Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:09

Bir göbələkdir şair...


Xosrov Barışan
Xosrov Barışan

-

ARAZIN O TAYINDAN

Xosrov Barışan

AYRILIQ İŞGƏNCƏSİ

(Leylaya)

Ürəyimi çatlatdı, partlatdı eşq maqması;

Bir parçası səndə qaldı ürəyimin,

Bir parçası onda.

Eee…y köçəri sevgilim,

Mənə bir vətən göstər

Ürəyimi toplamağa.

BU MAŞIN

Bir yol

Mindim bu maşına, yo... karıxdım

Mindirildim bu maşına,

Yox, ey-vay karıxdırıldım.

Hər nəysə..;

Minmişəm maşına;

Pox yemişəm,

Bağışla.

Əlbəttə məndə heç bir suç yox.

Mindirən kim?

Bəlli deyil!

Minən kim?

O da bəlli deyil!

Maşın nə maşın?

Maşındakılar kim?

Bəlli deyil!

Sadəcə tanıtdırdıqları ölçüdə tanıyıram.

Maşının içi sıxan-sıxan, basan-basan...

Hər zaman dava var burada!

Maşının qapılarıysa talaqqa.

Ay şöfer qardaş,

Qapı açılır;

Miniklərdən düşdü, ey-vax!

Bura bax;

Hər nə qədər düşür, Yenə başqası minir!

Şöfer yoldaş,

Maşına minəli

Sürürsən yorulmadan.

Səni dalıdan görənmirəm!

Sənə görə hərə bir söz söyləyir.

Ancaq bilirəm ki sürücü bir nəfər olmazsa

Maşın aşar.

Barı sən özüvü tanıtdıraydın.

Ay şöfer qardaş,

Yoldaş

Fərmandan bir əl çək;

Soruşduqlarımı cavabla.

Getdiyin yol

Bəlli deyil! Çatacağın yer

Bəlli deyil! Səbəb, nədən

Bəlli deyil!

Mən isə

Hər zaman

Bir əksik yanım vardır.

Bir ideal qurmaqdayam;

Sevdamı?

Nədir?

Bilmirəm!

Görünür ki

İşin sonu enməksə əgər

Qapını açdım,

Özüm düşəm.

Al kirayəni, şöfer qardaş.

İstəməz;

Kəsiyi sənə qalsın.

Mən getdim.

GÖBƏLƏK

Bir göbələkdir şair;

Göyərər

Hər yağışdan sonra...

İÇDİM TƏBRİZİN IŞIQLARIN...

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqlarını, söndüm!

Günəş görünməyirdi.

Ucu görünməz bir göydələniydi

Dayandığım.

Umudlarım malatsız kərpiç.

Korlar bülvarında bir heykələ dönüşdüm!

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqlarını, kefləndim!

Bir qatar böyüdü şəhər qədər,

Altından mən geçdim.

Sığındım barmaqlarıma;

Göz yaşlarım

Orgumun klaviyələrində

Səni axtardı.

Tikrarən çalınmalı

Bir melodiydi yaşadıqlarımız!

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqların,

Qamaşdı gözlərim!

Yerə çırpıb

Sındırdım qaba tutulmuş əksivi.

Beynimə batır indi

Şüşəsinin hər sınığı

Dalbadal qanadan xatirələr kimi...

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqlarını,

Tumdum!

Gözlər yan-yana açılıb, yumuldular,

Gözlər pəncərələr oldular,

Açılıb

Addımlarımı uddular!

Milçəkiydim mi?!

Işıqlara doğru mu uçdum

Bağlı pəncərələrdə?!

Uşaqıydım mı?! Suallar trafikində tıxanıb qaldım:

-Ay canı yanmış ((Pinəkiyo))

Haradasan?

Gəl, gör;

Bizim bu yerdə

((Spaydırmən)) yaxşı niyyət uğruna

Uzanan burunlardan

Tor toxumuş

İlişib özü də qalmış torda,

Nə yazıq..!

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqların,

Bulandım!

Bilməm ki kim

Beynimizi

Pambıq edib

Toprağımıza əkdi!?!

((Ruhullah Ərdəm))

((Günəş)) kafəsində

Duman oldu!

((Rəsul Məlikoğlu))

Həyatını

Corab hördü

Hansı məliklərin ayağına?!

((Xosrov Barışan));

Hər zaddan küsüb,

Öz içinə

İlişib qaldı!!!

((Babək Nəhreyn)) honərmənd şod!

Ey-vay ((Dumanlı Təbriz))im...

((Ey-vay Anam))...

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqlarını,

Qusdum!

Modelim heç bir reklamçının xoşuna gəlmədi!

Yaymadı kimsə şeirlərimi!

Paltar yuyan maşınıydımmı!?

Fırladıb, çırpıb yudum;

Şeirlərimin paltarını ürəyimdə;

Birdən-birə

Ortaya çıxdın sən!!!

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqların,

İtdim!!!

Qaldım iki ayna arasında

Birisi sənin gözlərin...

O birisi də

Gözlərin sənin...

Hansı yoldan getsəm, bitməz!

Bilinməz bir sevda kimi.

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqların,

İnanmadım!

Mindiyin uçağın gürültüsü

Boğdu sənə oxuduğum ((Şikəstə))ni.

Düşmənimiz böyütdü uşağımızı!

Sənlə ((Matriks))ə baxdım.

Sənə ((Matriks))dən baxdım.

Nəysə...

Hər ikisi də bir komediydi.

Sən qıdıqladın,

Mən qaqqıldadım...

Ürəyimi bir ləbləbiçidənmi aldın?!!

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqlarını,

Gördüm.

Gözlərimdə böyüdü uşaqlığım.

((Qumpaniyəs.., köməkiyəs...))

Yumdum gözlərimi.

((Dalıda qalan, qabaqda qalan; şövbə...))

Şövbələndim!!!

Sağım, solum; şövbə...

((İran))la ((Turan)) birləşmişdi!!!

Mindiyimiz soğana bənzər bir ((Jiyan))ıydı.

((Alan duz)) ((Əlqələndis)) oldu!

Ölsəydim;

Filim bitəcəkdi...

((Tehran))daydımsa;

İçdim ((Təbriz))in ışıqlarını,

Ayıldım.

Şair dedimsə də;

Kimi zaman ürək işçisi, Kimi zaman söz qurumsağı..!

LEYLAYA - 4

Adımızı soruşsalar sevgilim;

Mənim adım yalqızlıq, Sənin adın gecə.

Gözlərin xəyanət vitrini olmasın, saqın.

Mən sənlə anlama çatar.

Sən məndə anlama çatar.

Bir bulud geçər qalabalıqlar üzərindən;

O bulud mənəm.

Və ulduzlar xəlvət küçələrin addımlarından başlanar, göydə sayılmaz.

Sırrlar səndən başlanar,

Məndə çözülməz.

Səni sevmək

Suallara dalmaqmış demək!

Özümü düşüncəmdən asıram!

Səndə hələ Leyladan Mövlaya çatacaqdım.

Getmə, sənsiz əksiyəm inan.

Sənin qızlığında,

Qızıllığında gecənin basılmışam.

Mən bir körpəyəm, canım,

Döşlərivi əmsəm böyüyərəm.

Ah...

Bir göyərçin olub uçsam gözlərində..,

Göy utansa..,

Yağış yağsa..,

Yalnız ıslansa şairliyimin başmaqları..,

Kəlmələrin gəlişində sürünsəm, sürünsəm..,

Ürəyim ağzıma gəlsə..,

Ağlamadan ölümdən qaça bilsəm;

Şair olardım mən də.

Bu duvar, duvar deyil

Məni səndən ayırmasa.

Bu topraq, topraq deyil

Məni səndə quylamasa.

Bu trafik, trafik deyil

Şeir olub yazılmasa.

Şeir deyil ki bu yazdığım..,

Söz doğrayıram nisgil tiltəsinə.

Hər kəs sənə ulduz deyə

Özüm sənə ay demişəm.

Bir qurd olub ulayıram.

XS
SM
MD
LG