Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:15

ABŞ prezidentlərinin illik çıxışlarında adı çəkilməyən 66 ölkə


Barack Obama
Barack Obama

.

21 yanvar Qərb mediasının icmalında oxu

Washington Post ABŞ prezidenti Barack Obamanın illik çıxışında toxunduğu məsələlərdən yazır və xatırladır ki, 2002-ci ildə prezident George W. Bush Şimali Koreya, İran və İraqın adını çəkərək onları "Şər Məhvəri" adlandırıb.

"Prezidentlərin illik çıxışlarında bir çox ölkələrin adları çəkilib, bəziləri digərlərindən daha çox qeyd olunub. ABŞ-ın son 9 prezidenti Çin, Yaponiya, Koreya (ya Şimali, ya Cənubi, ya da ancaq Koreya)" və Sovet İttifaqı yaxud Rusiyanın adını azı bir dəfə çəkiblər," müəllif yazır.

The Washington Post prezidentlərin adlarını çəkmədiyi ölkələrin siyahısını hazırlayıb. 1964-cü ildən edilən illik çıxışlara baxanda 70-dək ölkənin adının birbaşa çəkilmədiyi qeyd olunur. Məsələn, İrlandiya, Belçika kimi Avropa ölkələrinin, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Banqladeşin adları çəkilməyib. Latviya, Estoniya kimi ölkələr "Baltik", Monteneqro, Sloveniya isə "Yuqoslaviya" kimi qeyd olunub.

Ancaq xəritədə Orta Asiya, Qərbi və Mərkəzi Afrika ərazilərində böyük ərazilər onu göstərir ki, bu regionlar ümumiyyətlə yada düşməyib. Müəllifin yazdığına görə, illik çıxış ABŞ liderlərinə imkan verir ki, dünyanı necə gördüklərini izah etsinlər.

Qeyd edək ki, Azərbaycan da adları illik çıxışa düşməyən ölkələr sırasındadır.

Ermənistan daha Rusiyaya bel bağlaya bilməz

Aljazeera.com ermənistanlı təhlilçi, Yerevanda yerləşən Regional Araşdırmalar Mərkəzinin direktoru Richard Giragosian-ın məqaləsini dərc edib.

Richard Giragosian
Richard Giragosian

Yazıda qeyd olunur ki, rusiyalı əsgərin erməni ailəsinin üzvlərini qətlə yetirməsi Ermənistanın Rusiya ilə təhlükəsizlik münasibətlərinə dair gərgin debatlar doğurub. Müəllifin fikrincə, Ermənistanın Rusiyaya təhlükəsizlik baxımdan etibar etməsinin səbəbi qonşu Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi, Türkiyə ilə "normal" diplomatik münasibətlərin olmaması və sərhədlərin bağlılığıdır. Türkiyə erməni genosidini tanımadıqca, bu hədənin miqyası da böyüyür.

"Balaca, hər tərəfdən quruyla əhatələnmiş Ermənistan üçün Rusiya ilə strateji alyans belə bir təhlükəsizlik fonunda vacibdir. Ermənistan həmçinin Rusiyada yaşayıb işləyən ermənilərin evlərinə göndərdiyi pul vəsaitlərindən asılıdır".

Müəllif daha sonra rusiyalı əsgərin törətdiyi qətlin Gümrüdə yaratdığı gərginlikdən bəhs edir, yazır ki, prezidentin matəm günü elan etməməsi və hər hansı bəyanat verməməsi gərginliyi daha da artırıb. Qətlə yetirilmiş ailənin dəfninə heç bir rəsmi gəlməyib. Bütün bunların fonunda Gümrüdəki bazanın təhlükəsizliyi ətrafında suallar yaranıb.

Giragosian-ın fikrincə, bu faciə çox pis vaxtda baş verib. Birincisi, Rusiyanın təzyiqi altında, Ermənistan Avropa Birliyi ilə azad ticarət sazişini ertələyib və Rusiyanın rəhbərlik etdiyi Avrasiya İttifaqına qoşulub. İkincisi, Rusiyadan Azərbaycana davamlı olaraq silah və qabaqcıl silah satılması daha çox inamsızlıq yaradıb. Və nəhayət Rusiyaya qoyulan sanksiyalar üzündən Ermənistan valyutası düşməyə başlayıb.

"Bütün bunlar Ermənistanın Rusiya ilə "tərəfdaşlığında" simmetriyanın və bərabərliyin olmadığını üzə çıxarıb. Görünən odur ki, Ermənistanın Rusiyaya bel bağlamasında peyda olan bu gözlənilməz problemlər tezliklə aradan qalxmayacaq," Giragosian yazır.

İŞİD bu ay İraqda onlarla edam həyata keçirib

İŞİD-çilər
İŞİD-çilər

Bu ay İslam Dövləti (İD) silahlı qruplaşmasındakı yaraqlılar İraqda onlarla adamı edam edib. Bu barədə çərşənbə axşamı BMT məlumat yayıb. New York Times yazır ki, hesabatda kişi, qadın və uşaqların "qəddar və qeyri-insani" cəzalandırıldığı bildirilir.

İŞİD kimi tanınan İD-nin üzvü olduqları deyilən iki nəfərin əlləri bağlanaraq güllələnib. Homoseksual hərəkətlərdə ittiham olunan daha iki nəfər isə evin damından atılıb. BMT bildirib ki, "rəhmsiz qətllər" insan həyatına etinasızlığın daha bir nümunəsidir.

BMT-yə görə, daha bir neçə edam tipli qətl də araşdırılır. Üstəlik, İD-nin nəzarətində olan ərazilərdə qayda-qanunlar, özəlliklə cəmiyyətin zəif təbəqələrinə, qadınlar, uşaqlar, etnik və dini icmalara hücumların qəddarlığı ilə xarakterizə olunur. Məsələn, ötən il İD yaraqlıları əsir götürdükləri yezidi qadınlarını qul kimi satıb.

Rusiya "arzuolunmaz təşkilatlar"la bağlı qanun hazırlayır

Amnesty International
Amnesty International

Rusiyada "arzuolunmaz xarici təşkilatları" qadağan edən qanun layihəsi hazırlayır. Amnesty İnternational bildirir ki, bu, ictimai tənqid məkanını məhdudlaşdırmağa yönələn addımdır. Layihə yanvarın 20-də Dövlət Dumasında birinci oxunuşda qəbul olunub.

Layihədə "ölkənin müdafiə gücünə və təhlükəsizliyinə, yaxud ictimai asayişə və ya səhiyyəyə təhlükə yaradan beynəlxalq təşkilat" kimi qarışıq bir anlayışdan danışılır. Məqsədin də "konstitusiya quruluşu, mənəviyyat, digər şəxslərin hüquqları və qanuni maraqlarını" qorumağın olduğu bildirilir.

Amnesty International-ın Moskva ofisinin direktoru Sergei Nikitin deyib ki, bu layihə hakimiyyətin fundamental azadlıqlar və müstəqil vətəndaş cəmiyyəti qruplarının işinə necə sürətlə hücuma keçdiyini göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG