Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:11

Həkimlər belə deyir - ona dərin düşünmək olmaz


-

Yeni imza

Fərid İbrahimli

ZAMAN VƏ ŞÜUR

Bəlkə biz heç yoxuq, mövcud deyilik,
Kimlərinsə yuxularıyıq, xəyallarıyıq,
İnsan başına bit düşən kimi,
Bəlkə əzab veririk yer dediyimizə!?

Zaman - bu adı bizmi verdik,
Nəyə verdik adı hərəkətəmi, hərəkətsizliyəmi?
Düşmən evində əsir olan üçün,
Xəstə yatağında olan üçün,
Sevgi qucağında olan üçün,
Zaman birmidir!?

Bir bədəvi tək səyahət etdik,
İstidə, səhranın ortasında.
Səyahətimiz hansı zamanda başladı?
Hansı zamanda bitdi?
Can verən xəstənin yanan ciyərinə bir qurtum su çatana qədər...

Ürək illərə, aylara hesabladı həmin zamanı,
Ürək fikirləşdi: bu səhra, bu susuzluq nə uzun?
Qədərim ölümdüsə, ölümüm nə uzun?
Səyahət bitdi, su ciyərə çatan kimi ...

Başladı daha uzun yolçuluq,
Sorğular, suallar,
Bir imtahan oldu,
Allahın hüzurunda,
Sözə başladı gözəgörünməz.

Aman... Bu yolçuluq daha çətin...
Şüurum yenə mənə hiylələr qurur,
İndi də deyir zaman yalan imiş,
Bunu sənin şüurun uydurdu,
Sən bir ruhsanmış, qalxdın göylərə,
Ya cənnət, ya cəhənnəm.

İnsan - bitmədimi sənin yolçuluğun?
Ölmədimmi bəs sən?
Şüurun bədənini niyə əsr edir?
Bəlkə sən həqiqətən bir günahkarsan.
Baban Adəmin səhvini,
Tarix yoğurub, yoğurub sənə çatdırdı…
Cilalandı şüurun əzablarla,
O əzab səyahətdən başladı, yaşamaqdan başladı,
Sən elə bildin, yaşadın, elə bildin öldün,
Amma sən nə yaşamadın, nə ölmədin.
Sən zamanı qovdun əzablarla dolu həyatınla,
Səhranın istisiylə, qışın soyuğu ilə,
Sənə bu yolda, nə ağlın yardımçı oldu, nə şüurun?
Onlar səni aldatdılar, zamana boyun əydirdilər.

O isti, o soyuq hardaydı?
Ulduzların altında, Yerin qucağında, Bir xəstənin yatağında,
Zamanla müharibədə yaralanmış insanın ürəyində.

Yaralanmış insanın ürəyində isti və soyuq bir-birinə qarşı dayandı,
Xatırladı körpəliyini, gəncliyini,
Aman... Zaman onu necə aldatmışdı...
Onu gah xoşbəxt, gah bədbəxt etmişdi...

O nələr düşünürdü?
Xəstə yatağında... Bəlkə düşünməsin...
Dayansın... Axı ona dərin düşünmək olmaz – həkimlər belə deyir...
Düşünməsin dayansın... Amma dayana bilmir, elə hey düşünür,
Səhvlərini, düzlərini hesablayır,
Artıq o sağ və sol çiynindəki mələyə çevrilmişdi,
Haqq-hesab aparırdı, ürəyi ilə, şüuru ilə.

Artıq zaman yox idi,
O neçə gün, neçə ay, neçə il düşündüyünü unutmuşdu,
Çünki o artıq ölmüşdü, soyumuşdu bənizi...
O zamanı, zaman onu itirmişdi...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG