Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

“Charlie Hebdo” qətliamını törədən terrorçu adsız məzarda dəfn edilib


Belçika polisi Verviyer şəhərində yolları bağlayıb.
Belçika polisi Verviyer şəhərində yolları bağlayıb.

Qərbi Avropa boyunca terror şübhəlilərinin tuthatutu başlanıb.

Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına basqın edərək 12 nəfəri qətlə yetirmiş qardaşlardan biri - Said Kouachi adsız məzarda dəfn edilib.

Said Kouachi ötən cümə,gecə saatlarında, vaxtilə yaşadığı Reims şəhərində məxfi qaydada torpağa tapşırılıb.

Reims şəhərinin meri Arnaud Robinet deyib ki, o, məzarın “fanatiklərin ziyarətgahına” çevrilə biləcəyindən ehtiyat etdiyinə görə bu dəfnə etirazını bildiribmiş, lakin qanun qarşısında geri çəkilməli olub.

Şəhər bələdiyyəsinin yaydığı bəyanatda deyilir ki, “asayişin pozulması riskini aradan qaldırmaq və bu faciəli səhifəni mümkün qədər tez çevirmək üçün” dəfn prosesi son dərəcə qısa olub.

Məzarın yeri gizli saxlanır

Said Kouachi-nin vəkili bildirib ki, onun dul xanımı dəfn mərasiminə gəlməyib, beləki jurnalistlərin onu izləyəcəyindən və beləliklə, məzarın harada yerləşdiyinin aşkar olunacağından ehtiyat edib.

Jurnalın redaksiyasına basqından iki gün sonra, yanvarın 9-da Said Kouachi və onun kiçik qardaşı Cherif Parisin şimalındakı sənaye məhəlləsində polis tərəfindən öldürülüblər.

Cherif Kouachi-nin Paris ətrafında yerləşən Jenevilyers şəhərində dəfn ediləcəyi gözlənilir.

Elə həmin gün Parisin yəhudi supermarketində 4 nəfəri öldürmüş üçüncü yaraqlı - Amedy Coulibaly-nin harada və nə vaxt dəfn ediləcəyi barədə məlumat verilməyib.

Coulibaly həmçinin polis qadının öldürülməsində şübhəli bilinir.

Prezident bazarı gəzib

Bu arada şənbə günü Tul şəhərində bazarı gəzən prezident Francois Hollande deyib ki, “fransız xaqlı başına gəlmiş müsibətdən ləyaqətlə çıxıb”.

“Biz əlbəttə, bilirik ki, təhlükələr hələ də qalır, - deyib Hollande, - lakin həyat öz axarında davam etməli və biz bir millət kimi daha da güclü olmalıyıq”.

“Bu bizim verə biləcəyimiz ən yaxşı cavabdır” – deyib Fransa prezidenti.

Bütün Fransa boyu şəhər və qəsəbələrin küçələrinə 15 min əlavə polis qüvvəsi çıxarılıb.

Belçika - ən böyük cihadçı vətəni

Qonşu Belçikada da ordu hazırlıq vəziyyətinə gətirilib.

Orada, ölkənin şərqindəki Verviyer şəhərində ötən cümə axşamı iki terror şübhəlisi polis tərəfindən öldürülüb.

Brüssel və Antverpen şəhərlərində 150 əsgər keşik çəkir və qarşıdan gələn həftələrdə onların sayı iki dəfə artırılmalıdır.

Belçika adambaşına düşən cihadçıların sayına görə Qərbi Avropada birinci yeri tutur.

Bəzi təxminlərə görə, İraq və Suriyadakı 5000-dək əcnəbi döyüşçüdən 300-450-si buradan gedib.

Ölkənin özündə isə 500 min müsəlman yaşayır.

Belçika 2011-ci ildə üzün bağlanması ilə tam hicablanmanı qadağan edib.

Tuthatut

Bu həftəsonu da Avropa boyunca terror narahatlığı və gərginliyi davam edib.

Parisdə bir silahlı poçtxanada bir neçə nəfəri girov götürüb, lakin polislə qarşıdurmadan sonra təslim olub.

Rəsmilər bildirirlər ki, bu hadisənin terrorla əlaqəsi hələ araşdırılır.

Belçika polis idarələrində 13-dək şübhəli dindirilir.

Fransa polisi bildirib ki, ötən həftə “Cahrlie Hebdo” jurnalına və supermarketə basqın etmiş terrorçulara kömək göstərməkdə şübhəli bilinən 12 nəfər həbs olunub.

Polis xəbər verir ki, Belçika və Parisdəki insidentlərin əlaqəli olmasını göstərən əlamətlər aşkar edilməyib.

Almaniyada 12 evə və bir məsçidə reyd keçirən polis 2 nəfəri həbs edib.

Polis bu şəxslərin Suriyaya döyüşçü səfərbər edən qrupun üzvləri olmasından şübhələnir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG