-
ABŞ Məxfi Xidməti bildirir ki, yanvarın 17-də axşam ABŞ vitse-prezidenti Joe Biden-in Delavardakı evi yanından keçən maşından çoxsaylı atəş açılıb. Biden və həyat yoldaşı həmin vaxt evdə olmayıblar.
Məxfi Xidmət yanvarın 18-də bildirib ki, atəş axşam 8:25-də, evin perimetrində yerləşən ictimai yolda açılıb. Atəş səslərini Qrinvildəki rezidensiyada duran Məxfi Xidmət əməkdaşları eşidib. Onların dediyinə görə, maşın evin yanından yüksək sürətlə keçib və gözdən itib.
CNN Məxfi Xidmət əməkdaşına istinadla xəbər yayıb ki, yerli polis bir nəfəri maşınında həbs edib. O, həmin ərazinin uzaq perimetrini qoruyan zabiti ötüb keçməyə çalışıb. CNN həmin şəxsin bu insidentə aidiyyatı olmadığını bildirir.