dövlət orqanlarınadək şəffaflıq dövlətin vahid prinsipidir. Buna eyni zamanda QHT-lər də qoşulmalı, dəstək verməlidir".​

Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycan “mətbuat, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmır, heç bir dövlətdə bu sahədə vəziyyət Azərbaycandakından yaxşı deyil.

Vəfa Quluzadə
Vəfa Quluzadə

QƏRB KÖRPÜLƏRİ BƏRPA EDİR?
“Yeni Müsavat” qəzeti
yazır: “Qərb Azərbaycanla yandırılmış körpüləri bərpa edir.”

“Adətən rəsmi Bakı Qərbi Qarabağ məsələsinə münasibətdə ikili standartlar sərgiləməkdə ittiham edib və haqlı arqumentlər ortaya qoyub. Xüsusilə də ABŞ Konqresinin hər il işğalçı Ermənistana və separatçı Qarabağ rejiminə milyonlarla dollar yardım göstərməsi Azərbaycanın haqlı narazılığına səbəb olur. Hansı ki, dünya birliyi işğalçı ölkədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini tələb etməli idi.

Vəziyyət o həddə çatdı ki, hətta Azərbaycanın rəsmi mətbuatında ABŞ təcavüzü dəstəkləyən dövlət, prezident Obama isə “ikiüzlü” adlandırıldı. Görünür, Bakının kəskin reaksiyası müəyyən dairələrdə nəzərə alınmağa başlayıb. Elə ABŞ-ın Bakıdakı diplomatının son açıqlaması da bunun əlaməti sayıla bilər.

Lakin Vəfa Quluzadə fərqli düşünür:

“Qərbin tələbləri gündəmdən çıxmayıb. Qərbin tələbləri siyasi islahatlar, demokratikləşmə, eyni zamanda da Azərbaycanın ATƏT, Avropa Şurası qarşısında, Helsinki Aktında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsidir, bu, gündəmdə qalır. Lakin burda gözə çarpan nədir? Qərbin bu dəqiqə Azərbaycanla üst-üstə düşən maraqları var ortada”.

Vəfa Quluzadə güman etmir ki, Qərbin münasibətlərinin yumşalması Azərbaycanın şimala istiqamətlənməsini əngəlləmək üçündür:

“Azərbaycanın Rusiyaya doğru gedişi mümkün deyil. Biz düşmənimizi silahlandırıb torpağımızı işğal edən dövlətlə nə cür birləşə bilərik? Bunu Qərb bizdən yaxşı başa düşür. Bu, sadəcə, siyasi bir oyun kimidir ki, elə olmasa, belə edərik. Ancaq belə etməyə imkanımız yoxdur. Azərbaycanın Rusiya adlı alternativi yoxdur. Azərbaycanın yalnız bir yönlü, qərbyönlü siyasəti ola bilər”.

İlham Əliyev
İlham Əliyev

METRODA TİCARƏT BƏRPA OLUNUR

APA xəbər verir ki, Bakı metrosunun ərazisində iaşə obyektlərinin fəaliyyəti bərpa olunur.

“Bakı metrosunun ərazisində sərnişinlərin hərəkətinə maneə törətməyən ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcək”. Bunu “Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Nəsimi Paşayev sözlərinə görə, bir neçə metro stansiyasında məhdud sayda ticarət obyektinin açılması nəzərdə tutulur:

“Lakin bunlar əvvəllər olduğu kimi, keçidlərdə ticarət obyektinin işləyəcəyi anlamına gəlməməlidir. Hazırda “Koroğlu” və eləcə də digər stansiyalarda bir neçə ticarət obyektinin fəaliyyət göstərməsinə icazə verilməsi məsələsi nəzərdən keçirilir. Bu ticarət obyektlərində ancaq gül, kitab və ya aptek fəaliyyət göstərə bilər. Əsas məqsəd bu obyektlərin heç bir şəkildə sərnişinlərin təhlükəsizliyinə və hərəkətinə mane yaratmamasıdır. Biz sərnişindaşıma işini icra edirik”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG