Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:16

“Sunday Times”: Tony Blair Azərbaycanla bağlı Britaniya parlamentində sorğu-sual ediləcək


Tony Blair Bakıda, 1 dekabr 2009

Tony Blair Bakıda, 1 dekabr 2009

-

Britaniyanın keçmiş baş naziri Tony Blair “gəlirləri və gizli maliyyə imperiyası barədə” parlament qarşısında sorğu-sual ediləcək.

Britaniyanın “Sunday Times” qəzeti yazır ki, keçmiş baş nazir “Azərbaycanın despotik rejimi” tərəfindən dəstəklənən qaz kəmərinin “məsləhətçisi” kimi qazanmağa hazırlaşdığı milyonlarla funt sterlinq pulla əlaqədar suallara cavab verməli olacaq.

Parlament təşəbbüsü qaydasında təklif olunan müzakirədə söhbət baş nazirlərin vəzifədən getdikdən sonra xarici ölkələr üçün gördükləri işin müqabilində əldə etdikləri gəlirlərin şəffaflığından və hesabatlılığından gedəcək.

“Sunday Times” qəzetinin baş məqaləsi şəklində dərc olunmuş yazıda deyilir ki, Tony Blair indiyədək bu cür hesabat verməkdən boyun qaçırıb, çünki indi o, rəsmən nə millət vəkili, nə də Lordlar Palatasının üzvüdür.

2006-cı il. Britaniyanın baş naziri Tony Blair (sağda) və Qazaxıstan prezidenti Nursultan Nazarbayev, London

2006-cı il. Britaniyanın baş naziri Tony Blair (sağda) və Qazaxıstan prezidenti Nursultan Nazarbayev, London

Qazaxıstan və Azərbaycan biznesi

Mövcud qaydalara görə, baş nazirlər vəzifələrini tərk etdikdən yalnız azı iki il sonra “məşvərətçi” kimi fəaliyyət göstərə bilərlər.

Qəzet yazır ki, Tony Blair-in müştəriləri arasında Qazaxıstan prezidenti Nazarbayev də var və keçmiş baş nazirin məsləhət firması bu ölkədəki işinə görə ildə 8 milyon funt sterlinq qazanıb.

Bu da qeyd olunur ki, Blair həmçinin Azərbaycan qazını Avropaya daşıyacaq kəmərin məsləhətçisi kimi yeni sifarişi üzərinə götürüb. “Sunday Times” xatırladır ki, Azərbaycan hökuməti bu yaxınlarda vətəndaş cəmiyyəti üzərinə hücumlarına görə ABŞ tərəfindən kəskin tənqid edilib.

Tony Blair-in ofisi onun qazandığı pulların miqdarı barədə iddiaların uydurma olduğunu bildirsə də, heç bir rəqəm açıqlamayıb.

“Şəxsi varlanma yolunu tutan Blair...”

Parlamentin mühafizəkar üzvü Andrew Bridgen deyib ki, keçmiş baş nazirlər vəzifələrini tərk etdikdən sonra ictimai həyatlarını Nolan prinsipləri kimi tanınan 7 prinsip üzərində qurmalıdırlar.

Bu prinsiplərə aşkarlıq və hesabatlılıq da daxildir.

Millət vəkili bildirib ki, “şəxsi varlanma yolunu tutan Blair, ictimai maraqlarla şəxsi maraqlar arasındakı sərhədi aşındırıb”.

O deyib ki, cənab Blair istefadan sonra xarici ölkədə işləyən ilk keçmiş baş nazirdir, lakin ictimai xadim olaraq qaldığı halda, heç bir hesabat vermək istəmir.

Parlamentə hörmətsizlik

Tony Blair

Tony Blair

“Sunday Times” yazır ki, mövcud qanunlara görə, Tony Blair keçmiş baş nazir kimi ictimai fəaliyyət üçün indi də dövlətdən pul yardımı almaq hüququna malikdir.

Məqalədə deyilir ki, 2012-13-cü illər üçün Tony Blair bu hesabdan da maksimum mümkün olan məbləği - 115 min funt sterlinqi artıq alıb.

Bu da bildirilir ki, ötən həftə Tony Blair Şimali İrlandiya məsələsi ilə bağlı parlament komitəsinə dəvət olunsa da, gəlməyib və beləliklə, ölkənin ali məclisinə “hörmətsizlik” göstərib.

Məxfi məşvərətçi

Britaniya mətbuatı yazır ki, Tony Blair vəzifəsini tərk etdikdən sonra böyük “biznes-xeyriyyə” imperiyası qurub və hazırda onun dəyəri 100 milyon funt sterlinqdir.

“Sunday Times” bildirir ki, keçmiş baş nazir bunun yalnız 20 milyonunu etiraf edib.

Qəzet yazır ki, Səudiyyə Ərəbistanının "PetroSaudi" adlı şirkəti ilə bağlanmış sazişə görə Tony Blair-in firması həmin şirkətin istənilən uğurlu biznes aktı üçün gəlirin 2 faizini əldə etməlidir.

"PetroSaudi" bildirir ki, bu sazişə görə Tony Blairin rolu məxfi qalmalıdır.

Blair-in mürəkkəb sxemi

Tony Blair bir neçə şirkətdən ibarət mürəkkəb strukturlu biznes qurub və özü də etiraf edir ki, “bunu müştərilərinin yersiz sorğu-sual edilməməsi” üçün düşünüb.

“Sunday Times” yazır ki, Blair-in başqa bir biznes sazişi onun Azərbaycan qazını İtaliyaya nəql etməli olan və “Cənub dəhlizi” kimi tanınan, habelə BP ilə Azərbaycanın dövlət neft şirkəti - SOCAR tərəfindən maliyyələşdirilən kəmər layihəsindəki “məsləhətçi” roludur.

Məqalədə deyilir ki, Blair bu roluna görə xüsusi məşvərət palatasında oturacaq və "Goldman Sachs" bankının sədri Peter Sutherland da bu palatanın üzvüdür.

Qəzet xatırladır ki, Tony Blair və Sutherland 2007-ci ildə BP-nin 450 milyon funt sterlinqlik neft sazişini imzalamaq üçün birlikdə Liviyaya səfər ediblər. Sutherland BP-nin keçmiş rəhbəridir.

Reputasiya problemi

BP bildirir ki, bu layihədə Tony Blair siyasi, ətraf mühit və “reputasiya problemləri” ilə bağlı məsləhətlər verəcək.

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson deyib ki, Tony Blair bu işin texniki baxımdan Azərbaycan rejimi ilə bağlı olmadığını söyləyə bilər, lakin SOCAR dövlət şirkəti kimi məhz hökuməti təmsil edir.

Williamson bəyan edib ki, Tony Blair ya Qazaxıstan və Azərbaycanda insan haqlarının pozulmasına görə səsini ucaltmalı, ya da heç olmasa bu ölkələrin hökumətləri ilə işləməkdən çəkinməli idi.

Parlament təşəbbüsünün müəllifi Andrew Bridgenin verdiyi məlumata görə, Tony Blair bu layihə ilə bağlı iki illik müqavilə bağlayıb və ilə 6 milyon funt sterlinq maaş alacağı gözlənilir.

“Sunday Times”ın yazdığına görə, Tony Blair-in sözçüsü bildirib ki, sözügedən layihə Britaniya hökuməti və Avropa İttifaqı tərəfindən dəstəklənir, o ki qaldı cənab Blair-in əldə edəcəyi qazanc barədə rəqəmlərə, onlar şişirdilib və tamamilə uydurmadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG