Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

-

– Mənə bax, – deyirəm, – heç nədən səni içməyə çağırdığımı özünə dərd eləmə ha. Bəzən adamın ürəyindən keçir ki, təsadüfi adamla qarşılaşasan, onunla normal ünsiyyətdə olasan...

Aliq Nağıoğlu

ÖZ İYİNİ UDAN

(hekayə)

– Xırdan olmaaz? – ikimərtəbəli binanın qabağında dayanmış üst-başı kirli kişi mənə müraciət edir.

– Olmalıdır... – tez əlimi cibimə aparıram.

O, əlini idman gödəkçəsinin cibində gizlədərək hansısa səksəkəli ümidlə yana boylanır.

– Bura bax, bəlkə gedək pivə içək? – soruşuram.

Qoca adam qaşlarını qaldırıb, inamsız baxışlarla məni süzür:

– Nə danışırsan?.. Məni ələ salırsan?.. – O, qəzəbsiz, inciksiz desə də, sanki bir az özündə deyil.

– Yox əsla! Mən ciddi deyirəm! Sadəcə olaraq içməyə həvəsim var... Sən istəmirsənmi?

– Niyə ki, əlbəttə, içərəm. Lap elə burda, – qoca inamsızlıqla harasa yuxarı baxır.

– Parkdakı pivəxanaya gedək. Məndə pul var, qonaq edirəm, – bir büküm sarı beşliyi cibimdən çıxardıram. – Həə, gedək!

– Neynək, yaxşı adama oxşayırsan, sənin təklifindən imtina etmək günahdır.

Biz yaxınlıqdakı pivəxanaya girib, hərəmizə bir dolu bokal götürüb boş stolların birinin arxasına keçirik. Qoca hələ də bic-bic gülümsəyib, düz gözlərimin içinə baxır.

– Hə – ə, içək! – O, qəhqəhəylə gülüb, pivəni qaldırır.

– İçirik, – mən “Winston” qutusunu çıxarıb stolun üstünə qoyuram. – Qonaq edirəm, çəkənsən?..

– Mənim öz çəkdiyim var, – qoca pırtlaşıq tüklü başını bulayıb, əli ilə saqqalındakı, bığındakı köpüyü silir. “Prima”dan bir siqaret çıxarıb yandırır.

– Mənə bax, – deyirəm, – heç nədən səni içməyə çağırdığımı özünə dərd eləmə ha. Bəzən adamın ürəyindən keçir ki, təsadüfi adamla qarşılaşasan, onunla normal ünsiyyətdə olasan. Bütün tanışlar iş–gücdədir, həm də onlarla söz–söhbətin çürüyü çıxıb, soyulub sanki, danışmağa bir şey qalmayıb. Get–gedə bir–birindən soruşmağa azar da qalmayıb. Özlərinin də arvadları, uşaqları, məişəti, karyerası... Anladın da...

– Bə nədi, birinci kərə deyil ki. Sənin iş–gücün varmı? Yoxsa buralara təsadüfən çıxırsan?

– Şükür Allaha, işləyirəm. İndi məzuniyyətdəyəm. Bizdə əksəriyyət yayda çıxır, mənsə payızda götürürəm.

– Neyçün belə?

– Ofis işindən dincəlmək üçün. Harasa istirahətə getməyə, doğrusu pulum olmur. Belədə hərdən bir neçə günlüyə dağa qalxıram, ova gedirəm. Evdə qalanda təklikdən darıxıram.

– Sən də qəribə adamsan, – qoca cəsarətlənir. – Dincəlməyi xoşlamırsan... Mən uşaqlıqda “Artek”də olmuşam. İndiyəcən oranın dənizi yuxuma girir, üstündən az qala qırx il keçir.

– Yox əşşi! Nə danışırsan, elə bildim yaşın yetmişdən çoxdu.

– Yaxşı görüm sən də... Yaxınlarda əlli üç tamam oldu. Deyəsən yaxşı qalmamışam, – güləndə çürük dişləri görünür, üzünün qırışlarını kirli əllərilə ovuşdurur.

– Həyat sığal çəkib yəni?

– Bə nədi! Lazım gəlsə, sənə də sığal çəkəcək, andıra qalmış belədi.

– Bura bax, bilirsən nəyə diqqət etmişəm. Mənim müxtəlif tanışlarım var ki, çoxunun vəziyyəti yaxşıdı. Vaysınmaq, qeybət qırmaq günahdır axı! Pullu işləri, köhnə-küləş yox ha, mənzilləri inomarkaları ilə, ancaq daima nəsə məhzunludurlar. Sanki, həyatdan usanıblar, məyusdular, guya heç nə lazımları deyil daha. Hər şey gözlərindən oxunur. Hə-ə, gözlərindən. Şüşə kimidilər... Səni gördüm, kefim açıldı. Durubsan, qəpik – quruş umursan, mövsümə uyğun da geyinməyibsən heç, ancaq canlısan eyy. Onlardan da dirisən. Şən olmasan da, qaraqabaq da deyilsən. Gözlərin gülür.

O, diqqətlə qulaq kəsilib, növbəti siqaretini yandırır:

– Aydındır. Bilirsən niyə belədir? Qoy izah edim... İnsan toxdusa, hər şey olanda, bunu özünə ar bilər. Hərçənd ki bilməməlidir. Mənimsə... demirəm heç nəyim yoxdu, amma lap azdı da. Mən məhzunluğu özümə rəva görmürəm, istəmirəm də bilim. Özümə qapanmağa başlasam, məyus olsam, axşamacan yanımı hansısa hasarın dibinə basıb ötüb – keçənlərdən nəzir umacam... Bir də haçan ki toxsan, səfeh şeylər başını qatacaq. Piyli baş tez dolur, tez də cinlənir. Ancaq bütün bunlar hamısı bizim özümüzdən asılıdır!

Bir güclü qurtuma qalan pivəni uddu.
– Ehh... hər şeyin səbəbi özümüzük. Ən başlıcası, müdriklər necə yazıblar, bizim həyatımız önəmli deyil, əsas onu necə dərk etməyimizdir. Anladın?

– Anladım, anladım, – mən pəncərəyə baxaraq cavab verirəm.

– Axı, başa düş, inomarkalardan da, necə sən deyirdin, evlərdən də, istirahət yerlərindən də, qiymətli əntiq – zinət şeylərindən də aldığın həzz, dan yerinin, yarpaqlardakı şehin şüaları əks etdirməyini gördükdə keçirdiyin ləzzətlə müqayisə edilməzdir. Yaxud, südəmər körpə düz gözlərinin içinə baxır, sadəlövhcəsinə, heç bir səbəbsiz sənə gülümsünür... Əsas olanı gəlib sənə çatanlardı. Onları necə ayırırsan, hansılarını birinci dərəcəli, hansılarını ikinci sayırsan, bu başqa məsələdi.

– Sənin maraqlı fikirlərin var... Bəlkə adama birini də içək?

– İçək, əlbəttə, bütün bunları mən fikirləşməmişəm, özün də qəşəng bilirsən. Düzünü söyləməyə nə var, ancaq yerinə yetirmək...

– Bu ayrı şeydi.

– Elədi, çətindi. Basıb – bağlamağa ustayıq, həm də qlobus boyda bir yerdə, amma işə çatanda... İnsan ruhdan düşməməlidir. Bir dəfə fikirləşdim ki, əgər adam bu vəziyyətdən çıxmasa, ya da çıxmağa cəhd etməsə, nə olar görən? Ümidsizlik, ruhdan düşmə – tədricən özünü öldürməkdi. Mənəvi intihardı, özünəqəsddi... Nəsə sol fəlsəfi mövzuya keçdik deyəsən.

– Yaxşı elədik, sən əla xırdalayırsan... – mən onu sakitləşdirirəm.

– Baxma ki, guya mən küçədə durub dilənirəm, özüm də imam deyiləm axı, həm bədbinəm, həm də içki aludəçisiyəm... Deyəsən, indi yoluna düşür yavaş – yavaş, amma iş sarıdan hələ çətindir.

– Necə ki?

– Əmək kitabçama ziyanlı şeylər yazıblar. Məhkumluğum var, sir – sifətim içkili təsir bağışlayır, daima qızarıbdı guya. Siqaret iyi qoxuyuram, bilmirəm necə olacaq.

– Əmək kitabçanı düzəltmək olar.

– Mən fırıldağa əl atmaq istəmirəm, qoy cəhənnəm olsunlar. Burda bir yerdə dayanıram hərdən. Mənim musiqi təhsilim də var, axı...

– Ay sənin! Rəmiş olarsan, xəbərimiz yox...

– Bilmirəm, ancaq çalanda normal pul atırlar. İstəyirlər çalım, əlbəttə, ödəməlidilər. Ocaq-pir adamsız olmur, necə deyərlər. Alətimdə xırda-para əyər-əskiklik vardı, təmirə vermişəm, o səbəbdən nə olsa, ona qailəm.

– Hamıda olur belə hallar...

– Görürsən ki, ruhdan düşməmişəm. Sənin özündə ümidsizlik olmur məyər?

– Belə də, düzü qabaqlar məndə daima olurdu, indi gahda-güzarda. Elə ki, qüssəli oluram, çalışıram onu özümdən kənarlaşdırım. Bügünkütək...

– Allah eləsin!.. Hava qaralır.

– Tələsirsən ki?

– Yox, pivə qurtardı.

– Yenə içirsən, ya bəsdir?

– Əgər içsən, içərəm,– sakit gülüşlə cavab verir.

– İçək, içək, nəsə lap zəifdi. Təsiri yoxdu sanki.

– Su qatırlar yəqin.

– Aha, yəqin qatırlar, həşəratlar.

– İki dənə də təkrar edin, – ofisianta qışqırıram. Stoldakı bulaşıq qabları siniyə yığan oğlanın qəmgin üzü bir anlığa əyilsə də uzaqlaşır. Belə yerdə işləyənlərin hamısı eynidir, təbəssümləri də elə bil pulladır.

– Bilirsən,– tanışım fikirli halda dillənir. – Mən artıq on ildir ki, öz uşaqlarımı görmürəm.

– Kədərli durumdasan.

– Anaları qoymadı, sonra da böyüdükcə pozuldular. Məni itirib axtarmadılar. Görünür, pis ata olmuşam.

– Baş verənlər elə-belə ötüb keçən hadisə deyil.

– Qabaqlar çətindi, sonra öyrəşdim. Sənin ailən, uşaqların var?

– Hələlik yoxdu. Belə getsə, olacağına da inanmıram.

– Bilirsənmi, mənim atam da, – dodaqlarından çıxan dairəvi tüstünü tavana üfürür, – yava adam idi. Mən özüm də uşaq olanda, ağlım kəsib böyüdükcə, fikirləşirdim ki, heç vaxt onuntək olmayacağam. Amma yox! Zaman gəldi, özüm də ata oldum, əvvəl – əvvəl maraqlıydı, şadyanalıq, ora – bura... Sonra hər şey itdi sanki... Geriyə baxanda gördüm ki, yaxşı cəhənnəm, pisdən də qaça bilmədim. Sənsə... ailəyə elə – belə yanaşma. Haçan hər şey yerindədi, hərçənd ki bu da çox nadir hallarda olur, ailə adama çox şey verir. Bax gör, hamı necə yaşayır.

– Çox əclaf mənzərədi...

– Ancaq sən heç dərdə batma. Öz qəlbinlə, ağlınla, sevincinlə, kədərinlə yaşa. Özünə cavabdeh ol. Vicdanla yaşamağa çalış. Əgər belə yaşaya bilsən, özündə harmoniya saxlaya biləcəksən.

– Bəzən rahatlıqdan da çox pis oluram...

– Yox, bu dinclik deyil, laqeydlikdi. Şair deyir ki, həyatda xoşbəxtlik yoxdu, dinclik və azadlıq var... – o gülür.

– Demədin axı, harda yaşayırsan?

– Zirzəmidə. İkinin üçə bir otaqda.

– Darısqal deyil?

– Tək adama–yox. Özüm öz iyimi uduram...

– Yaxşı, – qalan pivəni başıma çəkirəm, – gecdir, gedək.

– Mən əmrə müntəzirəm! – o da son damlaları sümürüb sevincək sol əlini sinəsinə vurub dikəlir. – Qonaqlıqçün sağ ol. Tanışlığa görə məxsusi təşəkkürlər!

– Dəyməz, – mızıldanıram.

Biz bir-birimizin əlini sıxıb, toranlıqda əks istiqamətlərə üz tuturuq.

2005-ci il

Günün bütün mövzuları

XS
SM
MD
LG