Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:12

Azərbaycanda jurnalist qətlləri AŞ PA-nın müzakirəsində


.

Qətlə yetirilən Azərbaycan jurnalistləri AŞ PA-da müzakirə edilir

Yanvarın 20-də “Azadlıq” yazır: “Azərbaycanda jurnalist qətlləri AŞ PA-nın müzakirəsində."

Qış sessiyasında Elmar Hüseynovla Rafiq Tağının qətlə yetirilməsinin araşdırılması tələb olunacaq”

Qəzet Avropa Şurası Parlament Assambleyasınınqış sessiyasında Avropada mətbuat azadlığının müdafiəsilə bağlı hesabatın müzakirə olunacağını bildirir. Artıq AŞ PA-nın saytında qətnamənin layihəsi çap olunub:

“Layihənin bəndlərindən birində Avropa Şurasına üzv ölkələrdə qətlə yetirilmiş jurnalistlərin məsələsi qaldırılıb. Burda qətlə yetirilmiş azərbaycanlı jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının da adı qeyd olunur. Azərbaycan da daxil olmaqla jurnalist qətlləri həyata keçirmiş ölkələrdən bu cinayətlərin hərətərəfli araşdırılması tələb edilir”.

Səməd Seyidov
Səməd Seyidov

Səməd Seyidov Avropa Şurasının öz müqəddəratı haqqında düşünməli olduğunu deyir

Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya müsahibəsində deyib ki, AŞ PA-nın hər sessiyasında gərginlik yaratmağa cəhdlər olur. Bu sessiya da yəqin istisna olmayacaq:

“Sözsüz ki, biz də öz sözümüzü deyəcəyik. Amma bu gün Avropa Şurası o səviyyədə deyil ki, Azərbaycana hansısa bir məsələni diktə eləsin. O öz müqəddəratı və öz gələcəyi haqqında daha çox düşünməlidir, nəinki Azərbaycanda gedən hansısa proseslər barədə...

Hazırkı vəziyyətə istinadən onu deyə bilərəm ki, rəsmi olaraq AŞPA-nın gündəliyində Azərbaycanla bağlı hansısa məsələ yoxdur”.

Səməd Seyidov yerli mətbuatda Azərbaycan hüquq-mühafizə orqanlarında çalışan bir sıra yüksək çinli məmurlara qarşı sanksiyaların tətbiq olunması barədə yayılan xəbərə də münaisbət bildirib:

“Avropada hazırda gedən proseslər Avropanın özünün müqəddəratını və taleyini şübhə altında qoyur. Bəzi qüvvələr, qurumlar süni şəkildə Azərbaycana qarşı hansısa tədbirlərin görülməsinin tərəfdarıdır, onlar öz fikirlərini başqalarına da yaymaq istəyirlər.

Əslində Avropa Azərbaycanla əməkdaşlıqda həddindən artıq maraqlıdır. Çünki Avropanın həll edə bilmədiyi məsələni Azərbaycan burada həll edir. Avropa bu gün çaş-baş qalıb, xristian, müsəlman və yəhudi icmaları arasında birlik tapa bilmir, bununla bağlı suallar qarşısında acizdir. Bu gün Almaniyada mitinqlərə qadağa qoyublar, Fransada sosial şəbəkədə yazılan yazıya görə insanlar həbs olunur, Böyük Britaniya sərhədlərini bağlamaq qərarına gəlib və sair... İndi görürsünüz ki, orada hansı hadisələr baş verir?

Biz onlara deyirik ki, siz vaxtında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlar olmadan, gecikmədən mövqeyinizi ortaya qoysaydınız, bu gün sizin nə icmalararası probleminiz olardı, nə Ukraynadakı problemlər, nə da hansısa terror aktları baş verərdi.

Vaxtında proseslərə düzgün qiymət verilsəydi, Avropa bu gün başqa ölkələr, başqa icmalar üçün birlik nümunəsinə çevrilərdi. Amma bu gün Avropada gedən proseslər onu nəinki cazibədar nümunəyə çevirir, əksinə, Avropadan qaçma meyllərini formalaşdıran tendensiya yaradır. Bütün bunlara rəğmən Avropa bu gün Azərbaycanla bağlı mənfi nəsə etsə, özü özünə etmiş olacaq.

Bunu mən tam məsuliyyətlə deyirəm. Avropa bu gün oturub düşünməlidir ki, indiyə qədər “Şərq tərəfdaşlığı”, Avropa Birliyi, Avropa Şurası çərçivəsində apardığı siyasət niyə müsbət nəticələr vermədi? Deməli, siyasətlərində ciddi korrektəyə ehtiyac var”.

Deputat Azərbaycan- ABŞ arasında münasibətlərin gərginləşməsi haqda deyilənlərə də toxunub:

“Dünyanın bəlkə də ən aparıcı ölkəsi olan ABŞ-ı nəzərdə tutaraq deyirik ki, Azərbaycan artıq 15 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan qüdrətli, güclü və ən əsası, millətin maraqlarını yüksək səviyyədə həyata keçirən dövlətdir. Azərbaycan hansısa ölkələrin maraqlarını ödəmək yox, hər şeydən əvvəl öz xalqının maraqlarını ödəməyi əsas götürür.

Hansısa ölkə Azərbaycanda öz maraqlarını xalqdan üstün tutaraq tətbiq etmək istəyəcəksə, bu, mümkün olmayacaq. Bunu birdəfəlik dərk etmək lazımdır.

Söhbət ondan gedir ki, Azərbaycan apardığı siyasətlə xalqı və ölkəni yüksək pillələrə gətirib çıxarıb və bu düzgün siyasət xalqa xidmət edir. İndi bu, kimi və niyə narahat edir?

Bizim yeganə tələbimiz odur ki, əməkdaşlıqda Azərbaycanın da maraqları nəzərə alınsın. Azərbaycanla hesablaşmaq lazımdır”.

Arxiv fotosu: Bakıda orta məktəblərdən biri.
Arxiv fotosu: Bakıda orta məktəblərdən biri.

Müəllimlər ixtisar olunur?

“Yeni Müsavat” qəzeti bu yaxınlarda Bakıda attestasiyaya cəlb edilmiş orta məktəb müəllimlərinin iş yükü və maaşlarının artırılması barədə prezidentin qərarını şərh edir. Qəzetə görə bu, müəllimlərin ixtisarına gətirib çıxara bilər:

“Ölkədə attestasiyadan keçən müəllimlərin maaşlarının artırılmasından danışan ekspertlər bildirirlər ki, proses natamam olmaqla bərabər, yaxınlaşan ixtisarların da müjdəçisi hesab edilə bilər. Yəni, müəllim ordusunun bir hissəsinin maşını artırmaqla hökumət gələcəkdə ixtisarlar üçün zəmin hazırlayır."

İqtisadçı ekspert Rövşən Ağayev qəzetə bildirib ki, hazırkı müəllim sıxlığı şəraitində dərs yükünün 18 saata çatdırılması çox çətin görünür:

“Xüsusilə də müəllimlərin sıx olduğu şəhər yerlərində pedaqoji heyətin bir hissəsini ixtisar etmədən dərs yükünün 50 faiz artırılması mümkün görünmür. Əks halda, müəllimlərin ən azı 65-70 faizinin tam stavka ilə (18 saat) işləməsi mümkün olmayacaq. Tam stavka ilə işləməyən müəllim isə bu artımdan tam bəhrələnə bilməyəcək.

Çünki əgər ixtiyari müəllim 18 saat əvəzinə yenə də 12 saat stavka ilə işləməlidirsə, onun faktiki aldığı maaş indikindən kəskin fərqlənməyəcək.

Hazırda Bakı, Gəncə, Naftalan, Mingəçevir kimi iri şəhərlərdə hər 5-6 şagirdə 1 müəllim düşür. Rayon mərkəzlərində bu göstərici 7-8, kəndlərdə isə 9-dan yüksəkdir. Hesablamalar göstərir ki, indiki müəllim heyətinin ən azından 25-30 faizi ixtisar edilmədən dərs yükünün artırılması çətindir”.

Ekspert həmçinin bildirib ki, sərəncamda maaş artımı 2 dəfə göstərilsə də, hər saat üçün real artım 30%-dən də az olacaq.

Arxiv fotosu. Dənizdə neft qazma qurğusu
Arxiv fotosu. Dənizdə neft qazma qurğusu

Neft Fondu pul kisəsinin ağzını bağlayır

“Bizim yol”un önə çıxardığı məqalələrdən birində qeyd edir ki, Dövlət Neft Fondu 2015-ci il büdcəsi layihəsində bir sıra strateji və sosial layihələr üzrə xərclərini azaldıb:

“Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib. Qeyd edək ki, DNF-nin xərcləri və gəlirləri icmal büdcədə göstərilən proqnozdan təqribən 500 milyon manat az nəzərdə tutulub.

Beləliklə, 2014-cü ilin proqnoz büdcəsi ilə müqayisədə neftin satışından əldə olunan mənfəətdən daxil olacaq vəsaitlərin həcmində 1,4 milyard manat azalma gözlənilir. Fondun aktivlərinin idarə olunmasından əldə ediləcək gəlirlərdə isə 114,7 milyon manat artım proqnozlaşdırılıb”.

Qəzet daha sonra yazır ki, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xərclərdə iki dəfə azalma müşahidə edilir.

“Əlbəttə, bunun səbəblərindən biri bu istiqamətdə işlərin böyük hissəsinin görülməsi, şəhərciklərin salınmasıdır. Amma Bakı-Tiflis-Qars dəmiryolu xəttinə ayrılan vəsaitin artırılması bir qədər təəccüb doğurur. Çünki 7 ildən çoxdur tikintisi davam edən dəmiryolunun inşasının bu ilin əvvəlində başa çatması gözlənilir. Amma bu istiqamətdə vəsaitdə əhəmiyyətli artım müşahidə edilir.

Eyni vəziyyət Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına da aiddir. Uzun illərdir ki davam edən layihəyə Fond bu il həmin xərclər bölməsində vəsaitin həcmini 10 milyon manata yaxın artırıb.

O ki qaldı icrası dayandırılan layihələrə, bunlar Türkiyədə inşa olunan "Star" neft emalı kompleksinin, habelə Bakıdakı Neft-Qaz və Neft-Kimya Kompleksinin tikintisidir. Carı il hər iki layihənin maliyyələşdirilməsinin Dövlət Neft Fondu vasitəsilə həyata keçirilməsi məhdudlaşdırılır.

Qeyd edək ki, sözügedən layihələrin maliyyələşməsində həmçinin Dövlət Neft Şirkəti də iştirak edir. Çox güman ki, SOCAR bu öhdəliyi 2015-ci ildətəkbaşına yerinə yetirməli olacaq.

Bundan əlavə, 2014-cü ilin büdcəsində yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsi üçün 100 milyon manat ayrılması nəzərdə tutulsa da, 9 ayın nəticələrinə görə ARDNF tərəfindən maliyyələşmə həyata keçirilməyib. Fondun 2015-ci ilin büdcə xərclərindən isə, ümumiyyətlə, sözügedən layihə çıxarılıb”.

Bakıda Sovet tankları. Yanvar 1990
Bakıda Sovet tankları. Yanvar 1990

20 Yanvar qırğını rəsmi qəzetlərin əsas mövzusudur

Yanvarın 20-də qəzetlər, xüsusən də rəsmi qəzetlər 25 il öncə sovet qoşunlarının Azərbaycan paytaxtına müdaxiləsiilə bağlı məqalələr dərc ediblər. “Azərbaycan” qəzeti yazır: “Təcili yardıma da aman vermirdilər”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov xatırlayır:

“Məlumat daxil oldu ki, Bakı-Mərdəkan yolunda bir təcili yardım maşınımız atəşə tutulub. 10-cu (Mərdəkandakı) yarımstansiyamızın əməkdaşı, həkim Aleksandr Marxevka çağırışa gedən zaman vurulmuşdu. Türkan-Mərdəkan yolunun kəsişməsində güllədən yaralanmış bir nəfərə yardım göstərməyə gedirmiş. Çağırış yerinə çatarkən təcili yardım maşınını gülləboran ediblər. Dəhşətlisi o idi ki, həkim maşında yaralıya “sistem” köçürən zamanı vurulmuşdu. “Sistem” şüşəsi əlində qalmışdı...”

Deputatlar Hüseynbala Mirələmov qəzetdə “Qürur günü”, Tahir Rzayev isə ”Cəlladın Nobel mükafatı” adlı məqalə ilə çıxış edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG