Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11

«Ukraynada müxalifətlərarası dava başlanır»


«Biz bütünlüklə müxalifətə keçmək qərarını verdik»

«Biz bütünlüklə müxalifətə keçmək qərarını verdik»

Oktyabrın 19-da prezident partiyası olan «Bizim Ukrayna»nın hökumətdə olan 5 nazirinin hamısıistefa verdi. Almaniyanın «DPA» agentliyi yazır ki, bazar iqtisadiyyatı, demokratiya tərəfdarı olan partiyanın belə zəifləməsi ona gətirdi ki, bu gün bu partiyanın boşaltdığı 5 nazir kürsüsünü torpaq islahatı əleyhinə olan sosialistlər, kapitalizm əleyhinə olan kommunistlər və oliqarxpərəst Regionlar partiyası bölüşdürəcək.

«Biz bütünlüklə müxalifətə keçmək qərarını verdik»-bunu Bizim Ukrayna partiyasının liderlərindən olan Roman Bezsmertnı deyib.


Prezident partiyasının müxalifətə keçməsi, öz nazirlərini də hökumətdən çıxartması qəribə səslənir, ancaq, «Kiyev Post» qəzeti yazır ki, bu son hadisə qüvvələr nisbətini yalnız üzə çıxartdı.


«Bizim Ukrayna»nın boşaltdığı nazir kürsülərini torpaq islahatı əleyhinə olan sosialistlər, kapitalizm əleyhinə olan kommunistlər və oliqarxpərəst Regionlar partiyası bölüşdürəcək
Prezident Yuşenkonun tərəfdarlarından ibarət olan «Bizim Ukrayna» partiyası Radanın, yəni Ukrayna parlamentinin cəmi 18 faizinə nəzarət edir, müqayisə üçün, baş nazir və Yuşenkonun siyasi rəqibi olan Yanukoviçin Regionlar partiyası Radada yerlərin 40 faizini tutur və parlament çoxluğunu yaradan koalisiyaya başçılıq edir.


2004-cü ildə «narıncı inqilab» edənlərin parlamentdə azlıqda qalması inanılmaz görünə bilər, ancaq, «narıncı inqilabçı»lar əslində parlamentin 43 faizinə sahibdirlər. Sadəcə olaraq yerlərin 25 faizini tutan Yuliya Timoşenko bloku ilə 18 faiz yeri olan «Bizim Ukrayna» bloku kompromisə gələ bilmirlər.


«Bizim Ukrayna»nın müxalifətə nə üçün keçməsi bir çox problemləri də üzə çıxardır. Blokun hökumətdə cəmi 5 naziri var idi. Amerikadakı Demokratiya Naminə Yeni Layihə adlanan təşkilatın direktoru Anriy İqnativ isə bildirir ki, əslində hökumətdə olan bu nazirlərin heç biri Bizim Ukrayna partiyasının üzvü olmayıblar.


Maraqlı sual yaranır-hazırda istefaya gedənlərin partiya mənsubiyyəti olmadan nazir postuna namizədlikləri necə irəli sürülüb? Oxşar situasiyaya Azərbaycanın da siyasi sistemində rast gəlinib. 1993-cü ildə Rəsul Quliyev hakim YAP tərəfindən Milli Məclis sədrliyinə namizədliyi irəli sürüləndə onun partiya üzvü olmadığı üzə çıxmışdı.


Cənab İqnativ deyir ki, «Bizim Ukrayna»dan hesab olunan nazirlər «narıncı inqilab»ın qəhrəmanı, iş adamı və blokun liderlərindən biri Poroşenkoya yaxındırlar.


Nazirlərin istefasından sonra prezident Yuşenkonun Nazirlər Kabinetində cəmi iki adamı qalır- Xarici İşlər və Müdafiə nazirləri. Ona görə ki, həmin strukturların rəhbərlərini konstitusiyaya görə birbaşa prezident təyin edir.


«Bizim Ukrayna» müxalifətə keçəndən sonra onu hansı perspektivlər gözləyir? Blokun təmsilçilərindən olan Roman Bezsmertnı deyib ki, onun partiyası «Avropa Ukraynası» adında müxalifət konfederasiyası yaratmaq istəyir və bütün müxalifətçiləri buna dəvət edir.


Yuliya Timoşenkonun blokundan olan Anaroli Seminoha isə «Azadlıq» radiosuna bildirib ki, «Biz koalisiyanı artıq yaratmışıq, «Bizim Ukrayna»nın yenidən velosiped icad eləməkdənsə, gəlib bizə qoşulmağı daha yaxşıdır».


«Azadlıq» radiosunun əməkdaşı Maksimyuk hesab edir ki, prezident partiyasının parlament fraksiyasının Timoşenko bloku ilə birləşməsi ağlabatan görünmür. Belə olduğu təqdirdə «Bizim Ukrayna» Timoşenkonun liderliyini etiraf eləməli olacaq. «Bizim Ukrayna» isə hətta inqilabdan sonrakı parlament seçkilərində belə Timoşenko ilə birləşmək istəmədi, halbuki birləşsəydi, parlamentdə bəlkə də əksəriyyəti qazanardılar. Maksimyuk yaranmış vəziyyəti bir cümlə ilə belə qiymətləndirir – «Ukraynada artıq hakimiyyət-müxalifət mübarizəsi yox, həm də müxalifətlər arası dava başlanır».


Günün bütün mövzuları

XS
SM
MD
LG